Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2015-2016-cı tədris ili üçün qiyabi təhsil forması üzrə doktoranturaya qəbul həyata keçirməyəcək.
Bunu Trend-ə AMEA-nın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, növbəti tədris ili üzrə doktoranturaya qəbul planı təsdiqlənməsi üçün artıq Nazirlər Kabinetinə təqdim edilib. Həmin qəbul planında da qiyabi təhsil forması üzrə plan yerləri sifariş edilməyib. Qiyabi təhsilin həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları üçün həyata keçirilməməsi nəzərdə tutulur.
Qiyabi təhsil forması üzrə qəbulun dayandırılmasının səbəbini açıqlayan Ə.Sadıqov bildirib ki, doktoranturada təhsilin formal olmaması üçün qiyabi təhsil üzrə qəbulun aparılmaması qərarına gəliblər.
Onun sözlərinə görə, böyük spektrli elm sahələrində qiyabi təhsil alan şəxsin elmi tədqiqat işi üzrə yaxşı nəticə göstərməsi real deyil: “Elm vaxtı yalnız özünə sərf etməyi tələb edir. Əvvəlki illərin təcrübələrini analiz etdik və gördük ki, qiyabi təhsil alan doktorantlarımız sonradan tədqiqat işlərini lazımi səviyyədə həyata keçirə bilmirlər. Qiyabi təhsil alırsa, demək, onun haradasa iş yeri var və buna görə də onun öz elmi rəhbəri ilə təmasda olmağa, kitabxanada oturmağa, konfranslarda, seminarlarda iştirak etməyə, elmi işi yazmağa imkanı olmur. Bununla əlaqədar dissertasiya işini bitirib müdafiə edə bilməyən xeyli adam var. Təhlil onu göstərir ki, belələri daha çox qiyabi təhsil alan doktorantlar arasında olur”.
Ə.Sadıqov deyib ki, AMEA-nın qiyabi təhsil forması üzrə doktoranturaya qəbulun aparılmaması Akademiya sistemində bu təhsil formasının tamamilə ləğv edilməsi demək deyil: “Ola bilər ki, biz 1-2 il ümumiyyətlə qiyabi təhsil forması üzrə doktoranturaya qəbul həyata keçirməyək, bunun nəticəsinə baxaq. Sonra zərurət olsa, hansısa ixtisas üzrə bir neçə plan yeri sifariş verə bilərik”.