23 İyul 2015 23:37
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin I yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 milyon manat sığorta haqqı toplanıb.

Bu barədə dünən keçirilən mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. O, bu göstəricinin 2014-cü ilin eyni dövrünə nisbətən 14,3 faiz çox olduğunu vurğulayıb: “Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz çoxdur. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub”.

Həyat sığortası bazarında yığımların 17,5 faiz, ödənişlərin isə 8,8 dəfə artdığını deyən assosiyasiya sədri 2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 27,2 faizi və yaxud 65,9 milyon manatının həyat sığortasının payına düşdüyünü bildirib: “Ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17,5 faiz böyüyüb. Həyat sığortasındakı yığımların təxminən 56,3 faizi və ya 37,1 milyon manatı həyatın yaşam sığortasının, 31,9 faizi və ya 21 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,5 faizi və ya 7,6 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,3 faizi və ya 162,2 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb”.

Bildirilib ki, yarım il ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 30,6 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 33,3 faizini təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 8,8 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 90,5 faizin və ya 27,7 milyon manatı həyatın yaşam sığortasının, 5,8 faizi və ya 1,8 milyon manatı həyatın ölüm halından sığortasının, 3,7 faizi və ya 1,5 milyon manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 46,5 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 6,2 manat olub.

2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 176,5 milyon manatı və ya 72,8 faizi qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 13,2 faiz böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 23,8%-i və ya 42 milyon manatı tibbi sığortanın, 20,4%-i və ya 36,1 milyon manatı avtomobillərin icbari sığortasının, 10,3%-i və ya 18,2 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 9,4%-i və ya 16,6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 15,7 milyon manatı kasko sığortasının, qalan 27,2%-i və ya 48 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Yarım ildə sığorta ödənişlərinin 66,7%-ni və ya 61,5 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,6%-i və ya 24,3 milyon manatı tibbi sığortanın, 25%-i və ya 15,4 milyon manatı avtomobillərin icbari sığortasının, 19,8%-i və ya 12,2 milyon manatı kasko sığortasının, qalan 15,6%-i və ya 9,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,8 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-iyun aylarında bu rəqəm 39,7 manat olub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər