25 Avqust 2015 15:45
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Daşkəsən rayon İH-nin başçısı Əhəd Abıyev tədbir haqqında qısa məlumat verib. O, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərindən və onun qorunmasından, ölkəmizdə hökm sürən və bütün dünyaya nümunə olan tolerantlıq mühitindən danışıb. Rayon ərazisində bütün dinlərə olan eyni, bərabər münasibət, yaradılan şərait barədə danışan Ə.Abıyev deyib ki, Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir.

ƏAbıyev əlavə edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə din-dövlət münasibətlərinin yeni istiqaməti formalaşıb, respublikamızda dini tolerantlığın daha da inkişaf etdirilməsində hüquqi baza yaranıb: “Daşkəsən rayonunda da dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilib. Milli və dini ayrıseçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılır. Hazırda Daşkəsən rayonunda bir məscid və islam təmayüllü bir dini icma fəaliyyət göstərir. Eyni zamanda rayonda 12 pir və 4 ziyarətgah var. Rayon ərazisində qanunvericiliyin tələblərinə zidd heç bir hərəkətə yol verilməyib, vəhhabilik, nurçuluq və qeyri-ənənəvi islam təriqətləri və cərəyanlarının fəaliyyəti müşahidə olunmayıb. Daşkəsən şəhər “Cümə” məscidi 2006-cı ilin sentyabr ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib. Daşkəsən şəhər “Cümə” məscidinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, məscidə ali dini təhsilli rəhbərliyin təyin olunması da təmin edilib”.

Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərindən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib.

Azərbaycanın dinamik inkişaf yolunda olduğunu vurğulayan M.Qurbanlı qeyd edib ki, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük nəticələr əldə etdiyini qeyd edirlər: “Biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni cəmiyyətin sosial-siyasi həyatında baş verən dəyişikliklər istər-istəməz digər sahələrə də öz təsirini göstərir. Biz iqtisadi sahədə keçid dövrünü arxada qoymuşuq.

Azərbaycan dünyəvi dövlətdir və müstəqilliyinin dönməzliyini tam təmin edib. Ancaq milli-mənəvi sahədə xalqımız yeni mərhələyə qədəm qoyur. Yəni biz zamanında siyasi-iqtisadi sahədə sovet totalitar sisteminin qalıqlarını ləğv etməklə bərabər, həmin dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona görə də bu proseslər paralel getməlidir. Milli-mənəvi dəyərlər sistemində müəyyən dəyişikliklərə zərurət yaranıb.

Dövlət-din münasibətləri dedikdə, biz ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını göz önünə gətiririk. Bu gün ölkədə 2050-dən çox məscid fəaliyyət göstərir. Eyni zamanda, xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir”.

Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün islam dini içərisində münaqişələr gedir. İslam dininin genişlənməsindən narahat olan qüvvələr onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar. Müxtəlif ölkələrdə islamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. İslam pərdəsi altında fəaliyyət göstərən bu radikal qruplar əslində islama qarşı yönəldilib.

Ölkəmizdə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan M.Qurbanlı onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib.

Konfransda millət vəkili Rövşən Rzayev çıxış edərək ölkəmizdə son vaxtlar dini maarifləndirmə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib, bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər