“Azəriqaz” İstehsalat Birliyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə birlik tərəfindən cari ilin 7 ayı ərzində 6558 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.
Şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 369 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-iyul ayları ərzində respublikanın 140 yaşayış məntəqəsi qazlaşdırılıb. Bununla da, 1 avqust 2015-ci il tarixinə olan məlumata əsasən, təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 772 min 347-yə çatdırılıb ki, bunun da 1749219-u əhali və 23128-i isə qeyri-əhali sektoruna aid olub.
Naibə QURBANOVA