18 Avqust 2015 12:12
2 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səadət Məmmədova: “Hədəfimiz xarici qonaqları cəlb eləməkdir”

Hərtərəfli xidmətlə əhatə olunmuş məkanda istirahət etmək hər kəsin arzusudur. Belə bir istirahət qaynar yay günləri üçün göydəndüşmədir. Azərbaycanda yeni yaradılan istirahət mərkəzləri insanlara yeni şanslar verir.

Belə yerlərdən biri isə Azərbaycan turistlərinin ən sevimli bölgəsi olan Xaçmaz rayonunda Nabran kurort zonasındakı yeni fəaliyyətə başayan beşulduzlu “River İnn Resort” otelidir.

"Silk Way Travel" şirkəti avqustun 14-də jurnalistlər üçün sözügedən otelə birgünlük infotur təşkil etdi. Ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təşkil olunan infotur Bakıdan, Əl Oyunları Sarayından start götürdü.

Üç saatdan sonra çatdığımız “River İnn Resort”la tanışlıq başladı. Xəzər dənizinin sahili boyu, relikt meşələrin əhatəsində yerləşən oteldə hər bir turistin istəklərini təmin etməyə şərait yaradılıb. İlk baxışdan da məlum olur ki, “River Inn Resort” ərazisində turistləri əsl istirahət və unudulmaz təəssüratlar gözləyir.

“Qiymətlər fəsildən asılı olaraq dəyişir”

Otellə bizi marketinq meneceri Səadət Məmmədova tanış etdi. O bildirdi ki, oteldə 3 villa da daxil olmaqla ümumilikdə 35 yer var. Villalarda 1 günlük yerləşmənin qiyməti 400-800 manat arasında dəyişir. Oteldə isə 1 nəfərlik (səhər yeməyi də daxil olmaqla) otaqlarda 1 günlük gecələmə 150, 2 nəfərlik otaqlarda gecələmə 200 manata başa gəlir. 6-12 yaşlı uşaqlar üçün 50 faiz endirim tətbiq edilir. Otel bura istirahətə gələnlərə xüsusi paketlər - “Korporativ”, “SPA”, “Şərab Dequstasiyası”, “Ailəvi İstirahət” və yeni ailə quranlar üçün “Toy” paketlərini təqdim edir.

Səadət Məmmədova mövsümdən asılı olaraq qiymətlərdə dəyişiklik olduğunu bildirdi: “Qiymətlər fəsildən asılı olaraq dəyişir. Məsələn, qışda və yayda otel otaqları fərqli qiymətə təklif olunacaq. Hazırda bu proqram üzərində işləyirik”.

Menecer uşaqlar üçün endirimlərdən də danışdı: “Yeddi yaşadək uşaqlara oteldə yerləşdirmə pulsuzdur, 7-dən 12 yaşadək uşaqlar üçünsə 50 faiz endirim tətbiq edirik”.

Səadət Məmmədova oteldə ən sərfəli paketin “Ailə paketi” olduğunu dedi: “Bu paketi seçməklə qonaqlar gün ərzində üç dəfə yemək daxil olmaqla adambaşına gündəlik 100 manat ödəyəcəklər. Qrup halında gələn turistlər ”Korporativ Paketi" seçə bilərlər. Lakin bu paketi müəyyən günlər üçün əldə etmək mümkündür - bazar ertəsi, cümə axşamı və sair. Bu halda gündə adambaşına qiymət səhər yeməyi daxil olmaqla 60 manat edir".

Uşaqlar üçün dayə xidməti

Menecer oteldə göstərilən bütün xidmətlərin qeyd olunan ödənişə daxil olduğunu dedi. O, pullu iki xidmətin olduğunu da vurğuladı. Belə ki, oteldə bouling və bilyard üçün müştəri əlavə ödəniş etməlidir.
Oteldə çalışan işçi heyətinə gəlincə, müsahibimizin sözlərinə görə, onların çoxu yerli sakinlərdir: “Bu otelin açılması həm də onlarla insanın yeni və rahat iş yerləri ilə təmin olunmasına şərait yaradır”.

Oteldə qonaqlara təbiətin qoynunda, yerli flora və faunanın əhatəsində maraqlı istirahət fürsəti verilir. Bura gələnlər SPA mərkəzində müxtəlif prosedurlarla yanaşı, açıq hovuzda üzə və ya günəş vannaları qəbul edə, oteldə film izləyə, idman zalının xidmətindən istifadə edə və müxtəlif elektron oyunlar oynaya, yerli və əcnəbi mətbəxin müxtəlif çeşidli təamlarından dada bilərlər.

Otelin mərkəzi hissəsində yerləşən hovuz buranın möhtəşəm görünüşünü daha da maraqlı edir.
“River Inn Resort”da balacaların da marağı nəzərə alınıb. Belə ki, kiçik uşaq bağçası və uyğun kabinələr uşaqların təhlükəsiz əylənməsi üçün idealdır. Burada qonaqlar dayənin xidmətindən də yararlana bilərlər.
Oteldə konfrans, təqdimat və müştərinin istəklərindən asılı olaraq digər tədbirlərin təşkili üçün auditoriyaları xüsusi qeyd etmək lazımdır. Mütaliəni sevənlər üçün yaradılan kitabxanada isə tamamlama işləri gedir.

Ümumilikdə otelin ərazisi 15 hektardır. Buradan keçən təbii çaya isə otel işçiləri “River İnn” adını veriblər. Çayda qonaqlar balıq tuta və çimə bilərlər.

Qida zənginliyinə xüsusi diqqət

Otelin daha bir özəlliyi ərazidəki digər istirahət mərkəzlərində təsüdüf edilməyən vertolyot meydançasının olmasıdır. Bu isə xarici tursitlər üçün əlverişlidir. Bura yeni salınmış yaşıllıqla bərabər, çoxəsrlik yaşı olan ağaclarla əhatələnib.

Kotteclər və villalar da elə həmin ağacların kölgəsində inşa olunub ki, bu da mərkəzə xüsusi gözəllik verir.

Həm yay, həm də qış mövsümündə fəaliyyət göstərəcək otelə daxili turistlərin cəlb olunması istiqamətində iş gedir. Səadət Məmmədova deyir ki, payızdan etibarən istirahət mərkəzinə xaricdən qonaqların cəlb olunmasına başlanılacaq.

Menecer bildirdi ki, oteldə 81 nəfər çalışır. Otelin baş aşpazı ilə yanaşı menecmentlikdə çalışanların çoxu bolqarlardır. Sevda Məmmədova deyir ki, mətbəxə xüsusi diqqət göstərilir. Burada mövsümə görə menyu dəyişir. Hazırda yay fəsli olduğu üçün soyuq qidalar, yüngül yeməklər, kokteyl, sərin içkilər aktualdır. Balıq yeməkləri, desert, meyvə də müştərilərin tələbatı olan qidalar sayıldığından oteldə bu qidaların zənginliyinə xüsusi diqqət edilir.

Otel rəhbərliyi hesab edir ki, hər mövsümdə otellərin 40 faizi dolarsa, bunu artıq uğur hesab etmək olar.
Hazırda isə kottec və villaların hesabına “River İnn Resort”da mövsümü uğurlu hesab etmək mümkündür.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər