Ərşad Hüseynov: "Dövlət müəyyən xərcləri müvəqqəti olaraq öz üzərinə götürə bilər"
Uzun müddət yollarda avtobus növbəsində dayanan, tıxaclardan əziyyət çəkən paytaxt sakinləri yaxın vaxtlarda bu əziyyətdən qismən də olsa qurtulacaq. Bakı-Zabrat-Sumqayıt marşrutu üzrə yeni sürət qatarı fəaliyyətə başlayacaq. Hazırda xüsusi layihə əsasında dəmir yolu xəttinin bərpası, yenidən qurulması üzrə işlər davam etdirilir.
Məlum ifadə ilə desək, "elektriçka"ların bərpası, yeni marşrut üzrə sürət qatarının istismara verilməsi Bakı və ətraf kəndlərə gedən yollarda rahatlıq yaratmaqla, bir çox problemin də aradan qaldırılması məqsədi daşıyır.
Ekspertlərin fikrincə, elektrik qatarları sərnişinlər üçün ən rahat və təhlükəsiz nəqliyyat vasitəsidir. Bu sahənin inkişaf etdirilməsi avtomobil yollarında intensivliyi azaldır, avtobus marşrutlarının azalmasına kömək edir, ekoloji vəziyyəti yaxşılaşdırır, ən əsası sərnişinlər üçün əlverişlidir.
Bakı-Zabrat-Sumqayıt elektrik qatarı xətti üzrə işlərin bir il ərzində başa çatdırılacağı, 2016-cı ildən istifadəyə veriləcəyi bildirilir. Əhalinin ixtiyarına veriləcəyinə xeyli vaxt qalsa da, elektrik qatarında gediş haqqının məbləği də çoxlarını maraqlandırır.
"Azərbaycan dəmir yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov baxılması üçün Tarif Şurasına təqdim edilən qiyməti açıqlayıb. Onun sözlərinə görə, ilkin olaraq bu məbləğ 70 qəpik müəyyənləşdirilib: "Biz idarə Tarif Şurasına qiymətlərin 70 qəpik olması barədə təklif paketi hazırlayaraq təqdim etmişik. Əlbəttə, son qərarı Tarif Şurası verəcək. Təqdim etdiyimiz qiyməti aşağı salmaq, yaxud qaldırmaq onların səlahiyyətindəndir ".
70 qəpik çoxdur, yoxsa az?
Xidmət rəhbəri biznes-klass üçün nəzərdə tutulan yerlərin qiymətinin də şura tərəfindən müəyyən ediləcəyini, bunun üçün qiyməti tənzimləyən idarəyə xususi qiymət təklifi vermədiklərini bildirib.
Mətbuat xidmətinin rəhbəri həmçinin vahid kart sisteminin bu qatarlarda da tətbiq edilib-edilmiyəcəyi fikrinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Tarif Şurasi hələlik qiymətləri müəyyən etmədiyi üçün bu kartlardan istifadə edilməsi mümkün deyil. Lakin qiymətlər müəyyənləşidirilən kimi bu kartlar ödəniş vasitəsi kimi istifadə ediləcək.
Bu il mart ayının 3-də təmirinə start verilən 63 kilometrlik dəmir yol xəttinin artıq 60 kilometrinin hazır olduğunu bildirən Nadir Əzməmmədov sərnişin keçidi üçün turniketlər quraşdırıldığını da əlavə edib.
Bildirək ki, "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.
Azərbaycanda dəmir yolu tarifləri 2011-ci ilin əvvəllərindən artırılıb və elektrik qatarları üçün 10 qəpikdən 20-30 qəpiyə çatdırılıb. Amma sonuncu qiymət dəyişikliyinin də təsərrüfatı saxlamağa imkan vermədiyi vurğulanır. Bununla belə, Tarif Şurasına təqdim edilən qiymətin 70 qəpik civarında müəyyən olunması da müsbət qarşılanmır. Çünki bu, real tarifdən 3,5 dəfə artıqdır...
