25 Avqust 2015 14:55
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların internet klublardan istifadəsi məsələsi vaxtaşırı gündəmə gəlir. Azyaşlı və yeniyetmələrin nəzarətsiz şəkildə bu "naməlum oken"a baş vurması narahatlıq doğurmaya bilməz. Görünür, bu məntiqdən çıxış edən millət vəkili Musa Quliyev internet klublardan uşaqların istifadə etməsinə nəzarətin gücləndirilməsi barədə təklif irəli sürüb.

Onun sözlərinə görə, internet klublardan uşaqların istifadəsinə nəzarət diqqətdə saxlanmalıdır: "Uşaqların hansı proqramla işləməsinə icazə olar, hansına olmaz - bu, klubda lövhəyə vurulub asılmaldır. Eyni zamanda, internet klublara zaman məhdudiyyəti qoyulmalıdır. Uşaq gedib 4-5 saat internet klubda oturacaqsa, təbii ki, özünə lazım olan informasiya ilə yanaşı, lazımsız informasiyalar da əldə edəcək, müxtəlif oyunlar oynayacaq. Düşünürəm ki, valideynlər bu işdə məsuliyyətli olmalı, uşaqları nəzarətdə saxlamalıdır.

Məktəb ərazisinə yaxın həndəvərdə internet klubların açılmasına da qadağa qoyulmalıdır. Məktəblə belə obyektlər arasında məsafə azı 500 metr olmalıdır ki, uşaqlar dərsdən çıxan kimi internet klublara can atmasınlar".

Tam qadağa effekt verməz

Millət vəkilinin sözlərinə görə, uşaqların internet klublara daxil olmasını tam qadağan etmək də müsbət nəticə verməz: "Bəzi evlərdə kompüter, yaxud internet yoxdur. Buna görə də uşağın lazımi informasiya əldə etməsi üçün internet kluba baş çəkməsi vacib olur. Bu mənada, internet klubların tamamilə uşaqların üzünə bağlanmasının əleyhinəyəm, amma bunun üçün vaxt limiti qoyulmalı, onlar üçün istifadə qaydaları, hüquqları, vəzifələri, məhdudiyyətlər müəyyənləşməli və həmin klublarda müvafiq bildiriş lövhələri asılmalıdır.

Prosesə valideyn və müəllimlər də nəzarət etməlidir. Sözügedən məsələ təkcə bizim yox, bütün dünyanın problemidir. Uşaqların saatlarla internet klublarda olması onlar üçün çoxlu təhdidlər yarada bilər. Zorakılıqla bağlı filmlərə, videolara, oyunlara baxması uşağın qeyri-münasib mühitdə böyüməsinə gətirib çıxara bilir, onda aqressiya, psixoloji gərginlik, yuxu pozuntusu yaradır".

Ehtiyatlı olmaq gərəkdir

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevanın münasibətini öyrəndik. Kəmalə Ağayevanın sözlərinə görə, uşaqların internet klublara gedişinə nəzarət edilməsi düzgün qərardır: "Amma bu məsələdə də ehtiyatlı olmaq gərəkdir. Qadağa həmişə çıxış yolu deyil. Uşaqların həmin ünvanlara girişi yasaqlansa, internet klubların sahibləri azyaşlıları gizli qəbul edəcək. Bu zaman daha böyük problemlər yarana bilər.

Tənəffüs zamanı şagirdlər məktəbdə olmalıdır. Amma təşkilatımızın apardığı araşdırmalar bunun əksini göstərir. Uşaqlarla söhbət zamanı bəlli olur ki, onlar nəinki tənəffüslərdə, lap elə dərsdən də qaçaraq internet kluba gedirlər".

Kəmalə Ağayeva bildirdi ki, küçədə yaşayan uşaqların əksəriyyəti internet klublarda gecələyir: "Əslində, küçə uşaqlarının hər birinin valideynlərinin məskunlaşdığı yeri var. Amma onların yaşadığı yerin şəraiti, internetin, kompüterin olmamasına görə həmin uşaqlar internetə aludəçi olurlar.

Digər tərəfdən, münaqişəli ailələrdə uşaq evə getməkdən imtina edir və qalmaq yerini internet klub olaraq seçir. Klub sahibləri də bir manat verib gecəni orda qalan uşağa yox demir. Əlbəttə, mərhəmət göstərirlər, küçə uşaqlarının orada gecələmələrinə icazə verirlər. Amma həmin uşaqların hansı serverlərə girişi var, hansı oyunlar oynayır və yaxud hansı porno-saytlara girib-girmədiklərinə nəzarət etmirlər. Yeri gəlmişkən, hesab edirəm ki, küçə uşaqlarını uşaq müəssisələrinə yerləşdirilməsi üçün tədbirlər görülməlidir".

Evi internetdən məhrum etmək çıxış yolu sayılmır

Psixoloq Vəfa Rəşidova deyir ki, yeniyetmələrə internetin zərərli tərəflərini başa salmaq çətindir: "Uşaqlara kompüterdə, telefonda oyunlar çox maraqlıdır. 10 yaşdan yuxarı uşaqların internetdən çox istifadəsi onlarda asılılıq yaradır. Bundan başqa, uyğun olmayan saytlara giriş onlarda mənfi dünyagörüş formalaşdırır".
Psixoloqun uşaqların internet klubdan istifadəsinə valideyn nəzarətini vacib sayır: "Bəzi valideynlər düşünürlər ki, evdə kompüter və internetin olması uşaqların dərslərinə daha yaxşı hazırlaşmasına mane olacaq. Amma bu, düzgün yanaşma deyil. Çünki əks halda uşaq dərslərini hazırlamaq bəhanəsi ilə internet klublara gedir, saatlarca oyun oynayır, sosial şəbəkələrdən istifadə edir. Yaxşı olar ki, evdə internet olsun və uşaqlar valideyn nəzarəti altında gün ərzində fasilələrlə internetdən istifadə etsinlər".

Dövlət Komitəsi hərəkətə keçdi

Qeyd edək ki, mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitədən bizə bildirdilər ki, artıq uşaqların internet təhlükəsizliyini təmin edən təkliflər paketi hökumətə təqdim edilib. Bu təkliflər internet klublarda uşaqlara nəzarəti təmin edəcək tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Təkliflər paketində internet-klubun administratorunun klubda uşaqların təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməsi də planlaşdırılır. Belə ki, internet klublarda uşaqlar üçün nəzərdə tutulmuş kompüterlər böyüklər üçün olan kompüterlərdən ayrı yerləşdirilməli və xüsusi filtirasiya sistemi ilə təchiz edilməlidir.
Komitənin hazırladığı sənədə əsasən, internet kluba 12 yaşından aşağı uşaqlar buraxılmamalıdır.


Müəllif:

Oxşar xəbərlər