26 İyul 2015 22:20
2 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavad çox istəyirdi ki, ona Pələng desinlər. Amma bütün cəhdləri boşa çıxırdı. Ona adı ilə müraciət edirdilər. Ara-sıra “Pələng” deyə üz tutanların isə məqsədi vardı. Bu, əslində, ondan bəhrələnmək istəyənlərin jesti idi.


Bilirdilər ki, “Pələng” sözünə görə Cavad onlara qulaq asacaq, istəklərini cavabsız qoymayacaq. Amma bu da özünü çox vaxt doğrultmurdu, Pələng tülkü kimi hiyləgər idi.

Nadzorların qoşulduğu yarışlar

...10 saylı CÇM-in taxta barakı və klubun arasında idman meydançası var idi. Burada günün müxtəlif vaxtlarında futbol və voleybol yarışları keçirilərdi. Əhllər (Əhl - regionlar üzrə qruplaşan kiçik icmalar) və seçmə komandalar arasında baş tutan bu oyunların arxasında hansısa maraqların olması heç kəsə sirr deyildi. Dustaqların, eləcə də həbsxana işçilərinin maraqla izlədiyi bu oyunlar, əslində, qumar kimi bir şey idi. Sözsüz ki, oyun bitənə qədər müxtəlif mərclər olurdu. Məsələn, hansı oyunçu qol vuracaq, hansı komanda udacaq və sair. Mərclər isə bir qutu siqaretdən tutmuş 1000 manata qədər olurdu. Adlarına “aralıq uşaqları” deyilənlər bacardıqca kənardan edilən mərcləri öyrənirdilər. Hər bir mərcin hesabı aparılırdı. Ortadakı pulun 20 faizi “qaraya” gedirdi. “Qara” – mərclərdən “abşak”ın xəzinəsi üçün nəzərdə tutulan pula deyilirdi. Bu pullar əsasən “krıtıda” olan və yaxud ömürlük həbs cəzası alan, kimsəsiz, ehtiyacı olan “yaxşı oğlanlar”a sərf olunurdu. Amma belə söz-söhbət gəzirdi ki, toplanan pulların, “qrev”lərin yarıdan çoxu içəridə söz sahibi olan, bərkgedən dustaqlar tərəfindən mənimsənilir. Bu isə söz-söhbətə səbəb olurdu:

- Necə olur, filankəsin yanına gələn yoxdur, amma bahalı siqaret çəkir, filan qədər pul xərcləyir, yemək-içməyi boldur?!


Bu söz-söhbət bir-birinə ürək qızdıran adamların arasında aparılırdı. Çox adam isə risk edib aşkar danışmazdı. Amma “yerin də qulağı var” deyimi burada özünü doğruldurdu, söz-söhbət ünvana çatırdı, qulaqları dalayırdı.

“Pələng” ayamasının dillərdə əzbər olmasını istəyən Cavad da futbol oyununun mərclərində iştirak edər və həmişə də mərci aparardı. Daim Cavadın ətrafında olan Sarı ləqəbli göygöz Mustafa deyirdi ki, Cavad gərək özünə Pələng dedirtməsin. Əslində, o, tülkü kimi hiyləgərdi.

Onun dediklərində həqiqət var idi. Çünki hər bir ad dustağa onun əməlinə, xarakterinə, işinə, sosial mənşəyinə görə verilirdi. Bir də görürdün ki, özündən xəbərsiz artıq sənə təxəllüs seçiblər.

Cəlalın mərci aparmasının isə səbəbi çox sadə imiş. Bu heç də onun intellektinə, futbol biliyinə, oyunu, oyunçuları tanımasına görə deyilmiş. O, hər komandadan bir oyunçu ilə işbirliyi qurubmuş. Həmin oyunçu qapıya yaxın yerdə rəqib oyunçuya qarşı kobudluq edir, rəqib komandaya cərimə zərbəsi qazandırırmış. Nəticədə 7 metrlik cərimə zərbəsi ilə qapılarına qol vurdururmuş (meydan balaca olduğu üçün mini futbol oynanılırdı). Beləliklə, Cavad mərci udur və bu uduş “kobud” oyunçu ilə tən yarıya bölünürdü.


