13 Avqust 2015 13:42
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

- “İmtahandan çıxmısınız? Balınız istədiyiniz kimi deyil? Bizə müraciət edin, sizi dövlət universitetlərinə yerləşdirək!
- Attestatla Türkiyə dövlət universitetlərində təhsil almaq imkanı!!!
- 100-200 bal arası toplayan tələbələrə xüsusi endirimlər.
- Diplom Azərbaycanda tam olaraq tanınır.
- Hərbi xidmətdən möhlət hüququ.
- Universitetlərin illik təhsil haqqi 200-700 AZN arası dəyişir.
- Yataqxana aylıq 120-190 AZN arası dəyişir.
* Bakalavr - Əyani * Magistr – Əyani”
"Fil üstündə bülbül" - İmtahandan toplanan balın da üstünlüyü var...

Əvvəllər daha çox sosial şəbəkələrdə və bir qədər ehtiyatla yayılan bu təklifləri artıq televiziya ekranlarından da eşidirik. Həm də xüsusi vurğulanır ki, Azərbaycanda imtahanda topladığınız balın heç bir əhəmiyyəti yoxdur, xarici ali məktəblərə qəbul yalnız attestatla aparılır. Elan xüsusən də, TQDK-nın keçirdiyi qəbul imtahanından keçid balını (!) toplaya bilməyən abituriyentlər və onların “hansı yolla olursa-olsun, uşağım universitet oxusun” deyən valideynlərinin maraqlarına uyğun gəldiyindən, sosial şəbəkədə həmin təklifləri verən səhifələrdə böyük “tıxaca” səbəb olub. Səhifəyə sual sual üstündən gəlir:

- “97 bal toplayan oğlum Türkiyədə təhsil ala bilərmi?”,
- “Mən 103 bal toplamışam, “uni”də oxuya bilərəmmi?” və sair və ilaxır…
Elə biz də xaricdə attestala “təhsil almaq” qərarına gəldik. Sosial şəbəkədə elan yerləşdirmiş çoxsaylı şirkətlərdən birinə - “S group Academy”ə zəng etdik. Şirkətdən Anadolu Universitetinin iqtisadiyyat fakültəsinə attestatla qəbulun həyata keçirildiyini və hətta yerlərin məhdud olduğunu dedilər. Məlum oldu ki, tələbənin bu universitetdə illik təhsil haqqı 200 manatdır. Şirkətə vasitəçilik etməsi üçün 1800 manat ödəməliyik. Bu pulun 800 manatını əvvəlcədən, 1000 manatını isə qəbul olmağımız haqqında sənədi əldə etdikdən sonra verməliyik.

Əgər bu müddət ərzində əsgərlikdən yayınmaq istəsək, bunun da öz qiyməti var - xidmət haqqından əlavə 400 dollar.

Bununla biz oxuduğumuz müddətdə hərbi xidmətdən azad olmuş oluruq. Şirkətdən bizi arxayın etdilər ki, ali məktəbdən alacağımız diplom Azərbaycanda tanınır. Həm də onu dedilər ki, əgər TQDK-nın keçirdiyi qəbul imtahanında iştirak edib az da olsa bal toplamışıqsa, bu bizim üçün üstünlükdür. Belə ki, həmin sənədi gətirsək, bizə qəbulda üstünlük veriləcək. Bir var heç imtahan verməyəsən, bir də var keçid balını toplamasan belə az da olsa, balın olsun. Buna da deyirlər “fil üstündə bülbül”…

Gələcəyin qatil həkimləri necə yetişir?

Xaricdə təhsil alacaq tələbənin diplomunun tanınıb-tanınmaması ayrı bir mövzudur. Ən acınacaqlı məqam ondan ibarətdir ki, hətta diplom Təhsil Nazirliyi tərəfindən tanınsa belə, orta məktəbdə 11 il oxuyub 50-100 bal toplayan tələbə Azərbaycana döndükdə necə həkim, müəllim,iqtisadçı olacaq?

