29 May 2014 17:47
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə görkəmli alim, akademik Əhməd Mahmudovun anadan olmasının 91 illiyinə həsr edilmiş “Kənd təsərrüfatının intensivləşdirilməsinin və iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

ADAU-dan Teleqraf.com-a verilən məlumata görə, konfransı giriş sözü ilə universitetin rektoru, professor İbrahim Cəfərov açaraq Azərbaycanda iqtisad elminin formalaşmasında, inkişafında, iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, 25 il Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik etmiş Əhməd Mahmudovun xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli alim 200-ə yaxın elmi əsər, o cümlədən monoqrafiya, tədris vəsaiti, eləcə də çoxlu sayda elmi məqalələr çap etdirib. Onun iqtisadiyyat və bu sahədəki araşdırmaları nəinki respublikamızda, eləcə də dünyanın ən nüfuzlu elm mərkəzlərində yüksək qiymətləndirilib. Elmin inkişafı sahəsində mühüm xidmətlər göstərmiş alimin müəllifi olduğu kitablar, monoqrafiyalar, dərsliklər uzun illərdir ki, tələbə və müəllimlər tərəfindən dəyərli vəsait kimi istifadə edilir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək Azərbaycan elminə sanballı töhfələr verən Əhməd Mahmudovun xidmətlərindən danışıb, onun bir alim, pedaqoq kimi göstərdiyi xidmətləri yüksək dəyərləndirərək konfransın işinə uğurlar arzulayıb.

Sonra elmi-praktik konfrans öz işinə başlayıb. Konfransda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin “Azərbaycanın iqtisadi inkişaf strategiyası və iqtisad elmi” mövzusunda çıxışı dinlənildikdən sonra məruzələrə başlanılıb. Məruzələrdə bildirilib ki, 1954-cü ildən elmi fəaliyyətə başlayan Əhməd Mahmudov siyasi iqtisad, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri, kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirməsinin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi – onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində çox dəyərli tədqiqatlar aparmışdır ki, bu gün də həmin elmi-tədqiqat işləri uğurla davam etdirilir.
Sonra elmi-praktik konfrans öz işini bölmə iclaslarında davam etdirib.

BƏXTİYAR


Müəllif: