İşsizlikdən sığorta sistemi əlillər və əhalinin sosial cəhətdən həssas qruplarının nümayəndələri üçün yeni iş yerləri yaratmağa imkan verəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib: "Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mən ayrıca olaraq işsizlikdən sığorta sisteminin yaradılmasının zəruriliyini vurğuladım. Bu onunla əlaqədardır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aktiv məşğulluq, xüsusilə də əhalinin sosial cəhətdən həssas qrupları ilə bağlı tədbirlərin keçirilməsi üçün kifayət qədər vəsaitə sahib deyil",
Nazir qeyd edib ki, ölkədə işsizlikdən sığorta mövcuddur, lakin onunla bağlı ayrıca tarif yoxdur: "Hazırda bu tarif icbari dövlət sosial sığorta üzrə ayrılan vəsaitlərin 25 faizinə daxildir. Lakin bu haqlara görə nazirlik yalnız işsizlik üzrə müavinətin ödənilməsi üçün pul alır".
S.Müslümov ayrıca olaraq işsizlikdən sığorta sisteminin yaradılmasının zəruriliyini vurğulayıb: "Buradan vəsaitlərin bir hissəsi əlil və əhalinin sosial cəhətdən həssas qruplarının nümayəndələri üçün yeni iş yerlərinin açılması məqsədilə istifadə ediləcək".