Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib. QMİ-dən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən iclasda Şuranın üzvləri və İdarənin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Allahşükür Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyələrini səsləndirib.
İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olunub. Din xadimlərinin çıxışlarında bu məsələyə dair açıqlamalar verilib. Bildirilib ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir.
Halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupunun yaradılması qərara alınıb. Qazı Faiz Nağızadə başda olmaqla, 5 nəfərdən ibarət həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirilib. Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil olublar.
Qazılar məscidlərdə oxunan moizə və xütbələrin səviyyəsinin daha da yüksəldilməsi, dini-mənəvi, milli dəyərlərimizin daha dərindən təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi zərurətini də xüsusi vurğulayıblar.
İclasda din xadimləri üçün təkmilləşdirmə kurslarının yaradılması, din xadimlərinin attestasiyası prosesinin dini kadrların bilik, bacarıq və vərdişlərinin yüksək səviyyəyə qaldırılması işinə xidmət etdiyi, eləcə də Qazılar Şurasının və Elmi-Dini Şurasının tövsiyə və qərarı ilə son illər kitab və vəsaitlərin çap olunması işlərinin davam etdiriləcəyi qeyd olunub.
SEVİNC