4 Avqust 2015 16:28
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın multikulturalizm siyasətinin mahiyyətini fərqliliyə, müxtəlifliyə sevgi təşkil edir

Belə görmüşük ki, mətbuat əsasən layihənin başlaması və bitməsini işıqlandırmaqda maraqlı olur. Hər ikisi hadisədir. Proses barədə o iki informasiyada yetərincə açıqlama olduğundan artıq oxucu nəyin necə, harda həyata keçiriləcəyini bilir. Növbəti xəbərlərin yayılmasına daha ehtiyac qalmır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı və “Kulturaplus” internet televiziyasının informasiya dəstəyi ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsinə münasibətdə mətbuat fərqli mövqe sərgilədi. Hər addımımız oxucuya, dinləyiciyə, tamaşaçıya çatdırıldı. Statistikaya baxaq: 10 günə 119 yazı, cəmi 60 dəfə. Xəbər, açıqlama, reportaj, müsahibə, videosüjetlər... Azərbaycan mətbuatı 15 xarici, 9 yerli olmaqla, ümumilikdə 24 universitetin tələbəsini ölkəsində belə qarşıladı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli və Bakı "525-ci qəzet"in əməkdaşı Sevinc Mürvətqızı olan yerdə keçirdiyimiz günləri muncuq kimi cümlələrə düzmək bu qədər rahatmış.

Reportajın ilk cümlələrini mətbuata həsr etməyimin jurnalist olmağımla az bağlılığı var. Sərgilədikləri mövqe alqışlanasıdır. Və alqışlayırıq.

Layihəmizə də bu səslərlə başladıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” proqram xarakterli fikri Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, görkəmli yazıçı Kamal Abdullayevin “Biz xaricilərin Azərbaycana marağını sevgiyə çevirməliyik” tapşırığı ilə müşayiət olundu. Qədəm qoyduğumuz yol uzaqdan gəlirdi - Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün əvvəlindən. Azərbaycanlının multikultural əhvalı, tolerantlığı onun qədim ənənələrindən biridir. Heydər Əliyev bu ənənəni siyasətə çevirdi, Azərbaycan multikulturalizminə, tolarantlığına ana qanunumuz olan Konstitusiyamızla hüquqi status verdi. Ulu öndər həmin gündən hər bir vətəndaşa tövsiyə etdi ki, vətənini bu siyasətlə tanıtdırsın, sevdirsin.

Akademik Kamal Abdullayevin ideyası ilə gerçəkləşən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsi də həmin siyasətin tərkib hissəsi idi. İlk dəfə “Azərbaycan multukulturalizmi” fənni yaradıldı. 7 xarici, 7 yerli univerisiteti seçildi. Müəllimlərin hazırlığı üçün treninqlər keçirildi və dərs deyəcək müəllimlərin kimliyi xüsusi imtahanla müəyyənləşdi. Yaz semestri başladı. Belarus Dövlət və Linqvistik Universiteti, Çexiyanın Praqa Karlov Universiteti, Litvanın Edukologiya Universiteti, Tiflis Dövlət Universiteti, Rusiyanın Ural Federal Universiteti, İtaliyanın La Sapienza, Bolqarıstanın Müqəddəs Kliment Oxrisdski adına Sofiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ilk dəfə “Azərbaycan multukulturalizmi” fənninin tədris olunduğu məkana çevrildilər. Azərbycan barədə bilgilər xarici tələbələrə o səviyyədə maraqlı gəldi ki, ölkəmizi görmək arzularını dilə gətirdilər. Bu mövzuda esselər yazaraq yerli mətbuatda dərc etdirdilər, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə məktublar ünvanlandı. Marağın sevgiyə çevrilməsi mərhələsi: “Azərbaycan multukulturalizmi” fənnindən dərs deyən müəllimlər nəzəri bilikləri təcrübü biliklərə çevirməyə hazır olduqlarını dedilər. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti ənənəvi olaraq bir araya gəldi. Qərar verildi: Azərbaycanı görmək, tanımaq istəyən xarici, ölkəsini təqdim etmək istəyən yerli tələbələrin, nüfuzlu alimlərin iştirakı ilə yay məktəbi təşkil edilsin. Proqram hazırlandı. Qeyd olundu ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatılacağı yay məktəbi iyulun 21-dən avqustun 1-dək keçiriləcək.

