8 Avqust 2015 13:52
3 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşıl meydanlardan döyüş meydanına...

- Ay oğul, saxla, burda düşüm.
- Ay xala, olmaz, polisi görmürsən?

- Saxla, yüküm ağırdı, bir də geri qayıtmayım.
- Ay xala, eşitmirsən? Polis var deyirəm, olmaz.

Xalanın qulağındakı eşitmə aparatını görüncə, onun düşməyə israr etməyinin səbəbini anladım. O, həqiqətən sürücünün nə dediyini eşitmirdi.

Yadımda qalan qapqara gözlərindən, dağ boyda dərdlərinə rəğmən dən düşməyən qara hörüklərindən xatırladım. Demişdi ki, süd alıb qatıq çalır, onu mərkəzdə yaşayan müştərilərinə satır. Ev işləri bacardığını da demişdi, evlərdə çalışırdı.

165 saylı marşrutdan süd-qatıq dolu sumkalarını boşaltmağı xeyli çəkdi. Sürücü deyinməyindəydi.
İki il əvvəl soyuq qış günündə görüşmüşdüm onunla. Söhbət Cəbrayılın, elə Azərbaycanın da ən gənc döyüşçü şəhidi, hamının Tiqana kimi tanıdığı Samir Əliyevin anası Aminə xanımdan gedir.

Panel lövhələrin calağından ibarət soyuq, rütubətli, yarıqaranlıq otaqda küləyin vahiməli vıyıltısından qulaq tutulurdu. Aralı qalmış calaqlardan zibil belə maneəsiz otağa tökülürdü. Samirin valideynləri Qədir Əliyev və Aminə Əliyeva 9-cu mikrorayonda çoxunun tanıdığı həmin yarımçıq tikilidə yaşayırdı. Rayon icra hakimiyyətinə, sosial problemlərin həlli ilə məşğul olan qurumlara müraciətlərdən sonra şəhidin ailəsi 20 ildən çox yaşadığı şəraitsiz mənzildən Müfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürüldülər. Bu günlərdə isə sosial şəbəkələrdə Qədir Əliyevin vəziyyətinin ağır olduğu, sağalması üçün adına bank hesabı açılaraq ianə toplandığı barədə kampaniya başladılmasından məlumatlar yayıldı.

Ailəyə baş çəkib, onların vəziyyəti ilə maraqlandıq. Bundan başqa, indiki nəslin o qədər də yaxşı tanımadığı ən gənc şəhidimiz Samir Əliyevin ömür yolu, onun Tiqana kimi məşhurlaşması barədə valideynlərindən məlumat aldıq.

Samir necə Tiqana oldu?

Yeni mənzildə şəraitləri düzəlsə də, maddi sıxıntısı olan ailəyə qohum-qonşular, tanışlar kömək edir. Xəstəliyinə görə apteklərə xeyli borclu qalan Qədir Əliyev xəstəliyi barədə eşidənlərin onlara kömək etdiyini gizlətmədi.

Söhbət Tiqanadan düşəndə bütün problemlər unuduldu, xəstəlikdən əziyyət çəkən Qədir dayının gözləri güldü.

Onlar mənim gördüyüm digər şəhid valideynlərindən fərqlənirlər. Ağlamırlar, çox sakitdirlər və bir də Tiqana haqqında indiki zamanda danışırlar. “Durun gedək Tiqanaya baxaq” deyirlər, Tiqananın canına and içirlər, bu dəqiqə gələcəkmiş kimi onun yolunu gözləyirlər. Yarımçıq albomuna baxıb, boş qalmış səhifələrini nə vaxtsa Tiqananın dolduracağına inandıqlarını deyirlər. Bu evdə hamı Tiqanadan gülə-gülə danışır, yaşayırmış kimi.

Tiqananı tanımayanlar üçün əvvəlcə onun haqqında məlumat verək.

1990-cı illərin əvvəlində Cəbrayılda elə ailə yox idi ki, orada onun adı çəkilməsin. Hamı balaca bir oğlanın cəbhədəki qəhrəmanlıqlarından danışırdı. Adını Tiqana deyə çağırırdılar. Onun cəbhəyə ərzaq, silah daşıması, qorxmazlığı dillər əzbəri olmuşdu.

Əsl adı Samir olan qəhrəman 1977-ci il Cəbrayıl rayonunun Qaracallı kəndində doğulmuşdu. Uşaqlıqdan futbola böyük həvəsi olan Samiri məşhur fransız futbolçusu Jan Tiqananın şərəfinə o adla çağırırdılar. O vaxtdan Samiri hamı Tiqana kimi tanımağa başlayır.

“Neçə dəfə döyüş ərazisindən qovmuşdular onu”

Qədir dayı deyir ki, müharibə başlayanda on bir yaşında idi Tiqana: “Cəbrayılda düşməndən müdafiə olunmaq üçün könüllü dəstələr yarananda Tiqana da onların yanına ayaq açdı. Onun hər şeylə maraqlanması çoxunun xoşuna gəlirdi. Amma narazılar da vardı. Hamı deyirdi ki, bu uşağın döyüşə can atmasının axırı yaxşı olmayacaq. Hətta neçə dəfə döyüş ərazisindən qovmuşdular onu”.

Cəbhədəki əsgərlərin yavaş-yavaş üz-gözü öyrəşirdi Tiqanaya. Onu qovmasalar da, döyüşdən uzaq tutmağa çalışırdılar. Onda xəbər yayıldı ki, ən qızğın döyüşlərdə Tiqana neçə-neçə əsgərin xilaskarına çevrilib. Kəndə gələndə hamı onu qəhərman kimi qarşılayırdı.

Atası deyir, hamıdan kiçik olduğuna görə o ölçüdə əsgər forması tapılmırdı: “Kəşfiyyata çıxan əsgərlərə yalvarıb-yaxarandan sonra onlara qoşulub düşmənin beş-on addımlığına qədər gedib çıxmışdı. Tiqana minanı zərərsizləşdirməyi ən təcrübəli əsgərdən də yaxşı bacarırdı. İlk dəfə 1992-ci ilin sentyabrında döyüşə getdi. Biləndə sevinmişdim, amma qorxmuşdum. Ən çox da anasına, bacılarına görə narahat idim. Bütün günü gözümüz yolda qalırdı. Kənddə hamı Tiqanadan danışırdı, sevinirdim, amma nigaran idim”.

“Qələbə” xalçasının acı sonluğu

Valideynləri bizi Samirdən qalan və göz bəbəkləri kimi qoruduqları əşyalarla tanış edir. Albomuna “20 Yanvar”, Xocalı faciəsindən bəhs edən şəkillər, məqalələr, şeirlər yazıb. Albomun davamını isə artıq onun qəhrəmanlığından bəhs edən məqalələr, şəkillər, şeirlər tutur.

Tiqana yaşının az olmasına baxmayaraq, ön cəbhədə döyüşən əsgərlərə kömək edib, hətta erməni kəndlərinin dağ, meşə yollarını yaxşı tanıdığından bələdçi kimi kəşfiyyata gedənlərə qoşulurmuş.
Albomunda onun həyatından, döyüş yolundan bəhs edən məqalələr var. O, Cəbrayılın “Quşçular”, “Günəşli”, “Banazur”, “Hərəkül”, “Sirik”, “Qızılqaya”, “Qışlaq”, “Mülkədərə”, “Qazanzəmi”, “Zamzur”, “Daşbaşı”, “Köhnə Tağlar”, “Məzrə” və digər postlarında erməni işğalçılarına qarşı vuruşub.

Anası Aminə xanımın dediklərindən: “Ağ atı vardı. Tiqananı atsız görmək mümkün deyildi. Bir gün dedi, ana, gəlsənə Fatma nənəmlə birgə mənə ”Qələbə" xalçası toxuyasınız. Qırmızı ilmələrin sayını çox edərsiniz, ortada da atımın şəklini toxuyarsınız. Elə həmin günün səhərisindən başladıq. Hər dəfə səngərdən evə dönəndə xalça ilə maraqlanırdı.

Elə tələsirdi ki, tez bitsin. Xalça toxunub qurtaran gün Tiqananın ölüm xəbərini aldıq. Eynən kinolarda gördüyümüz kimi oldu. Atı da, xalçası da, əzizlədiyi şəkil albomu, yazdıqları da yetim qaldı balamın".

Tiqananın son döyüşü

Qədir dayıgildə gələnlərlə birlikdə Tiqananın olduğu videokasetlərə baxmaq artıq ənənəyə çevrilib. Valideynləri Tiqananın görüntülərinə baxmaqdan doymurlar, ona hətta irad da bildirirlər: “Bax, orada gizlənib deyə yaxşı düşməyib. Papağını gözünün üstünə qədər basıb, sifəti yaxşı görünmür...”

Videokasetlərin birində bir kadr var. Aktyorlar Həsən Turabovla Rasim Balayev də əsgər toyuna gəliblər. Tiqana hərbi geyimdə həmin toyda iştirak edir. Həmin vaxt hələ 14 yaşı var Samirin. Aktyorlar onu oynadıb başına pul səpirlər, xoş sözlər söyləyirlər.

Həsən Turabovla olan söhbəti:

- Tiqana, de görüm necə oldu ki, məktəbi atıb döyüşə getdin?
- Cəbrayılın dar günündə rahat otura blməzdim. Ərizə yazıb öz xoşumla məktəbdən çıxdım.

- Döyüşdən qaçanlara nə deyərdin?
- Deyirəm ki, ar olsun, məndən utanın.

1993-cü il avqustun 15-də ermənilər Cəbrayılın Quşçular postunu ələ keçirmişdilər. Sağ qalan döyüşçülər Doşulu kəndinə tərəf üz tuturlar. Quşçular kəndindən aşağıda, Daşbaşı tərəfdə üç əsgərimizin cəsədi qalmışdı. Tiqana cəsədin əvvəl birini, sonra o birini atəş altından çıxarır. Erməni tankları isə artıq Quşçular kəndində idi. Əsgərlər Tiqananın döyüşə girməsini əngəlləməyə çalışsalar da, o, razılaşmır və elə həmin döyüşdə şəhid olur.

Atası deyir, snayper gülləsi Tiqananın düz sinəsindən dəymişdi: “Sevindim ki, yaşı az olsa da, öləndə də kişi kimi öldü. Qaçıb gizlənmədi, dostlarına kömək elədi. Son nəfəsində onların cəsədini çıxara bildi”.
İnanmaq istərdik ki, tezliklə torpaqlarımız azad olacaq, Tiqananın narahat ruhu rahatlıq tapacaq. Bu, çoxlarına inandırıcı gəlməyə bilər. Amma Tiqana kimi əfsanələşən Samirin valideynlərinin problemlərini həll etmək çətin deyil, axı!

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər