Fövqəladə Hallar Nazirliyi (FHN) ilan və əqrəb sancmaları ilə əlaqədar təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır: “Meşəyə gedərkən əyninizə uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir. Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin”.
Məlumatda bildirilir ki, qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirmək lazımdır: “Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. Çünki ilanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır”.
Qeyd olunur ki, ölmüş hesab olunan ilana yaxınlaşmaq olmaz: “Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər. Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır”.
Əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin etmək məsləhət görülür: “Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın. Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin.
İlan və əqrəb sancması zamanı ilkin həkimə qədər tibbi yardım zamanı zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin, sancılmış nahiyəni hərəkət etdirməyin, yaranı su ilə yuyun, soyuq kompres qoyun, yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərin, yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyun. Yaraya jqut qoymaq, yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz. Həmçinin zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin və tibbi yardım çağırın".
Habelə, təhlükə zamanı 112-yə zəng etmək tövziyə olunur.