“Yəqin ki, həmin “tələbə” Azərbaycana həkim kimi dönsə ona müraciət edən 10 pasientdən 9-nu öldürəcək. Onda belə çıxır ki, həmin ali məktəblər həkim, müəllim, iqtisadçı və s deyil, cəllad, qatil hazırlayır”, - təhsil üzrə ekspert Əjdər Ağayev deyir.

Digər ağrıdıcı məqam isə insanların televiziyalara, qəzet və elektron mediaya olan yüksək etibarı müqabilində aldadılmalarıdır. Hətta səhv etdiklərini bilsələr belə, valideynlər şüuraltı inanırlar ki, əgər hansısa elan mətbuatda tirajlanıbsa, televiziyada yayımlanıbsa, demək ki, orada yalan ola bilməz. Bəs problem nədən qaynaqlanır? Nəyə görə valideyn boğazından kəsib qəpik-qəpik yığdığı 5-10 manatı lazımsız və nəticəsi olmayan bir işə sərf etsin?

"Öz dilində 200 bal toplaya bilməyənlər əcnəbi dildə necə oxuyacaq?"

Ekspertlər hesab edirlər ki, bu problemlər Azərbaycanda kütləvi təhsil almaq meyllərinin çox güclü olmasından qaynaqlanır. Orta məktəbi necə bitirməsindən asılı olmayaraq Azərbaycanda valideynlərin çoxu istəyir ki, övladları ali təhsilli olsunlar. Əvvəllər xaricdə təhsil inkişaf üçün, daha güclü ali məktəbdə təhsil almaq üçün bir vasitə hesab edilirdisə, son vaxtlar xaricdə təhsil anlayışı öz məzmununu dəyişib. Dövlət xətti ilə oxumağa gedənlərdən əlavə, ayrı-ayrı şirkətlər, kurslar, dərnəklər də elanlar verərək imtahansız bəzi xarici ali məktəblərdə təhsil almaq şəraiti yaradırlar.

Təhsil üzrə ekspert Etibar Qasımoğlunun Publika.az-a bildirdiyinə görə, öz doğma dilində 200 balı toplaya bilməyən abituriyentin xarici ölkədə əcnəbi dildə təhsil alması şübhə doğurur:
“Əgər abituriyentlər TQDK-nın müəyyənləşdirdiyi keçid ballarını toplaya bilmirsə, şübhəsiz ki, təhsilin növbəti pillələrində - orta ixtisas, peşə məktəblərində təhsillərini davam etdirə bilərlər. Kütləvi təhsil almaq bizdə belə qəti fikir formalaşdırıb ki, hər kəs mütləq ali təhsil almalıdır. Plan yerlərinə TQDK-nın nəticələrindən asılı olaraq abituriyentlərin 1/3-i tələb oluna bilir. Yerdə qalanlar bu və ya digər səbəblərdən digər ölkələrə - Ukraynaya, post-sovet ölkələrinə, Türkiyəyə təhsil almağa gedirlər. Maraqlı sual ortya çıxır. Öz doğma dilində keçid balını – 200 balı toplaya bilməyən bir şəxs necə rus, türk, ukrayn dilində təhsil ala bilər? Necə bizim üçün mütəxəssisə çevrilə bilər?”

Dövlət xətti ilə xaricdə təhsil almağa gedən gənclər hərbi xidmətdən müvəqəti azad olunurlar. Əslində diplomu tanınmayan ali məktəblərdə təhsil alan azərbaycanlı gənc oğlanlara əslində möhlət hüququ verilmir. Belə şəxslərin ölkədən getməsi həm də ordu sıralarında seyrəklik yaradır və onları tapmaq çətin olur. Əslində isə onların ölkədən çıxması üçün xarici pasport və hərbi xidmətdən icazə lazımdır.

Ekspertlər hesab edirlər ki, problemin qarşısının alınması üçün TQDK balları 100-ə və ya 150-yə sala bilməz. Bu kimi halların qarşısının alınması üçün maarifçilik işləri aparılmalı və tövsiyə olunmalıdır ki, xarici ölkələrə getməkdənsə, tələbə ola bilməyənlər kollecləri seçsinlər və ya peşələrə yiyələnsinlər, xidmət sektorunda işləsinlər. Bu gün yaxşı peşəyə sahib olan şəxs ali təhsilli işsizlərdən qat-qat üstündür. Əslində öz işini yaxşı bacaran sənətkara hər yerdə ehtiyac var.

Xaricdə təhsillə bağlı vahid konseptual proqram yaradılmalıdır

Təhsil eksperti Əjdər Ağayevin Publika.az-a bildirdiyinə görə, insanların təhsil almaq yollarını açmaq lazımdır, amma qanuni yolla. Mütəxəssisin fikrincə, problem hökumət tərəfindən tənzimlənməlidir:
“Xaricdə təhsilin digər xoşagəlməz məqamı göndərilən tələbələrin sonradan oxumasıyla bağlıdır. Bunu araşdıran yoxdur. İmtahansız xaricdə ali məktəblərə qəbul olunan belə şəxslərin diplomları sonradan ölkəmizdə tanınmır. Nəticədə belə şəxslərin çoxu xaricdə qalır, əksər halda öz ixtisası üzrə işləmir. Bəzən hansısa qruplara, hərəkatlara qoşulur. Əqidə baxımından da bu çoxistiqamətliliyin, nizamsızlığın nəticələri xoşagəlməz hallara gətirib çıxarır. Əgər kimsə xaricdə təhsil almaq istəyirsə, 3-5 min manat verib imtahansız yox, imtahanla getsə daha yaxşı olar. Hökumət gənclərin xaricdə təhsil almaq arzusunu nəzərə alaraq vahid konseptual proqram yaratmalıdır. Proqramda xaricdə təhsil hansı yollarla aparıla bilər – bu tələblər göstərlməlidir. Hərbi xidmət məsələsi də dövlət proqramında öz həllini tapmalıdır”.


Attestat hələ heç nə demək deyil...


Bakı Dövlət Universitetinin müəllimi, deputat Nizami Cəfərov da hesab edir ki, Azərbaycanda qəbul imtahanı verməyib, attestatını götürüb müəyyən reklamlara, vədlərə uyub xarici ölkələrə getmək yaxşı təsəvvür yaratmır. Bu onu göstərir ki, həmin şəxslər burada imtahan verə bilmirlər və müxtəlif yollar axtarırlar:


“Son vaxtlar Tükiyədə, Ukraynada, Rusiyada bir sıra universitetlər yaranıb ki, onlar attestatla tələbə qəbul edirlər və tələbəni qətiyyən oxutmurlar. Uşaqlar orada illərlə qalır, hərbi xidmətdən yayınır, özləri də gələcəkdə həyatlarını məhv edəcək yollara düşürlər. Bu təhlükə mövcuddur və mən qəti şəkildə əleyhinəyəm ki, gənclər ölkədən, hərbi mükəlləfiyyətdən qaçaraq getsinlər. Bu gənclər bizim ölkəmizin potensialıdır. Onlar həm özləri, həm də xalqımız üçün qazanc deyil, itki ola bilərlər. Ona görə də burada imtahan vermək birinci şərtdir”.


Millət vəkilinin sözlərinə görə, attestat özü hadisədir və əgər şəxs attestat alıbsa, demək orta məktəbi oxuyub. Amma attestat alanların TQDK-nın imtahanından sonrakı nəticələri açıqlananda görünür ki, attestat hələ heç nə demək deyil…

Millət vəkili, professor Musa Qasımlı da hesab edir ki, xarici ölkələrin ali məktəblərinə imtahansız qəbul olunma məsələləri milli təhlükəsizliyimiz, ölkəmizin bu günü və gələcəyi baxımından ziyanlıdır: “Birincisi ona görə ki, həmin gənclərin bir çoxu dörd illik təhsil əvəzində 5, 6, 7, hətta 8 il təhsil alırlar. Çoxları heç diplom da ala bilmir. Həmin gənclər millətimizin və ölkəmizin səviyyəsi haqqında mənfi rəy yaradırlar. Bundan əlavə, həmin gənclərin valideynlərli Azərbaycanda qazandıqları pulları övladlarının faydasız təhsili üçün ödəyirlər. Azərbaycan ailəsi həmin universitetlər üçün donora çevrilir. Bəzən hətta valideynlər bunun ağır nəticələrini görə bilmirlər. Sadəcə el içində “övladım xaricdə təhsil alır” deyirlər. Hələ yetkinləşməmiş bu gənclərin bir çoxundan həmin ölkələrdəki müəyyən gizli siyasi, terror qrupları və kəşfiyyat orqanları öz maraqları naminə istifadə edə bilərlər. Məsələn, Türkiyədə təhsil alan üç nəfər azərbaycanlı gəncin bir neçə ay əvvəl PKK sıralarına qoşulmasına dair xəbərlər yayıldı. Həmin gənclərin bir qismi də radikal dini qruplaşmaların və cərəyanların təsiri altına düşürlər. Axı bu şəxslər daim xarici ölkələrdə yaşamayacaqlar. Nə zamansa geri dönəcəklər. Onda bizi nə qədər ağır, mürəkkəb proseslərin gözləyəcəyini indidən proqnozlaşdırmaq olar. Bir neçə il sonra qarşımızda “xaricə təhsil almışam” deyən, lakin bisavad, milli-mənəvi, dini köklərdən uzaq düşən, dövlətə və millət qarşı çevrilən gəncləri görə bilərik”.


Millət vəkili hesab edir ki, gənclərimizin bakalavr təhsilini ölkəmizdə, magistr təhsilini isə yetkinləşdikdən sonra xarici ölkələrdə alması elm və təhsilimizin daha yaxşı qəbul olunmasına kömək edər.


Övladlarınızı mənşəyı bəlli olmayan xarici ali təhsil müəssisələrinə göndərməyin!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Publika.az-a bildirdiyinə görə, abituriyentlərə attestatla xaricdə təhsil təklif edən şirkətlərin bu göndərişləri daha çox turistik səciyyə daşıyır və heç bir məntiqə uyğun gəlmir:


“Ali məktəbə qəbul aparılarkən məntiqə əsaslanmalıdır. İmtahan olmadan ali məktəbə qəbul olmaq məntiqsizlikdir. Bəzi maraqlar naminə hansısa kurslar var ki, attestatla gənclərə xarici ali məktəblərdə oxumaq təklif edirlər. Amma bunlar da səfər xarakteri daşıyır və turistik göndərişə bənzəyir”.


Tanıdım səni


O ki qaldı həmin ali təhsil ocaqlarının verdiyi diplomların ölkəmizdə tanınmasına, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, bəzi işbazların belə vədləri sadəcə insanları tora salmağa xidmət edir: “Təhsil Nazirliyi heç bir kanal və ya sahibkarlıq subyekti ilə xarıcdə ali təhsil almaq vədlərini bölüşmür və birgə əməkdaşlıq fəaliyyəti yoxdur. "İşbazlar"ın Təhsil Nazirliyi adından verilən vədlərinə inanaraq övladlarınızı mənşəyı bəlli olmayan xarici ali təhsil müəssisələrinə göndərməyin. Bu problemi aradan qaldırmaq üçün müvafiq işlər görülür və məsələ ilə bağlı bütün cəbhələrdə mübarizə aparırıq”.


0-dan 200-ə

Məlumat üçün bildirək ki, bu il də ötən ildə olduğu kimi 0-200 bal toplayan abituriyentlər çoxluq təşkil edir. Belə ki, I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etsə də, onlardan 10911 nəfəri(91.89 faizi), II ixtisas qrupu üzrə 7224 nəfərdən 6107 nəfəri (84.54 faizi), III ixtisas qrupu üzrə 7812 abituriyentdən 5878-I (75.24 faizi), IV ixtisas qrupu üzrə 2094 nəfərdən 1859 nəfəri (88.78 faizi) 0-200 bal intervalında nəticə əldə edib.

Bu, olduqca ciddi rəqəmdir və onu göstərir ki, abituriyentlərin böyük əksəriyyəti sovet dövrünün 5 ballıq sistemi ilə qiymətləndirsək “2” alıb. Belə olan halda hər hansı yolla mütləq təhsil almağı "Hamlet məsələsi"nə çevirməyin nə önəmi var? Buna dəyərmi? Əsl sual budur!


Müəllif:

Oxşar xəbərlər