Sarı deyirdi ki, onun fırıldağı bilinir, sübut olunsa, onu və onunla işbirliyi quran oyunçuları vuracaq. Pələng isə vurulmurdu, əksinə, söhbətlərdə iştirak edir, “razborka”larda söz sahibi olaraq “ponyatka” verir, yaxşı oğlan kimi yerini möhkəmləndirirdi.

Nəzarətçilər və zabitlərdən də Cavaddan zəhləsi gedənlər çox idi. Olmuşdu ki, onların da öz aralarında mərc gəldikləri komanda Cavadın “taktiki” gedişi nəticəsində süni şəkildə uduzmuşdu. Əslində, onlar Cavadın dustaq qanunları ilə vurulmasında daha çox maraqlı idilər.

Bir dəfə Kazım adlı bir “aralıq uşağı” Pələngin bir neçə gün məyus gəzməyinin səbəbini xəlvətcə mənə dedi:


- Şair, bu axşam Pələngin söhbəti olacaq. Bundan qabaqkı “xodka”larında da fırıldaqları varmış. Burada da oyuna müdaxilə etməsi üzə çıxıb. Heç kəs bilməsin, bəlkə sabah o, “Qaragündə” yemək bişirdi (Qaragün – dustaqların özləri üçün yemək hazırladıqları ümumi mətbəxə deyilirdi. Burada yemək hazırlamaq əskiklik deyildi. Amma “strimit” edənlər, özlərini həbsxana həyatının daimi sakini sayanların yeməyi “şustryaklar” tərəfindən hazırlanardı).

Oyunlar hər gün gedirdi. Cavad isə gözə dəymirdi. Bir dəfə dostum və “xlebnikim” Aqillə onu cəza evinin məscidinin qarşısında gördük. Başında ağ əski təsək, kranda dəstəmaz alırdı. Aqil zarafat etdi:

- Deyəsən, haqqın qapısı üzünə açılıb, namaz qılırsan, başqa fırıldağın olmasın...

Cavad güldü:

- Ay “zemi”, nə fırıldaq, Allah evinin qapısı hamının üzünə açıqdır. Geci-tezi var, Allah bağışlayan, günahlardan keçəndir, yetər ki, ibadətindən qalmayasan, tövbə edəsən - mənim kimi. - Sonra mənə xitabən: - Şair, düz demirəm? – soruşdu.

Onun düz dediyini təsdiqlədim və əlimi zarafatla onun arxasına vurdum. Məşhur atalar sözünə əlavə və redaktə edib dedim:

- Pələng, məsəl var e, deyir, yel buraxan əzaya tövbə olmaz...

Gülüşdük. Söz verdi ki, axşam namazından qabaq tibb məntəqəsinə gələcək, söhbət edərik, indi isə namazın vaxtıdır.

Gəldi. Xeyli söhbət etdik. Birdən əsəbi halda dedi:

- Bu Naftalanın axundu vardı ha, nəşə, tiryək satdığına görə tutmuşdular e, axı məsciddə mollalıq edir. Ona dedim ki, maştağalı dindar bir oğlan var, “Yasin” surəsini səndən təmiz, səlis və düzgün oxuyar. Dedi, ola bilməz. Nə isə, bir blok siqaretdən mərcləşdik. Oxudular. Mərci mən uddum. İndi bu adam mənim uduşumu vermir. Deyir, ay Pələng, mərci edəndə gərək yanımızda “göz” olaydı, “qaranın” payını verəsən, sən tülkülük edirsən! Siz deyin, mən ona nə deyim?

- Ay Cavad, sənə dedik axı, sən tövbə edə bilməzsən...


Müəllif:

Oxşar xəbərlər