22 Avqust 2015 18:38
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Komitəsi: “Buna baxmayaraq, hər il ölkədə 800-900 uşaq övladlığa verilir”

“2006-2015-ci illəri əhatə edən ”Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı"nda ailələrə verilən uşaqların sayının artması, dövlət müəssisələrində olan uşaqların və belə müəssisələrin özünün azaldılması qarşıya məqsəd qoyulmuşdu. Amma təəssüf ki, biz bu gün Dövlət Proqramının qarşıya qoyduğu məqsədə çatmamışıq".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Uşaq götürmək istəyən ailələr çoxdur

Komitə təmsilçisinin sözlərinə görə, Azərbaycan dövləti valideyn himayəsindən məhrum uşaqlara qayğı göstərir və bu işi davam etdirəcək: “Ancaq bütün dünyada uşağın ailədə böyüməsi daha müsbət qəbul olunur. Digər tərəfdən, Azərbaycanda övladlığa götürmə sahəsində yaradılan süni problemlərin birbaşa demoqrafik vəziyyətə təsiri var. Düzdür, Avropa ölkələrində olduğu kimi, bizdə bu sahədə böhran yaşanmır, əhalinin sayında artım var. Lakin uşağın ailə mühitində böyüməsi gələcəkdə onun özünün ailəyə münasibətinə müsbət təsir göstərir. Ailədə böyüyən uşaq gələcəkdə həm fiziki, həm də psixoloji baxımdan sağlam olur”.

Elgün Səfərov deyir ki, hazırda Azərbaycanda övladlığa uşaq götürmək istəyən ailələrin sayı kifayət qədərdir və onlar problemlə üzləşirlər: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da övladlığa götürmə faktı məhkəmə qərarı ilə təsdiq edilir. Biz postsovet ölkəsi, həm də kontinental hüquqi sistemə aid olduğumuza görə övladlığa götürmə ilə bağlı qərar verərkən yerli qurumların rəyi əsas hesab olunur.

Bir qayda olaraq daxili övladlığa götürmədə yerli icra hakimiyyəti orqanlarının, ölkələrarası övladlığa götürmədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsas götürülür. Ailələr yerli icra hakimiyyətlərinə müraciət edirlər. Lazım olan sənədləri yığandan sonra rəyin verilməsi gecikdirilir. Bu süni bürokratik əngəllərin qarşısının alınması məqsədilə təkmilləşdirmə işləri davam etdirilməlidir.

Bu gün yerli icra hakimiyyətində övladlığa götürmə işi ilə məşğul olan insanlar 6-7 vəzifəni paralel icra edirlər. Ona görə də nə qədər ki, yerli icra hakimiyyətlərində çalışanlar yalnız övladlığa götürmə məsələsi ilə məşğul deyillər, bu sahədə problemlər qalmaqda davam edəcək. Süni əngəllərə, problemlərə, maneələrə baxmayaraq, hər il ölkədə 800-900 övladlığa götürmə faktı qeydə alınır ki, bu da özlüyündə müsbət məqamdır".

Elgün Səfərov qeyd edib ki, bu sahədə yaranmış problemi həll etmək üçün qanunvericilik sahəsində islahatlar aparılmalıdır: “Eyni zamanda, yerli icra hakimiyyətlərində övladlığa götürmə ilə məşğul olan şəxslər bu sahə üzrə ixtisaslaşmalıdır. Bu işdə uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış xüsusi vəkillər fəaliyyət göstərməlidir. Problemdən çıxış yolu kimi, övladlığa götürmə işini bələdiyyələrə də həvalə etmək mümkündür. Məsələn, Türkiyədə bu işlə məhz bələdiyyələr məşğul olur”.

Niyə 3 yaşına qədər uşaqlar övladlığa götürülür?

Uşaq QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, Azərbaycanda ailələr daha çox azyaşlı uşaqları övladlığa götürmək istəyirlər ki, bu, müsbət hal olmaqla bərabər müəyyən problemlərə də yol açır: “Ölkəmizdə 3 yaşına qədər uşaqları övladlığa götürmək meyli güclüdür, bu yaşda isə uşaq sayı çox deyil. Nəzərə alsaq ki, uşaq üçün növbəyə duranların da sayı artıb. Hərdən sual verilir ki, uşaq evləri azyaşlı uşaqlarla doludur, bəs hansı səbəbdən həmin uşaqlar övladlığa verilmir?

Çünki bu uşaqların əksəriyyətinin sənədlərində öz valideynlərinin adları qeyd olunub. İnternat evlərinin nümunəvi əsasnaməsinə görə, valideynlər həmin uşaqlarla 6 ay müddətində ünsiyyətdə olmursa, müəssisə məhkəmələrdə həmin ata-ananın valideynlik hüququndan məhrum edilməsi barədə iddia qaldıra bilər. İnternat evləri çox zaman bu üsula əl atmadığı üçün kiçikyaşlı uşaqlar sənədlə ata-analı sayılırlar. Bizim cəmiyyətdə isə böyük uşaqları övladlığa götürmək istəmirlər. Ailələr hesab edirlər ki, kiçik yaşda götürülən uşağı özününküləşdirmək və tərbiyə etmək daha asandır. Bu, yaxşı haldır, amma bəzi fəsadları da olur.

Çünki əksər uşaq müəssisələrinə verilən körpələrin anaları düzgün hamiləlik dövrü yaşamırlar. Həmin körpə kiçik yaşda övladlığa götürüldükdə uşağın problemləri daha sonralar bilinir. Xaricidə yaşayan insanlar isə bütün bunları nəzərə alıb 15 yaşından yuxarı uşaqları övladlığa götürür".

Nazir Quliyev deyir ki, qaydalara görə, valideyn himayəsindən məhrum uşaqların ilkin ucotunu yerli icra hakimiyyətlərinin qəyyumluq şöbəsi, 3 yaşına qədər uşaqlar üzrə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə Təhsil Nazirliyi, ümumi ucotu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir: “Mən belə bir təklif vermişdim ki, bütün proseslər Dövlət Komitəsinin ixtiyarına verilsə, daha yaxşı olar. Hər halda məsələ mərkəzləşdirilər və vahid qurum tərəfindən idarə edilər. Bundan başqa, uşaqlara qayğı və diqqət bir əldə cəmləşər, maraqlar parçalanmaz”.

Övladlığa götürmə gizli saxlanılır

Hüquqşünas Müzəffər Baxışov deyir ki, övladlığa uşaq götürmək istəyən ailələr ilk növbədə ərizə ilə məhkəməyə müraciət etməlidir: “Nikah münasibətində olmayan şəxslər birlikdə övladlığa uşaq götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə və tək yaşayırsa, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.

Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda yaş fərqi qısaldıla bilər. 18 yaşına çatmış uşaqlar övladlığa verilmir. Bəzən ailələr övladlığa götürdüyü uşağın ad-familyasını dəyişdirmək istəyirlər. Buna qanun icazə verir".

Müzəffər Baxışovun sözlərinə görə, bacı-qardaş müxtəlif şəxslər tərəfindən övladlığa götürülə bilməz: “Bəzi istisnaları nəzərə almasaq, qanunvericilikdə tövsiyə olunur ki, qardaş-bacı birlikdə övladlığa götürülsün. 10 yaşına çatmış uşağın övladlığa verilməsi üçün onun razılığı vacibdir. Müvafiq ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə uşağın razılığı olmadan da aparıla bilər”.

Hüquqşünas qeyd etdi ki, övladlığa götürmə gizli saxlanılır.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər