Avqustun 22-də Şabran rayonunda “Savalan” restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisə yaşanıb.
Teleqraf.com avrasiya.net-ə istinadən xəbər verir ki, restorana borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıb. Avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb.
Hüquqşünas Müzəffər Baxışov Teleqraf.com-a açıqlamasında bu cür hadisələrin Cinayət Məcəlləsinin adamları girov götürmə, yəni 215-ci maddəsi ilə cinayət sayıldığını bildirib: “Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, grov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə bildirilir ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə, iki və ya daha çox şəxs barəsində törədildikdə, tamah niyyəti ilə törədildikdə on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünas deyir ki, məclis səbəbkarlarından kiminsə restoran sahibi tərəfindən girov götürülməsi əməli tamah niyyəti ilə tövsiv olunur və Cinayət Məcəlləsinin 215.2 maddəsi ilə on ildən on iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər: “Restoran sahibi belə vəziyyətə düşməmək üçün əvvəlcədən toy sahibi ilə müqavilə bağlamalı idi və yaranmış hər hansı xoşagəlməz vəziyyətdə məhkəməyə müraciət etməli idi. Ancaq borcun qaytarılmadığı təqdirdə vətəndaşın girov götürülməsi artıq tamah məqsədilə edilmiş cinayət sayılır ki, bu zaman restoran sahibi özü məsuliyyət daşıyır”.
Naibə QURBANOVA