Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədinin Dostları Mətbuat Klubunun təşkilatçılığı, “cafeMedia“nın təşkilati dəstəyi ilə “Mənim Mətbuat Katibim” layihəsi keçirilib.
Layihənin müəllifi Gülşanə Mustafayeva Teleqraf.com-a məlumat verərək əsas məqsədin jurnalistlərlə əməkdaşlıq edən nazirliklərin, digər dövlət qurumlarının mətbuat katiblərinin peşə bayramını təbrik etmək olduğunu açıqlayıb.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak edib.
Tədbir milli mətbuatın 140 illik yubileyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra layihənin ideya müəllifi Gülşanə Mustafayeva jurnalistləri xüsusi hazırlanmış seçki qutusunun ətrafına dəvət edərək ən fəal mətbuat katibinə səs verməyə çağırıb.
Səsvermənin nəticələrinə əsasən, Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova I yerə layiq görülüb. Digər yerlərin sahibləri də iştirakçılar da diplom və Fəxri Fərmanlarla təltif ediliblər. Eyni zamanda, mətbuat katibləri və jurnalistlərə peşə bayramları münasibətilə hədiyyələr verilib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva milli mətbuatımızın 140 illik tarixindən danışıb, dövlətin hər bir sahəyə olduğu kimi, mətbuata da diqqət və qayğısından söz açaraq, son illərdə bu sahənin inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.
Naibə QURBANOVA