28 May 2014 20:45
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

"28 May - Respublika Günü" münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən paytaxt Ottava şəhərində bir sıra tədbirlər həyata keçirilib.

Azərbaycanın Kanadakı səfirliyindən Trend-ə verilən məlumata görə, ilk öncə Ottava şəhərinin meriyası qarşısında ənənəvi Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.
Daha sonra Səfirlik tərəfindən "Westin" mehmanxanasında "28 May - Respublika Günü" münasibətilə ziyafət tədbiri təşkil olunub.

Ziyafət tədbiri zamanı Ottavada fəaliyyət göstərən "Qarabağ" adlı Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən Azərbaycan Respublikasının və Kanadanın dövlət himnləri səsləndirilib.

Hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev açılış nitqi ilə çıxış edib. Səfir Fərid Şəfiyev ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Həmçinin, ziyafət zamanı Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Barri Devolin (Barry Devolin) çıxış edərək, Kanadanın Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb və ölkəmizin regiondakı vacibliyi barədə söhbət açıb.

Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.


Müəllif: