14 Avqust 2015 12:55
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay süfrəsini qarpız-yemişsiz təsəvvür eləmək mümkün deyil. Həm dad verir, həm də fayda... Mütəxəssislərin fikrincə, tərkibində A və C vitaminlərinin bol olduğu qarpız və yemiş immun sistemini yüksəldir. Bu da bir çox infeksion xəstəliklərin riskini azaldır.

Hər iki nemət qaraciyərin funksiyasının yaxşılaşdırılmasında da əvəzsiz vasitə hesab olunur.

Tumu da dərmandır, özü də...

Yay aylarını insanlara qışa hazırlıq üçün verilmiş fürsət hesab edən dietoloq Tutu Zeynalova bu mövsümdən düzgün faydalanmağı, eləcə də, qarpız və yemişdən qədərincə qidalanmağı tövsiyə edir: “Ayrıca, siqaret çəkənlər A vitamini çatışmazılığı ilə üzləşdiklərinə görə yemiş əvəzsiz qidadır. Hətta siqaret istəyini azaldan qidalar siyahısında yemişin də adı var.

Yemişlə bağlı bu tövsiyə yəqin ki, qadınların diqqətini daha çox çəkəcək. Yemiş, xüsusilə, onun tumu dəri və saç sağlamlığı üçün çox önəmlidir. Kosmetik vasitələrin hazırlanmasında da yemiş tumundan istifadə olunur. Dərinin təravətli və gözəl qalmasını istəyirlərsə, xanımlarımız porsiyalarına diqqət edərək yemişdən istifadə edə bilərlər".

İdmançılara yarışdan sonra qarpız şirəsi içirilir

Dietoloqun sözlərinə görə, qarpız-yemiş həm də göz sağlamlığını qoruyan, həzm problemini aradan qaldıran qidalardır: “Qarpızın tumları da bağırsağın işini fəallaşdırır. Eləcə də, yemişin... Hətta bəzi araşdırmalarda qeyd olunur ki, yemiş tumu bağırsaq qurdlarının düşməsinə də kömək edir. Yalnız mədə xorası olan insanlar bir az diqqətli olmalıdır, xüsusən yemişin özünü, və tumlarının qəbulunda. Mədəsi xəstə olanlara yemişi tövsiyə etmirik, qarpızdan isə az miqdarda yeyə bilərlər.

Qarpızın daha bir özəlliyi var. Yəqin, diqqət etmisiniz, idmançılara yarışdan, rinqdən sonra onlara qarpız suyu verilir. Çünki tərkibindəki xüsusi maddə amin turşusu sintezini artırır ki, bu da qan dövranını yaxşılaşdıraraq əzələlərdəki ağrıları azaldır. Bu içkidən sonra idmançılar özlərini yaxşı hiss edirlər".

Tutu Zeynalova gün ərzində yeyilən qarpız və yemişin miqdarına da diqqət yetirməyin önəmini vurğuladı. Onun sözlərinə görə, gündə bir adamın 4-5 kiloqramlıq qarpız yeməsi 250 qramlıq şəkər qəbul etməsidir ki, bu da normadan dəfələrlə çoxdur: “Kalorisi aşağı olsa da, qarpızın qliserin indeksi yüksəkdir”.

Şəkərli xəstələr qarpız yeməsin

Qliserin indeksi nədir? Sualımıza cavabında dietoloq dedi ki, hər bir qidanın qliserin indeksi var, yəni şəkəri qaldırma sürətinin göstəricisi: “Qarpızın qliserin indeksi yüksək olduğundan şəkərli diabeti olan insanlara, insulindən əziyyət çəkənlərə qarpızı tövsiyə etmirik. Yesələr belə, gün ərzində orta tutumlu qarpızın bir dilimini qəbul edə bilərlər.

Onu da deyim ki, normal insana gün ərzində meyvə-tərəvəzin 3-4 porsiyadan çox qəbulu məsləhət deyil. Yəni 3 porsiya meyvə qəbul edirsinizsə, bunlardan 2-si qarpız ola bilər.

Çox qarpız yeyənlərə isə məsləhətdir ki, proteinli qidalar qəbul etsinlər. Məsələn, qarpızın yanında süzmə qəbul edə bilərlər. Qarpızın da, yemişin də yüksək antioksidant tərkibi olduğuna görə hər ikisi qara ciyərin təmizlənməsinə çox yaxşı təsir edir".

Nitrat xərçəng riskini artırır

Mütəxəssislərin fikrincə, qarpız tağının digər bitkilərdən fərqli olaraq özünə qida maddəsi axtarmaq xüsusiyyəti var. Odur ki, bu bitki qida maddələrinə, xüsusən azota olduqca tələbkardır. Azot isə bu bitkiyə təbii və süni yolla ötürülür. Nitrat tərkibli azot normadan artıq olduqda insan orqanizmi üçün ciddi fəsadlar yaradır.

Dietoloq bildirdi ki, nitrat gübrələri normadan çox olan qidaların qəbulu xərçəng riskini yüksəldir: “Xüsusən, mədə-bağırsaq sisteminin xərçəng riskini artırır”.

Bir vaxtlar qarpızın avqust ayının ortalarından sonra yeyilməsi tövsiyə olunurdu. Bunun səbəbi tez məhsul yetişməsi üçün bitkiyə nitrat tərkibli azotun normadan artıq vurulması ilə izah edilirdi. Amma son illər məhsul bazara iyun ayının sonlarından çıxmağa başlayır və avqust ayının ortalarından başlayaraq qarpız xarlayır, yeyilməsi mümkün olmur.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirir ki, son illər fermerlər qarpızı erkən becərməyin yollarını öyrəndiklərinə görə və tezyetişən sortlar əkildiyi üçün məhsul tez xarlayır: “Sovet adamları belə adət etmişdi ki, qarpızı erkən becərməklə məşğul olmurdular. Lakin indi erkən becərmə yolları öyrənilib. Qarpızın tez yetişməsi o demək deyil ki, tərkibində nitrat var. Torpaq münbitdirsə, istilik qaydasında olubsa, suvarma, havalanma vaxtlı-vaxtında aparılıbsa, bitki vaxtında yetişir”.

Qalınqabıq qarpızlar daha kütləvi becərilmir

Mütəxəssis dedi ki, avqust ayının ortalarından başlayaraq yetişən qarpız başqa sortdur: “O qarpızların qabığı qalın olur. Çilə qarpızı deyilən bu sort hətta Novruz bayramına qədər saxlamaq mümkün idi. Az məhsuldar sort olduğuna görə, indi o qarpızların kütləvi yetişdirilməsi sərfəli deyil. Fermer çalışır ki, hər hektardan 50 ton qarpız götürsün, amma o qarpızların məhsuldarlığı 15-20 ton idi”.

Mütəxəssis bildirdi ki, seleksiya ilə məşğul olan alimlərin Azərbaycan mühitinə uyğun meyvə-tərəvəz sortu yetişdirməsinə ehtiyac var: “Bu sortlar kütləvi istehsala verilməlidir. Hazırda fermerlərimiz qarpız yetişdirilməsində çətinlik çəkirlər. Avropa sortunu alıb gətirirlər. Amma bu məhsulu yerli şəraitə uyğunlaşdırmaq üçün elmi əsaslar olmalıdır. Nə etmək olar ki, həm məhsuldarlıq artsın, həm də iqlim şəraitinə və torpağa uyğun, yüksək keyfiyyətli məhsul alınsın?.. Alimlərimiz bu məsələnin həlli yollarını tapmalıdır. Çox təəssüf ki, elmlə kənd təsərrüfatı arasında vəhdət itib”.

Ötən il kilosu 15 qəpik idi, bu il 30 qəpik

Müşahidələrimizə görə, əvvəlki illərlə müqayisədə bu mövsümdə bazarlarda qarpız və yemiş məhsulu azalıb, qiyməti də ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu da Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına axınının artması ilə əlaqələndirilir.

Vahid Məhərrəmov bildirdi ki, qarpızın qiymətinin artması tək Rusiyaya axınla əlaqədar deyil. Kənd təsərrüfatı məhsulları yüklənən avtomobillərin paytaxta girişinə məhdudiyyət həm qıtlığa, həm də qiymətlərin artmasına səbəb olur: “Ötən il bu vaxtı qarpızın kiloqramı 15-20 qəpik idisə, bu il 30 qəpikdir. Bəzi hallarda 28 qəpik. Statistikaya görə, ötən il əvvəlki ilə nisbətən 4 min ton ixracımız, 50 min ton isə idxalımız artıb. Azərbaycan o qədər kənd təsərrüfatı məhsulu istehsal etmir ki, Rusiya bazarını da ödəsin. Rusiya rublu son 10 gündə 20 faizə qədər dəyərini itirib. Bütün bunlar isə qiymətə təsir edən amillərdir”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər