11 Avqust 2015 11:47
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətanət Avazova: “Gürcüstan hökuməti ilə bağlanan sazişdən sonra adı çəkilən çayın ekoloji vəziyyətində xeyli irəliləyiş olacaq”

Yaxın vaxtlarda Azərbaycan və Gürcüstan arasında Kür çayının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün saziş imzalanacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən Kür çayında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində beynəlxalq səviyyədə xeyli işlər görülüb: “Gürcüstan hökuməti ilə imzalanacaq sazişdən sonra adı çəkilən çayın ekoloji vəziyyətində xeyli irəliləyiş olacaq. Sözügedən məsələ ilə bağlı Azərbaycan Gürcüstan hökuməti ilə iki ilə yaxındır müzakirələr aparır və bu istiqamətdə olan danışıqlar artıq yekunlaşmaq üzrədir”.

Müqavilənin texniki işi iki ildir yekunlaşıb

Mətanət Avazova bildirib ki, sazişdən sonra Kür çayının Gürcüstan hissəsində ekoloji durum xeyli yaxşılaşacaq: “Diplomatik kanallarla və Xarici İşlər nazirlikləri səviyyəsində danışıqlar gedir. Müzakirələr bitdikdən sonra iki dövlət arasında müqavilə imzalanacaq. Müqavilədən sonra qarşı tərəf bu istiqamətdə - suyun keyfiyyətinin yaxşılaşdırılması üçün istəsə də, istəməsə də üzərinə düşən məsuliyyəti həyata keçirməli olacaq. Düşünürəm ki, sazişin imzalanmasından sonra Kür çayında çirklənmənin qarşısını almaq mümkün olacaq”.

Nazirlik rəsmisi bildirib ki, sazişdən sonra su ehtiyatları artıq regional idarə olunacaq: “Həmin saziş imzalanandan sonra sazişin tərkibində işçi qrupları fəaliyyət göstərəcək. Həmin qrupun işçiləri suyun keyfiyyətinə, kəmiyyətinə və hüquqi məsələlərin tənzimlənməsinə nəzarət edəcək. Sazişin tərkibində fəaliyyət göstərən insanlar ayrıca monitorinq qrupları olacaq ki, onlar işlərin necə yerinə yetiriləcəyi barədə məlumat verəcəklər. Yəni Kür çayına nəzarət milli səviyyədə yox, artıq regional səviyyədə baxılacaq.

Sazişdən sonra məqsədlər bildiriləcək, tədbirlər planı yerinə yetiriləcək. Fikrimcə, hüquqi sənəd ərsəyə gələndən sonra o işləri dövlət arasında rahat şəkildə yerinə yetirmək olar. Bu zaman transərhəd çaylara axıdılan axıntıların faizi azalacaq".

Mətanət Avazovanın sözlərinə görə, imzalanacaq müqavilənin vaxtı hələ məlum deyil: “Əslində, müqavilənin texniki səviyyədə işi iki il əvvəl bitirib. Ancaq diplomatik baxımdan işlər uzanır. Səbəb isə bu məsələnin siyası baxımdan da həll olunmasıdır. Layihədə bizə yardım edən beynəlxalq təşkilat var, həmin təşkilat artıq Gürcüstanın və Azərbaycanın Xarici İşlər Nazirliyinə bu işin tezləşdirilməsi barədə müraciət edib.

Bu yaxınlarda beynəlxalq tədbir var idi. Orada da bildirildi ki, hər iki dövlət bu işdə öz razılığını bəyan edib. Yaxın gələcəkdə bu işlər həyata keçiriləcək".

Mətanət Avazova qeyd edib ki, 10 ildir Azərbaycan “Transsərhəd su axınları” adlı Avropa Konvensiyasına qoşulub və qurum 4 ildən bir suyun keyfiyyətinin qiymətləndirilməsi üçün hesabatlar hazırlayır.

Nazirlik rəsmisinin sözlərinə görə, beynəlxalq hesabatlarda Kür və Araz çaylarının yuxarı axınlarda güclü çirklənməyə məruz qaldığı qeyd olunur.

“Gürcüstan üzərinə məsuliyyət götürəcək”

“Davamlı İnkişaf” Araşdırmalar Mərkəzinin direktoru Nəriman Əliyev deyir ki, transsərhəd çayların problemi bütün ölkələrdə var: “Bizim ölkədə bu problem ciddi olduğu üçün Azərbaycanın Gürcüstanla saziş imzalaması gündəmdə idi. Ekoloqlar dəfələrlə bu məsələnin həllinin vacibliyini vurğulayıblar.

Bildiyiniz kimi, Kür çayı Ermənistandan da keçir. Düşmən ölkədən axıdılan çirkab çayın tərkibini xeyli bulandırır. Eyni zamanda, Kür Gürcüstan ərazisindən də adlayır və oradakı tullantı sularının yarıdan çoxu çaya axıdılır. Ermənistanla məsələnin hüquqi həlli mümkün olmasa da, Gürcüstanla bu sahədə əməkdaşlıq gerçəkləşdirilə bilər.

Müqavilənin bağlanması ilə Gürcüstan ekoloji şərtlərə əməl etməli olacaq. Düşünürəm ki, təmizləyici qurğular Gürcüstanda quraşdırılacaq və həmin qurğuların fəaliyyəti barədə Azərbaycanın Ekologiya Nazirliyinə hesabat təqdim olunacaq. Əlbəttə, çox şey razılaşmalardan asılı olacaq. Hələlik müqavilənin şərtləri haqda geniş məlumat yoxdur.

İki ölkə arasında belə bir sazişin imzalanmasına yalnız sevinmək olar. Bəlli olduğu kimi, Gürcüstan ərazisində Kürə axıdılan çirkab sularında təmizləyici qurğular yoxdur. Müqavilə bağlanarsa artıq Gürcüstanın üzərinə məsuliyyət düşəcək. Hesab edirəm ki, bu sazişdən sonra transsərhəd çayların vəziyyəti nəzərə çarpan dərəcədə yaxşılaşacaq".

İlhamə


Müəllif:

Oxşar xəbərlər