Bir neçə gün əvvəl Göygöl Milli Parkına giriş məhdudiyyəti aradan qaldırılıb. Amma... Amma əhalinin istirahəti üçün nəzərdə tutulmuş bu parkdan heç də hər kəs aidiyyatı üzrə istifadə edə bilmir. Belə ki, parka gələnlər cəmi bir həftə ərzində ərazini zibilliyə çevirib. İnsanlar özləri ilə gətirdikləri qida qalıqlarını hara gəldi atır, nə qoyulan məhdudiyyət, nə də xəbərdarlığa diqqət etmirlər.
Bir həftə ərzində Dövlət Təbiət Qoruğu Milli Parkın ərazisinin necə zibilliyə çevrilməsi mətbuat və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Bioloji müxtəlifliyin qorunması departamentinin direktor müavini Hikmət Əlizadə Publika.az-a açıqlamasında bu halların insanların təbiətə münasibəti ilə bağlı olduğunu dedi: “İnsanların təbiətə münasibətini dəyişmək üçün nazirlik heç nə edə bilməz. Mümkün olan addımlar atılıb, ərazidə məlumatlandırıcı lövhələr qoyulub, qoruq əməkdaşları əhalini istiqamətləndirir. Lakin insanlar bütün bu xəbərdarlıqlara fikir vermirlər. Təbiəti qorumaq pulla alınması mümkün olan bir şey deyil. İnsanların özləri məsuliyyətli olmalıdır. Uzun illərdir Göygölə giriş məhdudiyyəti var idi, səbəb də məhz insanların oradakı meşələri məhv etməsi və təbiətə diqqətsiz münasibəti ilə bağlı idi. Giriş məhdudiyyəti qoyulan müddətdə orada həm təbii bərpa prosesi getdi, həm də yeni ağaclar əkildi. Lakin məhdudiyyət aradan qaldırılan kimi ən bahalı maşınlarda ora istirahətə gələnlər ən ucuz hərəkətlərə yol verdilər”.
H.Əlizadə onu da bildirdi ki, nazirliyin qoruq ərazisindəki əməkdaşlarının sayı bu halların qarşısını almaq üçün yetərli deyil: “Parkın 12755 hektar sahəsi var, onun böyük bir hissəsində insanların gəzməsi, marşrut müəyyən edilib. Hər addımda zibil qabı qoymaq mümkün deyil. Zibil qabları 100-200 metrdən bir qoyulub. Lakin insanlar 100 metr gedib əlindəki zibili qutuya atmaq istəmir. Nəticədə ərazi zibilliyə çevrilir. Qarpız qabığını gölə, ya da otluq sahəyə tullayırlar. Hətta təbiətdə məhv olmayan uşaq bezlərini belə əraziyə atıb gedənlər var. Gün ərzində parka 2000-ə yaxın insan gəlir, onların hamısının arxasınca gəzmək real deyil. Üstəlik, parkın ümumi 40-45 əməkdaşı var və onların hər biri fərqli sahələrdə çalışır. Lakin biz onların hamısını cəlb etmişik ki, əraziyə müəyyən müddət nəzarət etsinlər. Hətta Bakıdan da əməkdaşlar cəlb etmişik. Giriş məhdudiyyəti yeni aradan qaldırıldığından onlar əhalini maarifləndirmək üçün nəzarət edirlər. İnsanlara girişdə davranış qaydaları barədə məlumat verilir, lövhələr quraşdırılıb. Mümkün qədər bu halların qarşısını almağa çalışırıq. Belə bir təklif də var ki, həftədə bir dəfə profilaktik gün edilsin, ərazidə təmizləmə işləri aparılsın. Lakin ictimaiyyətdən kiminsə bu problemin həlli üçün alternativ təklifi varsa, edə bilər. Bütün təkliflərə açığıq”.
H.Əlizadə onu da bildiridi ki, bu vaxta qədər park ərazisində 15 nəfər qaydaları pozduğu üçün cərimələnib: “İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 400 manat cərimə tətbiq edilib. Lakin hesab edirik ki, cərimə ilə məsələ həll olmayacaq. İnsanlar özləri bu məsələdə diqqətli olmalıdır. Bundan başqa, əməkdaşlarımız hər kəsin arxasınca gəzə bilməz”.
H.Əliyev hələ ki, pozuntuların yalnız tullantılarla bağlı olduğunu, ağaclara zərər verilmədiyini dedi. Onun sözlərinə görə, bunun əsas səbəbi ağaclara vurulan zərərə görə cərimənin daha çox olmasıdır.