5 Avqust 2015 18:42
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Təqaüdçüləri” Gənclər Birliyinin Azərbaycanın ərazi bütövlüyünə etinasızlıqla yanaşılması və beynəlxalq hüququn təməl prinsiplərinin pozulması ilə əlaqədar Avropa Gənclər Parlamentinin icraçı direktoru Krista Simberqə göndərdiyi etiraz məktubuna qurumdan rəsmi cavab gəlib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən “Prezident Təqaüdçüləri” Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu bildirib ki, Avropa Gənclər Parlamentinin rəsmi internet səhifəsində qondarma “Dağlıq Qarabağ Respublikasına Təhsil Səfəri” adlı elanın yerləşdirilməsindən sonra gənclər sektorundakı təşkilatların yerli mətbuatda dərc edilən bəyanatlarından və AGP Azərbaycanın mediaya rəsmi açıqlamalarından sonra elanın təşkilatın rəsmi saytından yığışdırılacağını güman etsək də, beynəlxalq təşkilat gözlənilən addımı atmayıb: “Qurumun bu anlaşılmaz və beynəlxalq hüququ tapdayan addımı bizləri rəsmi və tamamən hüquqi aktlara söykənən müraciət hazırlamağa vadar etdi. Rəsmi müraciətimizə tam bir həftə sonra cavab verilərək adıçəkilən layihənin AGP-nin mərkəzi ofisi ilə heç bir əlaqəsi olmadığı vurğulandı”.

T.Raufoğlu əlavə edib ki, “Sizinlə heç bir rəsmi bağlılığı olmayan bir tədbirin elanının rəsmi internet səhifələrində nə üçün hələ də qaldığı” sualından sonra AGP-nin icraçı direktoru elanın silinəcəyini bəyan edib və bu gün günorta saatlarından sonra qondarma layihənin elanı Avropa Gənclər Parlamentinin veb-saytından yığışdırılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər