“Qabiliyyət imtahanındakı qiymətləndirmə nisbətən yüngülləşdirilməlidir”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisası üzrə imtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri imtahana gəlmədiyini bildirib. İmtahanda iştirak edən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. 2 abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov ali məktəblərin jurnalistika ixtisası üçün ayrılmış 198 yerə qarşılıq 57 rəqəmini pessimist qarşılamır. Facebook sosial şəbəkəsində bu məsələ ilə bağlı bir neçə məqamı bölüşüb: “Birincisi, əvvəllər də jurnalistika ixtisası üçün ümumilikdə 200-ə yaxin yer ayrılırdı. Həmin yerləri tutan, yəni jurnalistika ixtisaslı bakalavrların heç də hamısı ali məktəbi bitirdikdən sonra peşəsi üzrə fəaliyyət göstərmirdi. Hazırkı status-kvo jurnalistikaya marağı olanların bu sahəyə gəlişi baxımından önəmlidir. Əsas olan kəmiyyət deyil, keyfiyyətdir.
İkincisi, uzun müddət idi ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilmirdi. Məlum olduğu kimi, 2013-cü il noyabrın 25-də Prezident cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə bu məsələ qaldırıldı və dövlət başçısı təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıqlar verdi. Nəticədə 2014-cü ildən başlayaraq jurnalistikaya qəbul prosesində qabiliyyət imtahanı tətbiq edildi. Yəni, bu mexanizm özlüyündə cəmiyyət üçün yenilikdir və mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Üçüncüsü, jurnalistikada həvəs amili mütləqdir. Ümumən bütün dövrlərdə bu peşə cəmiyyətdə populyar sayılıb. Bu sahədə çatışmazlıqların hələ də qalmasına baxmayaraq, düşünmürəm ki, jurnalistikanın nüfuzu tam şəkildə aşağıdır. Abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistikanı da göstərməsi bunu deməyə əsas verir. Bir qədər də incəliyə getsək, 163 nəfərin qabiliyyət imtahanında iştirakı da xüsusi vurğulanmalıdır. Belədə, məncə, həmin 163 nəfərə münasibət məsələsi ön plana çıxır. Əlbəttə, qəbul planındakı kəsiri nəzərə alaraq onların heç də hamısının qabiliyyət testindən keçməsinə şərait yaratmaq doğru olmazdı. Bununla belə həmin abituriyentlərə yanaşmada onların jurnalistikaya marağının mövcudluğu əsas götürülməlidir. Yaxşı olardı ki, mövcud xüsusda qabiliyyət imtahanındakı qiymətləndirmənin nisbətən yüngülləşdirilməsi məsələsi nəzərdən keçirilsin.
Dördüncüsü, məlum olduğu kimi, ali məktəblərin jurnalistika ixtisası üzrə magistr pilləsinə qəbulda da yeniliklər edilib. Əgər əvvəllər yalnız humanitar sahəni bitirənlər jurnalistika fakültəsində magistr təhsili ala bilirdilərsə, 2014-cü ildən başlayaraq digər sahələrin də bakalavrlarına belə imkan yaradılıb. Bu mexanizmin tətbiqi eyni zamanda jurnalistikanın ixtisaslaşmasına da ciddi dəstək əhəmiyyəti daşıyır. Hər halda, məsələn, iqtisadiyyat sahəsini bitirmiş bakalavr yazı yazmaq qabiliyyətinə malikdirsə, o zaman onun təqdim etdiyi material daha peşəkar alınar və cəmiyyət üçün faydalı olar. Hesab edirəm ki, əsas hədəf jurnalistikaya həvəsi olanların bu sahəyə axınını təmin etməkdən ibarətdirsə, o zaman həm qeyd etdiyim mexanizm, həm də bakalavr pilləsinə qəbul zamanı jurnalistikaya marağı olanların nəzərə alınması müstəsna əhəmiyyət daşıyır. Buna görə də ümumən jurnalistika təhsili sahəsindəki seçilmiş hazırkı yolu daha optimal və prinsipial qiymətləndirirəm”.
NİGAR