10 İyul 2015 19:17
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Hüseyn Bağırov son illərdə Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq sahədə əldə edilən nailiyyətlərdən danışıb. Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ölkədə aparılan ardıcıl ekoloji siyasət barədə ABŞ səfirinə məlumat verib.

Qeyd edilib ki, son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və əvvəllər ölkə ərazisinin 11,4 faizini təşkil edirdisə, hazırda 11,8 faizədək artıb. Meşə fonduna daxil olmayan ərazilərdə yaşıllıqların artırılması sahəsində də nəzərəçarpacaq işlər görülüb.

Son 4-5 il ərzində Bakı və Abşeron yarımadasında 3613 hektar ərazidə 4,6 milyon ədəd, müxtəlif bölgələrdə 1800 hektar sahədə 1,2 milyondan artıq ağac əkilib.

Amerikalı diplomata bildirilib ki, bu və ya digər mühüm ekoloji layihələrin həyata keçirilməsi ilə paralel olaraq xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Vəhşi təbiətin mühafizəsi istiqamətində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.

Səfir Robert Sekuta Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ekologiya sahəsində əldə edilən uğurların şahidi olduğunu bildirib, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra etdiyini qeyd edib.
Görüşdə 2015-ci ilin sonunda Parisdə keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına hazırlıq ilə bağlı məsələlərə toxunulub.

Müzakirə zamanı hər iki ölkə tərəfindən iqlim dəyişmələri üzrə yumşaldılma tədbirlərinin aktivləşdirilməsi, həmçinin iqlim dəyişmələrinin təsirlərinin azaldılması və itkilərin minimuma endirilməsi üçün adekvat adaptasiya tədbirlərinin həyata keçirilməsinin, ümumiyyətlə Azərbaycan ilə ABŞ arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da aktivləşdirilməsinin vacibliyi vurğulanıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər