23 İyul 2015 11:29
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə tələbələrə müasir tipli yataqxanalar tikilir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) növbəti tədris ilinə hazırlıqlarla bağlı tədbirlər görülür.

Universitetin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar kənd təsərrüfatı sahəsində yeganə ali təhsil müəssisəsi olan universitetin bazasında müasir tələblərə cavab verən 2 yataqxana kompleksi tikilməkdədir.

Hər yataqxanada 630 nəfər (cəmi:1260) tələbənin yerləşdirilməsi nəzərdə tutulur, otaqların hamısı 2 nəfərlikdir. Yataqxanalardan biri 2015-ci ilin sentyabr-oktyabr aylarında digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcək. Hər 2 yataqxana eyni layihə əsasında tikilir və bu yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişətləri ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulub. Universitetin əsas tədris korpuslarının yerləşdiyi ərazidə yataqxanaların istifadəyə verilməsi müasir standartlara cavab verən kampus sisteminin formalaşdırılmasına, habelə beynəlxalq layihələr çərçivəsində xarici ölkələrlə müəllim-tələbə mübadiləsinə geniş imkanlar yaradacaq.

Bundan başqa görülən işlər sırasında ADAU-nun baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi növbəti tədris ilinə hazırlıq işlərində əsas yerlərdən birini tutur. Belə ki, “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə fakültənin nəzdində ümumi sahəsi 72 kvadrat metr olan “Qapalı balıqyetişdirmə laboratoriyası” yaradılıb, 2 növdə 2 mindən çox balıq yetişdirilməsinə başlanıb.

Laboratoriyada tələbələr balıq kürüsünün alınması, mayalandırılması məsələlərindən başlayaraq, balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edərək, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına da yiyələnirlər.

Universitetdə heyvandarlığın müxtəlif sahələri, o cümlədən arıçılıq üzrə də mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində qurulması məqsədilə müvafiq işlərə başlanılıb. Belə ki, arıçılığın iqtisadi əhəmiyyətini nəzərə alaraq, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində arıçılıq məhsullarının istehsalı laboratoriyasının tədris ilinin başlanğıcınadək istifadəyə verilməsi nəzərdə tutulub.

Universitetin aparıcı fakültələrindən olan aqronomluq fakültəsinə müasir laboratoriya avadanlıqlarının alınması ilə yanaşı, burada binanın döşəməsinin tamamilə yenilənməsi işləri davam etdirilir. Ötən tədris ilində binanın istilik sistemi yenidən qurulmuş, torpaqşünaslıq, bitki mühafizəsi laboratoriyaları üçün yeni avadanlıqlar alınıb.

Universitetin aqrotexnologiya fakültəsində “istehlak mallarının ekspertizası və marketinqi” və “qida məhsulları mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığının təkmilləşdirilməsi, tələbələrin praktiki bilik və vərdişlərinin inkişaf etdiirilməsi məqsədilə müasir laboratoriya avadanlıqları alınmış və 2 auditoriyada quraşdırılıb.

Universitetin iqtisadiyyat korpusunda 2-aqrobiznes və idarəetmə, aqrar iqtisadiyyat fakültələri yerləşməklə, burada 1200-ə yaxın tələbə təhsil alır. Qeyd olunan fakültələrin ixtisaslarına tələbatın yüksək, vahid sahəyə düşən tələbənin sayının çox olmasını nəzərə alaraq, korpusun arxasında olan, vaxtilə istifadə edilməyən və istifadəyə yararsız olan binalar əsaslı şəkildə təmir olunur, internet, istilik sistemi, kompüterlər, ağıllı lövhələr, mebel dəstləri, parta və yumşaq stullarla təchiz edilir.

Məlumatda daha sonda bildirilir ki, ADAU 2015/2016-cı tədris ilinə müasir maddi-texniki baza, informasiya texnologiyaları, laboratoriya avadanlıqları, tələbə yataqxanaları, bütövlükdə yeni tədris mühiti ilə başlamağa hazırlaşır.

Sevil


Müəllif:

Oxşar xəbərlər