28 İyul 2015 15:28
5 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 25-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri açıqlayıb.

İmtahanda 3-ü II ixtisas qrupu üzrə 3-ü III ixtisas qrupu üzrə olmaqla cəmi 6 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verməklə 700 bal toplayıb.

Maksimum nəticə göstərənləri teleqraf.com təqdim edir:

Əli İsgəndərov Cəlilabad şəhərində anadan olub. Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 saylı məktəb liseyi bitirib. I sinifdən XI sinfə kimi bütün fənlərdən əla qiymətlər alıb. Abşeron rayonu üzrə riyaziyyat fənni üzrə olimpiadalarında birinci yeri tutub, fəxri fərmanları da var.

Əlinin dediyinə görə, riyaziyyat və coğrafiya fənnindən iki il, 4 ballıq fənlər üzrə isə bir il repetitor hazırlığı alıb: “Amma bu uğurumda təhsil aldığım məktəblərin xidməti böyük olub. 700 bal qazanmağımda dərslərimi planlı şəkildə öyrənməyim səbəb olub. Həmyaşıdlarıma tövsiyəm odur ki, həyatlarında uğursuzluq olduğu vaxt heç də ruhdan düşməsinlər. Çünki uğursuzluq ibrət üçündü, ondan dərs alıb, hərəkətə keçmək elə uğurun başlanğıcıdır. İnsan qarşısına məqsəd qoyub, ona can atırsa, mütləq çatır. Düşünürəm ki, bu prinsiplə istədiyin zirvəyə çatmaq mümkündür”,

Əligil ailədə 3 uşaqdılar: iki qardaş, bir bacı: “Bacim İqtisad Universitetinin III kursuna keçib. Qardaşım isə orta məktəbdə oxuyur.

Atam Rauf İsgəndərov ev alqı-satqısı ilə məşğul olur, anam da evdar qadındır”.

Əli İsgəndərov ADA Universitetində ya beynəlxalq münasibətlər ya da biznesin idarə edilməsi ixtisaslarından birini seçmək niyyətindədir

İbrahim Əhmədov Bakıda anadan olub, 214 saylı məktəbdə təhsil alıb, Son bir ildə repetitor hazırlığına gedib. Riyaziyyat fənni üzrə respublika fənn olimpiadasında bürünc medal alıb.

Ailədə iki uşaqdılar: “Anam Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsini bitirib, bacımı da, məni də o hazırlaşdırıb. Bacım məndən 3 yaş kiçikdir. Anam hazırda evdar qadındır. Atam ticarətlə məşğuldur”.

İbrahim 700 bal toplamasına səbəbini səbrlə öyrənməkdə görür: “Mənim fikrimcə, “öyrəndiklərim bəsimdir”, deyib özünə arxayın olmamalısan. Sınaq imtahanlarında mexaniki səhvlərim çox olurdu, 6790, 690 bal toplayırdım. Belə bir nəticəni gözləməsəm də, uğurumda başlıca səbəb məncə, elə səbrlə öyrənməyimdir”.

Elçin Qasımov 1999-cu ildə Gəncədə anadan olub və Gəncə şəhər 1 saylı tam orta məktəbin məzunudur. Tək Elçin deyil, onunla bir sinifdə təhsil alan bacısı Gülçin də ailələrinə sevinc yaşadıb. Elçin 700, Gülçinsə 685 bal toplamaqla ailə rekordu qırıblar.

Elçinin dediyinə görə, riyaziyyat fənninə marağı onlarda atası yaradıb: “Atam hazırda işsizdir, bankda, vergi sektorunda çalışıb. Atamın riyaziyyata marağı böyükdür. Anam tibb kollecində müəllimədir”.
Bacı-qardaş hər ikisi ADA universitetini seçməyi düşünür. Elçin ADA Universitetində təhsil ödənişli olduğu üçün xaricdə təhsil almaq, yaxud ölkənin digər nüfuzlu universitetlərində seçim variantını da istisna etmədi.

III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Lalə Novruzova Cəbrayıl rayonu məcburi köçkün ailəsində dünyaya gəlib.

Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınan 9 saylı qəsəbədə məktəbə gedib. Orta məktəbini yüksək qiymətlərlə başa vuran sınaq imtahanlarında da hər zaman yüksək nəticə göstədriyini bildirdi.
Orta məktəbi əla qiymətlərlə bitirsə də qızıl və ya gümüş medala namizədliyimi verməyib. Respublika fənn olimpiyadasında Azərbaycan dili, ədəbiyyat üzrə fənn olimpiadasında ikinci yeri tutub. Lalə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşunaslıq fakultəsinə daxil olmaq arsuzundadır. “Bakalavr təhsilini ölkəmizdə, magistr pilləsini isə xaricdə almaq niyyətindəyəm”.

Kamran Abdulrəhimov Kürdəmir rayonunda doğulub. VII sinfə qədər Kürdəmir rayonunda təhsil alıb, VII-X sinifləri Ağdaş Türk Liseyində, son XI sinfi isə Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyində oxuyub. Qızıl medala namizəd olub. Bakı Dövlət Universiteti Hüquq fakültəsində təhsil almaq arzusundadır.

Xəyalə Əfəndiyeva Qəbələ rayon Vəndam kənd orta məktəbinin məzunudur. 2 il repetitor hazırlığı alan Xəyalə yüksək bal toplayacağına əmin olsa da, maksimum nəticə gözləmədiyini dedi. XI sinifdə iki fəndən “4” qiymət alması, onda 700 bal toplamaq inamını azaldıb. Azərbaycan dili, ədəbiyyat fənn olimpiadasında region üzrə 3-cü yerə çıxmışam.

Xəyalə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə sənəd vermək barədə düşünsə də, xaricdə təhsil almaq fikrini də istisna etmədi.

SEVİL


Müəllif:

Oxşar xəbərlər