Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti avqust ayında respublikamızın 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunmasını planlaşdırır.
Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, avqustun 20-də Oğuz, avqustun 21-də Hacıqabul, avqustun 28-də Kürdəmir, Cəlilabad, Şabran rayonlarında və Şirvan şəhərində əmək yarmarkalarının keçirilməsi üçün hazırlıq işləri aparılır. Tədbirlərdə qeyd olunan şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif ediləcək. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması da nəzərdə tutulub.
Bununla yanaşı, tədbirlər zamanı peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydə alınacaq. Yarmarkaların keçirilmə vaxtı dəyişdirildiyi halda bu barədə əlavə məlumat veriləcək.
Naibə QURBANOVA