"Milli Məclis mətbuat qədər, hətta mətbuatdan da çox demokratik qurumdur. Ona görə də demokratik fikir mübadiləsində yaxından anlamaq çox vacib şərtdir. Millət vəkillərinin giley-güzarı ondan ibarət olur ki, Milli Məclisin gördüyü işlər, qəbul etdiyi qanunlar, qanunların həyata keçirilməsi, qanunlarla ortaya çıxacaq məsələlərlə bağlı analitik yazılar azdır. Bu yazıların deputatlara faydası ola bilər".
Trend xəbər verir ki, bunu bu gün Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Komitə sədrinin sözlərinə görə, bu ilk növbədə Milli Məclisdə fəaliyyət göstərən, akkreditasiya olunmuş jurnalistlərə aiddir: “Çünki onlar bizimlə bir yerdədirlər, Milli Məclisin mətbəxinə bələddirlər. Onların tənqidi yazıları, münasibətləri bütövlükdə jurnalistikaya təsir edə bilər”.
N.Cəfərov qeyd edib ki, Milli Məclislə mətbuat arasındakı münasibətlər daha yaxşı olmalıdır: “Milli Məclis mətbuatdan narazı deyil. Amma hərdən narazılıqlar da olur. O narazılıqlar daha çox informasiyanın dəqiq çatdırılmaması və deyilən sözlərin təhrif edilməsi ilə bağlı olur”.