"Azərbaycan ərazisinin 100%-li 3-cü nəsil örtüyünə malik olduğu 40 ölkə sırasındadır".
Teleqraf.com-un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
O, qeyd edib: "Möhtərəm cənab Prezident! Sizin rəhbərliyinizlə ölkəmizdə sosial iqtisadi sferanın bütün sahələrində olduğu kimi, hesabat dövründə, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilmiş və bu sahədə bir sıra uğurlara imza atılmışdır. Belə ki, sektorda gəlirlərin artımı 12% təşkil etmişdir ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1.5 dəfə yüksəkdir. Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin uyğun dövrünə nisbətdə təxminən 6% artmış, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilmişdir".
Nazir bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən, ölkəmiz ərazisinin 100%-li 3-cü nəsil örtüyünə malik olduğu 40 ölkə sırasındadır: "Stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində, hesabat dövründə, əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət verilmişdir. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunmuş və beləliklə, Azərbaycan kəndlərinin 80%-i müasir standartlara cavab verən, həmçinin, genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasıya şəbəkəsinə qoşulmuşdur".
Ə.Abbasovun sözlərinə görə, hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib: "Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75%, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65%-dir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər".
O bildirib ki, radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin etmiş və BTİ-nin bu uğura imza atmış 50 ölkə sırasına daxil olmuşdur: "İndi biz MTRŞ ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkəmizdə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərində və İnternet radio və televiziyalar vasitəsi ilə əhalinin təkcə Azərbaycan yox, həmçinin yüzlərlə xarici teleproqramlara çıxışı təmin olunmuşdur.
Ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilmişdir. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa, sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları uyğun təşkilatlara çatdırır".