Əlacsız durumla üzləşmiş Qarabağ müharibəsi əlili əlaqədar qurumlardan kömək umur
"Sağalmaq istəyirəm ki, işləyib ailəmi dolandırım. Çox arzulayıram ki, bir Qarabağ əlili olaraq, mənim bu çağırışımı eşitsinlər". Bu fikirləri bu günlərdə redaksiyamıza müraciət edən Tərtər rayonunun Zəmiçilər kəndindən Qarabağ müharibəsi əlili İnqilab Sultanov deyib.
52 yaşlı müharibə iştirakçısının sözlərinə görə, 1992-ci ildə Tərtərin Torpaqtəpə ərazisində ermənilərin atdığı minaatanın mərmisinin partladılması nəticəsində ciddi yara alıb: "Həmin vaxt qaraciyərim dağılmışdı. Bundan sonra 6-cı və 7-ci qabırğam qəlpələrin dağıdıb keçdiyi yerdən qanqren etmişdi. Əməliyyatla həmin qabırğaların uc hissələrini kəsib götürdülər. 1992-ci ildən indiyə qədər həmin hissədən çirk gəlirdi. Həkim müayinəsi zamanı bədənimdə olan qəlpələrin yerinin çirk etdiyi məlum oldu. Bu proses indi də davam edir.
O vaxt qəlpələr ayağımı da yaralamışdı, damarlarım tamamilə üzülmüşdü. Həmin damarların bir hissəsini bərpa etdilər, bir hissəsinin isə ağızlarını qapadılar. Ağzı qapadılan damarlar topuğumda qara rəng almışdı. İki ildir həmin nahiyədən, yəni topuğumda tromblar yaranır, ayağımda keyimə olur, kapilyar damarlar partlayır. Demək olar ki, ayağım çürüyə-çürüyə yeriyirəm. Uzun müddət müalicə olunmuşam, həkimlər, professorlar yarama baxıb. Külli miqdarda pul xərcləmişəm, heç cür sağalmır. Həkimlər əməliyyatı məsləhət bilirlər.
Əməliyyat da indiki məqamda mümkün deyil, çünki məndə qan laxtalanması 30 faizdir, halbuki 163 faiz olmalıdır. Ona görə də hazırkı məqamda ayağımda qanaxma təhlükəsi yaranıb. Kapilyar damarlarda qanaxma baş versə, həyatımla vidalaşmalı olacam. Buna görə bir müddət əvvəl 700 manata qan köçürüblər. Bildirdilər ki, bu məbləğin 400 manatını donorlara, 300-ünü isə filtrlərə verəcəklər.
Həkim dərman resepti yazıb, ona da 800-1000 manat pul lazımdır. Ən qorxulu vəziyyət ayağımdadır. Həkim tez-tez zəng edib deyir ki, bu müalicəni etməlisən. Qanda laxtalanmanın faizi ən azından 80-ə qalxmasa, əməliyyata girə bilmərəm".
Həm də hepatit xəstəsi olan İnqilab Soltanov deyib ki, bu xəstəliyə tutulmasından bir il əvvəl xəbərdar olub. Onun sözlərinə görə, qardaşı dünyasını dəyişdiyi vaxt bərk həyəcanlanıb: "Ailə üzvlərim məni İrana apardı, orada həkim müayinəsi zamanı məlum oldu ki, məndə Hepatit B var. 3 dəfə Bakıda 1 saylı xəstəxanada müalicə almışam. Semaşko adı ilə tanınan bu xəstəxanada dərman demək olar ki, yox vəziyyətindədir. Gemodez, essensiale forte və vitaminlərdən başqa heç bir dərmanla müalicə aparılmır. İndi isə qaraciyərimdə qum dənəcikləri yaranıb".
Qarabağ müharibəsi əlili səhhəti ilə bağlı indiyədək Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, müalicə olunmaq üçün maddi imkanının çatmadığını deyib: "Tərtər rayon İcra Hakimiyyətinə, rayon xəstəxanasına da getmişəm. Xəstəxanadan mənə bildiriblər ki, onlara bahalı dərmanlar verilmir.
8 nəfərdən ibarət ailəm var, indiki vəziyyətdə onları dolandıra bilmirəm. Özüm 130 manat Prezident təqaüdü, 165 manat da pensiya alıram. Bu heç mənim dərman pulumu ödəmir, ailəmin isə dolanması ümumiyyətlə mümkün deyil. Bir oğlum da ikinci qrup gözdən əlildir və 50 manat pensiya alır. Özümün ev-eşiyim yoxdur, ailəmiz Bakıda kirayədə yaşayır.
Müalicəmlə bağlı banklardan oğlum, həyat yoldaşım kreditlər götürüb, indi onu indi geri qaytarmağa imkanım yoxdur. Hər gün ödənişlə bağlı banklardan zənglər edirlər.
Sağalmaq istəyirəm ki, işləyib ailəmi dolandırım. Bir Qarabağ əlili olaraq mənim bu çağırışımı eşitsinlər. İndiki halda həkimlər mənə 1 kiloqram yükdən artıq götürməyə imkan vermir. Əks halda ayaqlarımda qanaxma baş verə bilər".
Bəxtiyar