21 İyul 2015 13:15
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər Hava Nəqliyyatında soyuq silah aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb. Yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

Əliyev İlqar Talışxan oğlu izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: