18 Aprel 2014 12:08
4 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Videokameralardan razılıq edənlər də var, narazı olanlar da...

“Mən bağçaya getmirəm, orda üstümə qışqırırlar, sup yedizdirirlər, müəllimə bizi zorla yatızdırır...” Bu sözlər övladı bağçaya gedən əksər valideynlərə tanışdır. Bu vəziyyətdən isə nəinki uşaqlar, heç valideyn də məmnun qalmır. Amma bu narazılıqlar keçmişdə qalmış sayıla bilər. Çünki artıq yeni tikilən və təmir olunan bağçalarda quraşdırılmış videokameralar vasitəsilə valideynlər gün ərzində övladlarına nəzarət edə biləcəklər.

Bu yenilik ölkədəki əksər özəl bağçalarda neçə illərdir tətbiq olunur. Hazırda isə dövlətə məxsus müəssisələrdə reallaşdırılır. Aprelin 1-də təmirdən sonra açılışı olan Binəqədi rayonundakı 177 saylı və 193 saylı körpələr evi-uşaq bağçalarına baş çəkdik, müəssisə kollektivinin və valideynlərin yeniliyə münasibətini öyrəndik.

“Videokamera iddialara son qoyacaq”

177 saylı müəssisənin rəhbəri Pəri Qocayeva deyir ki, bağçalarda videokameraların quraşdırılması valideynlə bağça arasında illərdən bəri yaranan narazılıqlara da son qoyacaq: “Çox vaxt valideynlər iddia edirlər ki, bağçalarda uşaqlara qarşı yaxşı davranılmır, onlara yüksək səviyyədə qulluq göstərilimir. Fikrimcə, bağçalarda quraşdırılan videokameralar vasitəsilə deyilən bu iddialara son qoyulacaq. Yəni valideynlər özləri bağçada onların övladlarına göstərilən qayğını da, əgər varsa çatışmazlıq, onu da izləyə biləcəklər”.

Bağça müdirəsi hələ ki, müəssisəyə monitor vasitəsilə yalnız onun özünün nəzarət edə bildiyini və ayın sonunadək valideynlərin də bu xidmətdən yararlana biləcəyini dedi: “Bağçamız hələ bir neçə gündür istifadəyə verilib, hələ serverdə müəyyən işlər yekunlaşmayıb. Ayın sonunadək valideynlər bizə müraciət etməklə serverə giriş parolunu öyrənib, evdə kompüter vasitəsi ilə övladlarını bağçada olan müddətdə izləyə bilərlər”.

Tərbiyəçi kameradan niyə qorxur?

Tərbiyəçilərin bəziləri isə yeniliyə etiraz edir. 193 saylı bağçanın adının çəkilməsini istəməyən tərbiyəçisi deyir ki, bu, bəzi “kapriz”li valideynlərin bir az da aqressiv olmasına gətirib çıxaracaq: “Məsələn, 2-3 yaş arası uşaqları ”qarşok"a öyrətmək, yedizdirmək çox çətindir. Bunu əksər anaların hətta özləri belə bacarmır. Biz də balacaları öyrədəndə yüngül də olsa, məcbur edirik. Ən azından uşağa yeməyini yeməyəndə israr etməli olursan, amma valideynlərin çoxu bunu təzyiq kimi başa düşür. O üzdən, məncə, videokameralar valideynlərlə bağça arasında anlaşılmazlıq yaradacaq".

Qeyd edək ki, əksər xarici ölkələrdə artıq bu sistem qurulub. Bizdə isə yalnız özəl bağçaların bu baxımdan təcrübəsi olduğunu nəzərə alıb onların bir-neçəsi ilə əlaqə saxladıq.

Ayda 300-dən 600 manatadək ödəniş edilən, müasir tələblərə cavab verildiyi deyilən özəllərdə vəziyyət qənaətbəxş sayıla bilər. “Leylək” uşaq bağçasının işçisi Nigar Rəsulova deyir ki, müəssisədə kamera sistemi var, amma onlayn deyil. O, valideynin etirazı olacağı təqdirdə kameraların açıldığını bildirdi.
“Kids Home” uşaq bağçasından isə videokameraların olduğunu və onlayn sistemdə işlədiyini bildirdilər. Mərkəzin əməkdaşı sistemin onların işinə müsbət təsir etdiyini bildirdi: “Düşünürəm ki, videokameranın olması bizi məsuliyyətli etməklə yanaşı, həm də valideynlər qarşısında güvənli olmağımıza zəmanət verir”.

Kameranın özünü də izləyən lazımdı

“Uşaq Hüquqları” QHT Alyansının sədri Nazir Quliyev yeniliyin müsbət tərəflərini vurğulasa da, sistemə müdaxilənin qaçılmaz olduğunu bildirdi: “Videokamera vasitəsilə valideynin uşağı izləməsi praktikası xarici ölkələrdə çoxdan tətbiq edilir. Bizdə də bu sistemin tətbiq edilsə, zorakılığın qarşısının alınmasına müəyyən təsiri ola bilər. Onlayn baxış imkanı olmadıqda, kameraların quraşdırılması mənasızdır.

Rəhbərlik istədiyi halda kameranın yaddaşını silə bilər. Valideyn isə hər gün gedib bağçadakı kameralara baxa bilməz. Bu, baş aldatmaqdan başqa bir şey deyil”.

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə də uşaq bağçalarına kameraların quraşdırılmasını müsbət hal sayır: “Bu kameralar təkcə valideynin övladına nəzarəti üçün deyil. Kamera vasitəsilə həm də müəssisənin təhlükəsizliyi təmin olunacaq. Təbii ki, ən üstün cəhəti odur ki, valideynlər işdə, evdə ola-ola tərbiyəçinin onun övladı ilə necə davrandığını müşahidə edə bilir. Bağçada uşaqlara verilən qidaya nəzarət olunacaq”.

Kəmalə Ağazadə də kameraların işləkliyinə nəzarəti vacib sayır.

Üç yaşdan sonra

Bu mövzuda pediatrların da məsləhəti var. 20 saylı uşaq poliklinikasının sahə üzrə pediatrı Gülhəqiqət Həmidova deyir ki, uşaqların 3 yaşına qədər bağçaya göndərilməsi məsləhət deyil: “Əgər ana isləyirsə, bu müddət ərzində işinə fasilə verməlidir və əmək qanunlarına əsasən 3 illik analıq məzuniyyətinə çıxmalıdır. Evdar qadınlar isə bu dövrdə uşaqları ilə bir yerdə olmağa çalismalidirlar. Çünki uşaq 3 yaşına qədər ailə mühitinə ehtiyac hiss edir.

Adətən, uşaqlar 3 yaşına qədər danışa bilmir və fikirlərini düzgün ifadə etməkdə çətinlik çəkirlər. Ona görə də bağçada ona göstərilən nə qayğını, nə də xoşagəlməz davranış olarsa, onu başa sala bilmir. Beləliklə də valideyn uşağın bağçadakı durumundan xəbərsiz qalır. Belə olan halda videokameralar valideynlərin köməyinə çata bilər".

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər