Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Bu mərhələdə 2015-ci ilin aprelin 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
Teleqraf.com TQDK-ya istinadla xəbər verir ki, imtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunacaq.
Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet sayıtından çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 253 nəfərini oğlanlar, 88 nəfərini qızlar təşkil edir. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.
SEVİL