24 İyul 2015 18:38
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mövsümlə əlaqədar olaraq dondurma istehsalı və satışı müəssisələrində yoxlamalar aparılır. Bu il ərzində aparılan yoxlamalar zamanı 4 istehsal müəssisəsində pozuntu aşkarlanıb”.

Bu barədə Publika.az-a Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, həmin müəssisələrə qarşı yalnız inzibati deyil, sağlamlaşdırıcı tədbirlər də görülür.

“Dondurma kütləsinin 50%-dən çoxu sudan ibarət olur. Buna görə də, dondurma hazırlanarkən istifadə olunan su içməli suyun tərkibinə yaxın olmalıdır. 4 müəssisədən götürülən obyektdən götürülən nümunələrdə həm kimyəvi, həm də bakterioloji pozuntular aşkar olunmuşdu. Həmin sahibkarlar inzibati qaydada cərimə olunub. Sularda aşkarlanan problem paytaxtın bəzi ərazilərində suyun fasilələrlə verilməsi ilə əlaqədardır. Sahibkar da məcbur olub su çənlərindən istifadə edir. Nəticədə, ehtiyat çənlərində müəyyən çöküntülər yaranır. Bu hallar da yolverilməzdir.

Bütün bunlara baxmayaraq, həmin suların içməli suyun tərkibinə uyğun olması üçün sahibkarlar müvafiq işlər görməli, həmin sular dondurma kütləsinə qarışmamışdan əvvəl filterdən keçirilməlidir. Həmin müəssisələrdə suyun təmizlənməsi ilə bağlı tapşırıqlar verilib. Düzdür, müəssisələrdə ciddi pozuntular aşkarlanmayıb, əvvəlki illərdə problemlər aşkarlanan, fəaliyyəti dayandırılan müəssisələr isə olduğu kimi saxlanılıb”.


İ.Abdullayevin sözlərinə görə, satış obyektlərində qablaşdırılmış məhsullar satılır və saxlanma temperaturundan aşağı səviyyədə satış aşkarlanmayıb.

“Bundan başqa, istehsalçılar bəzən satış obyektlərində öz soyuducularını yerləşdirirlər, buna görə də, gigiyenik normaların pozuntusuna rast gəlinmir. Buna baxmayaraq, araşdırmalar aparılır”.

Dondurmadan zəhərlənmə olmasına gəldikdə, İ.Abdullayev praktikada belə hala rast gəlmədiklərini deyib:


“Zəhərlənmə bakteriyalar inkişaf etdiyi qidada baş verir. Lakin bildiyiniz kimi, dondurmalar mənfi temperaturda saxlanılır. Yəni hazırlanma prosesində onun tərkibinə bakteriya düşmüş olsa belə o inkişaf etməyəcək. Çünki bakteriya mənfi temperaturda fəaliyyətini dayandırır. Düzdür, süddə kimyəvi çirklənmə, tərkibində qurğuşun, arsen, civə ola bilər. Bu zaman bakterioloji yox, kimyəvi zəhərlənmə baş verə bilər. Bu isə yalnız nəzəriyyədə bilinən prosesdir. Praktikada bu vaxta qədər dondurmadan zəhərlənmə halı qeydə alınmayıb”.


Müəllif:

Oxşar xəbərlər