"Dotasiya tətbiq olunarsa..."
Məsələyə münasibət bildirən "Digesta" hüquq firmasının rəhbəri, nəlqiyyat üzrə ekspert Ərşad Hüseynov gediş haqqı tariflərinin iqtisadi qanunauyğunluq əsasında hesablandığını deyir. Onun sözlərinə görə, sərnişindaşımada xərclərin maya dəyəri çox mürəkkəb məsələdir: "Bura işçilərin əmək haqqından tutmuş yolun istismar xərcləri, nəqliyyat vasitəsinin dəyərinə qədər bir çox xərclər daxildir. Üstəlik bu xidmət rentabelli olmalıdır, yəni müəyyən gəlir də gətirməlidir. Bu baxımdan ilkin təklif kimi 70 qəpik münasib qiymət kimi görünə bilər.
Qanunvericilikdə nəzərdə tutulmasa da, dotasiyadan da yararlanmaq olar. Belə ki, sərnişindaşıma xidmətində müəyyən xərcləri müvəqqəti olaraq dövlət öz üzərinə götürə bilər. Dotasiya ayrılsa, qiymət ucuz olar. Amma son qərar hələlik verilməyib, yəni qiymət 70 qəpikdən ucuz da ola bilər, o cür də qala bilər".
Xatırladaq ki, elektrik qatarlarının bərpası və istifadəsi ilə məsələ "Böyük Bakının Regional İnkişaf Planı" çərçivəsində dayanıqlı nəqliyyat sisteminin reallaşdırılması ilə bağlı təkliflərdə də öz əksini tapıb. Həmçinin paytaxtın və ətraf ərazilərin 2030-cu ilə qədərki inkişaf planında da yer alıb. Gələcəkdə Bakı Dəmir Yolu Vağzalında relslərin sayının azaldılması, bu vağzalın yalnız elektrik və xüsusi qatarlar üçün fəaliyyət göstərməsi nəzərdə tutulur.
İnkişaf Planında qonşu dövlətlərə də bu vasitə ilə getmək mexanizmi mövcuddur. İlkin olaraq Bakıdan İstanbula qatarla getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq.
Nadir Əzməmmədov bildirib ki, artıq bununla bağlı danışıqlar yekunlaşıb və vaqonlar sifariş olunub: "Sərnişinlər Türkiyəyə həm də qatarla sərfəli qiymətə gedə biləcəklər. Sözügedən qatarlarda sərnişinlərin rahatlığı üçün ən yüksək şərait qurulacaq. Vaqonlar Azərbaycana 2016-cı ildə gətiriləcək. Qatarlar bir mərtəbəli olacaq. Müasir standartlara uyğun bütün şəraitə malik olacaq qatarlarda "Wi-Fi" sistemilə yanaşı, bir sıra başqa yeniliklərin də olacağı istisna olunmur. Sərnişinlər Bakıdan Qarsa bir günə gedə biləcəklər. 2016-cı ildə 30 vaqon Azərbaycana gətiriləcək. Həmin vaqonlar qatar şəklində Bakı-İstanbil arasında işləyəcək. Hazırda danışıqlar davam etdirilir. Biz çalışırıq ki, bu istiqamətdə işlərimizi daha da tezləşdirək".
Yükdaşımada da yeniliklərin olacağı istisna edilmir. Nadir Əzməmmədov deyib ki, bu ilin sonuna kimi Bakı-Tbilsi-Qars xəttilə artıq yüklərin də daşınmasına başlanılacaq: "Bu istiqamətdə son tamamlama işləri aparılır. 2015-ci ilin sonlarında ilk qatarlar Türkiyə sərhədinə gedib çıxacaq. Həmçinin yeni körpünün inşası da aparılır. İşlər yekunlaşandan sonra bu dəmir yolu xətti ilə 5 və ya 6 milyon yükün daşınması nəzərdə tutulur. Sonrakı illərdə isə 15 milyona qədər yükün daşınması planlaşdırılır".
Naibə Qurbanova