29 İyul 2015 11:55
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Azərbaycanda sosial xidmətlərin inkişafı” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub.

Teleqraf.com-un məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, Tvinninq layihəsi çətin həyat şəraitində olan şəxslərin sosial inklüziyasının təmin edilməsi və müvafiq sahədə qanunvericiliyin, institusional mexanizmlərin daha da təkmilləşdirilməsində ƏƏSMN-ə dəstək göstərməkdən ibarətdir. Bununla bağlı olaraq, layihə çərçivəsində görüləcək işlərdə Avstriyanın müvafiq dövlət qurumu ilə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.

Qeyd olunub ki, hazırda ƏƏSMN-nin sosial xidmət müəssisələrində 1182 nəfər tam dövlət təminatında yaşayaraq, stasionar şəkildə sosial xidmətlə, həmçinin sosial işçilər tərəfindən 12853 nəfər evlərində səyyar qaydada sosial-məişət xidməti ilə təmin olunur. Eyni zamanda nazirliyin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən 1500 nəfər ehtiyacı olan uşağa və onların ailələrinə sosial xidmətlər göstərilir. Hazırda ölkəmizdə sosial xidmətlər sisteminin mütərəqqi təcrübədən istifadə olunmaqla daha da inkişaf etdirilməsi əsas vəzifələrdən biridir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində Layihələr üzrə rəhbər vəzifəsini icra edən Olaf Heldebax, Avstriya Respublikasının Azərbaycandakı səfirinin müavini xanım Ute Fresner Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsində bu layihənin önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.

ƏƏSMN-nin sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova, layihənin rəhbəri Corc Dimitz və ölkə üzrə məsləhətçisi Herbert Paulişin və başqaları layihənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, 4 komponentdən ibarət layihə sosial xidmətlərlə təminatın Avropa İttifaqının ən yaxşı təcrübələrinə müvafiq təkmilləşdirilməsi üçün strateji çərçivənin yaradılmasını, bu sənədə əsasən mövcud qanunvericilikdə dəyişiklikləri nəzərdə tutan sənəd layihələrinin hazırlanmasını ifadə edir. Layihə üzrə sosial xidmət sisteminin modernləşdirilməsi işləri aparılacaq. Bu prosesin tərkib hissəsi kimi sosial xidmətlər üzrə keyfiyyət standartları və keyfiyyətin idarə olunmasına dair mexanizmlər, sosial xidmət təminatının monitorinqi və qiymətləndirmə sistemləri hazırlanacaq. Yeni sosial xidmət modelləri hazırlanaraq ilk növbədə Bakı şəhərində və üç pilot rayonda sınaqdan keçiriləcək. Həmçinin sosial xidmətlər sahəsində çalışacaq insan resurslarının inkişafı strategiyası və fəaliyyət planının hazırlanması, ƏƏSMN-nin aidiyyəti sahədə fəaliyyət göstərən işçi heyətinə təlimlərin keçirilməsi təmin olunacaq.

Tədbirdə layihə çərçivəsində görüləcək işlərə və əldə olunacaq nəticələrə dair fikir mübadilələri aparılıb, layihənin icrası ilə əlaqədar cari məsələlər müzakirə olunub.

Naibə QURBANOVA


Müəllif: