Musa Qasımlı: "Cümhuriyyətin gördüyü işlər çox böyük əhəmiyyətə malikdir"
Mübariz Qurbanlı: "Onun keçdiyi yol tariximizin şanlı və şərəfli səhifələrindən biridir"
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96 ili tamam olur. Bu əlamətdar gün Azərbaycan tarixinin ən parlaq və şanlı səhifələrindən birini təşkil edir.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olmaqla, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
Bu günlə bağlı fikirlərini bizimlə bölüşən tarixçi-professor, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. Onun sözlərinə görə, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan hökuməti tərəfindən 96 il əvvəl atılmış taleyüklü addımlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib: "Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və digər vacib məsələlərin öz müsbət həllini tapması Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyas, mahiyyət və məna etibarilə çox böyük əhəmiyyətə malik olduğunun göstəricisidir".
M.Qasımlı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti təhsil və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə də yadda qalıb: "1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Bakı Dövlət Universitetinin təşkili haqqında qanun qəbul edib və bununla da milli ali təhsilin əsası qoyulub. Həmçinin Azərbaycanda ilk muzey olan "İstiqlal" muzeyi təşkil olunub, Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılıb. Xalq Cümhuriyyəti zəngin və rəngarəng, orijinal mətbuatı ilə də diqqət çəkir. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunurdu. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdı. Ümumiyyətlə, həmin dövr teatr sahəsində əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı və teatrın cəmiyyətin həyatında rolunun artması ilə də əlamətdardır".
Millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində, türk dünyasında xalqımızın vətənpərvər övladlarının yaratdığı ilk demokratik respublika olub. O qeyd edib ki, Xalq Cümhuriyyətinin iki il müddətində mövcud olmasına baxmayaraq, onun fəaliyyəti dövlətçilik tariximizdə əhəmiyyətli rol oynayıb: "Azərbaycan Xalq Cümhuriyyəti bütövlükdə Cənubi Qafqazda ictimai-siyasi həyata təsir göstərməklə bərabər, müsəlman Şərqində milli azadlıq hərəkatına, türk dünyasında demokratik dövlət idarəçiliyinə nümunə oldu. Xalq Cümhuriyyəti və onun keçdiyi yol tariximizin şanlı və şərəfli səhifələrindən biridir. Bu gün müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi hamı tərəfindən qəbul olunur. Bugünkü müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi həmin cümhuriyyətin yaratdığı demokratik ənənələri uğurla davam etdirir".
Səxavət Həmid