29 İyul 2015 20:54
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin şahmat oyunları haqqında açıq dərs keçirildi

İyulun 29-da Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş “Syansi” Çin şahmat oyunlarının öyrənilməsi haqqında açıq dərs keçirildi.

Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov idman sahəsində Azərbaycan-Çin əməkdaşlığı, Çində keçirilən Ümumdünya intellektual oyunlarda Azərbaycan şahmatçılarının ənənəvi iştirakı barədə danışdı.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov öz növbəsində ölkədə şahmat idman növünün inkişaf prosesi, respublikanın regionlarında şahmat məktəblərinin açılışı və beynəlxalq yarışlarda milli komandanın qazandığı nailiyyətlər haqqında məlumat verdi.

Sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı Pərvin Əfəndiyeva Azərbaycanda orta əsrlərdə geniş yayılmış və Xaqani, Nizami, Füzuli, Məhsəti Gəncəvi kimi böyük şairlərin əsərlərində əks olunmuş şahmatın sələfi-Ərəb oyunu “Şatranc” haqqında geniş məlumat verdi.

ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri Çin şahmat oyununun tarixi və inkişafı, oyunun qaydaları, eyni zamanda Syansidə fiqurların hərəkətləri və şahmat debüt nəzəriyyəsi barədə danışdılar.

Tədbirdə, həmçinin ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Çinin Azərbaycandakı səfirinin Mədəniyyət üzrə müşaviri cənab Cen və onun köməkçisi cənab Li iştirak edirdi.

NİGAR


Müəllif:

Oxşar xəbərlər