Cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək göstərilməsi, onların asudə vaxtının təşkili, habelə liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi məsələləri olduqca aktualdır. Bu məqsədlə ötən il Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həmin kateqoriyadan olan uşaqlar üçün yay düşərgəsi təşkil edilib.
Müvafiq istiqamətdə işlərin məntiqi davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə cəbhə bölgəsində yerləşən rayonlardan (Ağdam, Tərtər, Füzuli, Daşkəsən) olan uşaqlar üçün iyulun 20-dən avqustun 2-dək yay düşərgəsinin ikinci mövsümünü təşkil edib. Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində bu rayonlardan olan 10-16 yaşlı uşaqlar dincəliblər. Avqustun 2-də yay düşərgəsinin ikinci mövsümünün bağlanış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Bağlanış mərasimində “Cırtdan” yay düşərgəsinin direktoru Elşən Əliyev çıxış edərək vurğulayıb ki, düşərgədə uşaqlar üçün müxtəlif əyləncəli və intellektual oyunlar, ekskursiyalar, liderlik qabiliyyətlərinin inkişafı üçün treninqlər keçirilib.
Tədbir əyləncəli proqramla davam edib.