7 qrup formalaşdı. Qrup rəhbərlərinin adını çəkməsəm, rahatlıq tapmaram. Yeni dünyadır, qoy bu cəfakeş həmkarlarımın adları bir düymənin altında əbədi tarixə yazılsın. Hikmət Babayev, Almaz Axundova, Sərxanbəy Xudiyev, Araz Məmmədzadə, Nüsal Aydan, Kunina İrina, Rəvan Həsənov 10 gün ərzində Vətəni təqdim etmək şərəfinə nail oldular. Bu tarixin özünü də fotoqraflar Abbas Əliyev və Turan Yusifova tarixiləşdirdi. 5 mindən çox fotolar çəkildi, disklərə toplanıb, hər bir iştirakçıya hədiyyə verildi. Hələ onların mühafizəsini təşkil edən hüquqşünasımız Tural Şahbazovsuz mümkün deyildi. Tural, qonaqları günəşdən də qoruyurdu. Nəticə: 50 xarici tələbə məktəbin 4-cü günündən bizim dildə danışmağa başladılar, bizim rəqsləri oynadılar, bizim şeirləri dedilər, bizim filmlərə baxdılar... Onlar bizimkilər oldular. Məhz dəyərli qrup rəhbərlərinin səmimi münasibətləri “Biz Azərbaycanı sevdik kəlməsini” xaricilərin dilindən ürəklərinə daşıdı. İngilis dilində danışırdıq, sözümüzü kəsib, Azərbaycan dilini eşitmək istədiklərini deyirdilər. Hansı cümləni eşidirdilər, dəftərçələrinə yazırdılar. Sonra da bizə yaxınlaşıb soruşurdular: “Görün düz yazmışıq, düz oxuyuruq?”.

Düz idi. Yolumuz hamarlanmışdı. Onlar ölkəmizə elə isnişdilər ki, ayrılanda ağlamayanı tapılamdı. BSU-nun akt zalının səhnəsi: 50 xarici tələbə təəssüratlarını bölüşür. Yenə bizim dildə danışırlar. Yay məktəbinin son akkordlarıdır. Elə çalınır ki, səsi bütün ölkəyə yayılır. Kamal müəllim demişkən: “Yay məktəbi sona çatdı, yaşasın yay məktəbi”. Bu deyim, səhnəni kədərə bürüyür. Zalın nəzarətçisi Fikrət müəllim keçmişə dönür. Yadına Artek düşərgəsini salır. Deyir: “Biz ayrılanda, düşərgənin rəhbəri infarkt keçiridi. Həkimlər diaqnozu mikrafonla hamıya çatdıranda yaşadığımız acını heç vaxt unutmayacağımızı elə ordaca anladıq”. Yay məktəbi iştirakçılarının əhvalnı görməsəydim, bəlkə də infarkt məsələsinə inanmazdım. Amma çox inandım.

Yay məktəbi paytaxtdan başladı. İki gündən sonra Nabrana gedəcəkdilər. Bakını istisnasız bəyəndilər. Fərqli üslublu binalar, köhnəliklə yeniliyin vəhdəti diqqətlərini cəlb etdi. İnkişafa nail olmağımızın sadə sirrini açıqladıq onlara: müxtəlif mədəniyyətliliyə hörmət. Seçdiyimiz marşrutla da dediyimizi sübut etdik: Nabran - Quba - Qusar - Şahdağ - Xaçmaz. Bu bölgələrdə müxtəlif xalqların nümayəndələri kompakt yaşayır. Hansı rayona getdik yerli gənclər xaricilərə qoşuldular. Qonaqlar məətəl qalmışdılar: yerli gənclər 5 dəqiqənin içində onlara isnişirdi. Bizimkilər hansı dildə lazımdırsa, danışırdılar. Müxtəlif dili bilmələri xarici dostları tərəfindən təəcüblə qarşılanırdı. Reaksiayaları belə olurdu: “Siz necə də ağıllısınız”.

Olduğumuz rayonlarda Azərbaycanın multikulturalizm siyasətinin çalarlarını tanınmış yerli və xarici alimlərin mühazirələri ilə öyrənməyə çalışdıq. Tədbirlər daha çox disskusiya xarakterl idi. Qonaqlar verdiyi suallarla daha ətraflı öyrənmək istədiklərini sadə məntiqlə anladırdılar. Yay məktəbi boyunca Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, “Bakı şəhəri dağ yəhudiləri dini icması”nın sədri Milix Yevdayevin, İsrailin Hayfa Universitetinin doktorantı, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qutun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun, Şahdağda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfovun, Xidmətin aparıcı məsləhətçisi Anna Bayramovanın, Xidmətin məsləhətçisi Sərraf Hüseynovun, Xaçmazda Tarix elmləri doktoru Həcər Verdiyevanın, AMEA-nın fəlsəfə və hüquq institutunun direktoru, professor İlham Məmmədzadə, BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin, Almaniyanın Augsburg Universitetinin professoru Klaus Volfun, Nabranda Rusiyanın Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterovun, BSU-nun rektoru Asif Hacıyevin, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın, əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadənin, Azərbaycan Yaradıcılıq Fondunun nümayəndəsi, şair Qismət Rüstəmovun maraqlı çıxışları yay məktəbi iştirakçılarının məlumat bazasını zənginləşdirdi.

Eurovision-2011 mahnı müsabiqəsinin qalibi, BSU-nun məzunu Eldar Qasımovun yay məktəbinin iştirakçıları ilə görüşü xariciləri riqqətə gətirdi. Canlı ifa zalı ayağa qaldırdı. Şəkillər, diskin imzalnamsı, birlikdə mahnıların ifa olunması dəyərli qonaqlarımızın xatirəsinə yəqin ki əbədi hopacaq.
Disskusiyalar rayonların Heydər Əliyev Mərkəzlərində, gənclər evində, muzeylərində, mədəniyət mərkəzlərində keçirilirdi. Qonaqlar məkanlarla tanış olur, tariximizi öyrənir, inkişaf tempimizi gözləri ilə görürdülər. Quba Soyqırımı Memorialı Kompleksində eşitdiklərindən dəhşətə gəlmişdilər. Əsrin əvvəlində erməni vandallarının azərbaycanlılara qarşı törətdiyi soyqırım silahı kimi təqdim olunan qazantılar zamanı aşkara çıxan paslı mismarın uşaqların başlarına vurulduğunu eşidən Rusiya təmsilçisi Olga Markina göz yaşlarını saxlaya bilmədi. Onu sakitləşdirmək mümkün deyildi, “ne plaç” deyənlər də ağlayırdı.

Qırmızı qəsəbədə isə çöhrələrdə sevinc vardı. Müsəlman ölkəsinin qəsəbəsində sinaqoq və yəhudi əsilli azərbaycanlıların rahatıq və təmtəraqla yaşaması faktı qonaqları dəfələrlə “bravo” sözü işlətməkdən saxlaya bilmədi.

Hər axşam sərbəst saatlar keçirdik. Müsabiqlər, poeziya axşamları, rəqs yarışları, qaliblərlə yanaşı məğlubların da mükafatlandırılması böyük coşqu ilə qarşılanırdı. Azərbaycanı xatırladacaq deyə, ən kiçik hədiyyə belə, xarici tələbələr üçün dünya demək idi. Yay məktəbinin maraqlı tərəflərini saymaqla bitməz. Ancaq birini xüsusi ilə qeyd edim: bütün müsabiqələrə Nabran istirahət mərkəzində dincələn sakinləri də cəlb edirdik. “Yallı” müsabiqəsi keçirilirdi. 7 qrup “Yallı” rəqsi hazırlamışdı. Qrup rəhbərləri sözün əsl mənasında rəqabətə girmişdilər. Rus tələbələr favorit sayılırdı. Nabran sakinlərindən ibarət 5 nəfər münsif seçilmişdi. Onlar Bolqarıstanı qalib çıxardılar. Gözlənilən etiraz yaşanmadı. Demokratiya bu qədər cazibədardır. Hər kəsin seçiminə hörmətlə yanaşamaq məhz multikulturalizmdir. Yay məktəbinin hər mərhələsində bir qanun vardı: Azərbaycana məxsus tolerantlıq nümunəsini dünyaya olduğu kimi göstərmək.

Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yay məktəbinin başlanğıcında olduğu, sonunda olacağı kimi, ortasında da iştirakçılarla görüşdü. Akademikin görüşü ədəbiyyat mövzusundakı disskusiyalara təsadüf edirdi. Kamal müəllim Azərbaycan ədəbiyyatının əsas qaynağından danışdı: “Azərbaycan ədəbiyyatçıları “Kitabi-Dədə Qorqud”un şinelindən çıxıb. Bu, zaman tanımayan əsərdir. Dastanın bəzi məqamları antik yunan mifoloji motivləri ilə eynilik təşkil edərək, bizi qədim miflər dövrünə aparır. Alman alimi Haynrix Fridrix fon Dits də də qeyd edib ki, “Kitabi-Dədə Qorqud”da bəzi motivlər qədim yunan mifləri ilə paraleldir. Bu dastanın Avropada nəşrinin və tanınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi Sərəncam imzalayıb. Diqqətinizi bu faktlara yönəltməklə bildirmək istəyirəm ki, Azərbaycanın Renessans ədəbiyyatının nümayəndələri Nizami, Nəsimi, Füzuli bu əsərdən mənəvi şəkildə yararlanıblar. XII əsrdə Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaradan və hələ o zamandan bütün dünyada məşhur olan Nizami Gəncəviyə yazdığı əsərə görə hökmdar hədiyyə olaraq Afaq adlı kəniz göndərib. Nizami həmin qadına aşiq olub və onunla evlənib. Bu qadın tamam başqa mədəniyyətin daşıyıcısı, başqa xalqın nümayəndəsi idi. Bu, əsl multikulturalizm hadisəsidir”.

Salondakı hava çox yüngül idi. Ədəbiyyat haqqında söhbət belə, adama rahat nəfəs alamağa kömək edir. Hər ölkənin təmsilçisi öz şeirini söyləyirdi. Birinci Qismət başladı:

Qoca şəhər yatıbsa, saat üçü keçibsə,
Darıxanlar ordusu səni başçı seçibsə,
Baş götürüb qaçıbsa gözlərinin yuxusu,
İçini yandırırsa kimsəsizlik duyğusu,
Yenə küləklər kimi sərsərisənsə əgər,
Kədər satan gecəyə müştərisənsə əgər,
Bir fotonun önündə yüz fikrə getmisənsə,
Dözməyin köynəyini min tikə etmisənsə,
Asta yağış yağırsa, it hürürsə küçədə,
Küləklər daha əsmir, sənə köks ötürürsə -
Sən yığan nömrələri bu qəribə gecədə,
Eləcə təkrar-təkrar Səssizlik götürürsə -
Gözlərin sulanırsa təkliyin zülmətində,
Ürəyin sıxılırsa, dözürsənsə birtəhər –
Bu çarəsiz gecədə külqabı dövlətində,
Siqaret soyqırımı törədirsənsə əgər –
Buludların eşqinə, küləklərin xətrinə,
İşığı tükənməyən ürəklərin xətrinə,
Yaxın otur, qulas as:
Bir it hürür küçədə, səsi düşür gecəyə,
Elə bil ki, darıxır, kömək istəyir, kömək.
İstəyirəm boylanım pəncərədən küçəyə,
Bir ağız da mən hürüm, darıxmasın o köpək...

Ardınca Litva, İtaliya, Rusiya, Belarus, Çexiya, Gürcüstan şeirinin ahənginə düşdük. Doğrudan da
ədəbiyyatın bir dili var - sevgi dili. Çex şeirininin tərcüməsini bilmidik, amma mərhəm gəlirdi, ruhumuzu oxşayırdı.

10 günlük yay məktəbinin ovqatı büsbütün ruhun rahatlığına köklənmişdi. Müstəqil ölkə olmağın ləzzətini bir daha yaşadıq. Səni nəinki tanıyırlar, həm də sevirlər. Rusiya təmsilçisi Mariya Cayani bağlanış mərasimində Səməd Vurğunun “Azərbaycan” şeirini şirin ləhçə ilə dedi. Ondan “Anam doğma vətənimisən...” nidasının mənasını soruşdum. “Yəni mənim vətənimdir” cavabını verdi. Ardınca “məgər adamın iki Vətəni ola bilməz” sualını da ünvanladı. Gülümsünərək başımın hərəkəti ilə “ola bilər” dedim. Və qürurlandım.

Gələcəyi bu gün qurarlar. Bizə gələcək qurmağı tapşıranlara böyük minnətdarlıq hissi ilə söyləyirik ki, yay məktəbinin hər bir xarici iştirakçısı Azərbaycanın diasporuna çevriləcək. Daha bizi qərəzli Semlər yox, obyektiv Konistantinlər təqim edəcək. Azərbaycana qazandırdığımız sevgisi ilə, sevgisi ilə, sevgisi ilə!

Ceyhun Musaoğlu


Müəllif:

Oxşar xəbərlər