25 Avqust 2015 19:19
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bankların ümumilikdə ölkə üzrə cəmi 700 filialı olduğu halda, "Azərpoçt"un filial sayının 1600-ü keçməsi buna imkan verir

Dünya Bankı Azərbaycanın milli poçt operatoru "Azərpoçt" MMC-nin göstərdiyi maliyyə xidmətlərinin çeşidini genişləndirmək məqsədilə "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi" layihəsinin davamını istəyib. Layihə çərçivəsində "Azərpoçt" tərəfindən kreditlərin verilməsi prosesinin təşkili nəzərdə tutulur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, hazırda ölkədə poçt şöbələri vasitəsilə kreditləşmə mexanizmi hazırlanır və bu məqsədlə müvafiq təkliflər planı nəzərdən keçirilir.

Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan və Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə təsdiqlənən "İnkişaf krediti haqqında" Saziş çərçivəsində "Maliyyə xidmətlərinin inkişafı" layihəsi "Azərpoçt" MMC-nin poçt şəbəkəsində uğurla tətbiq edilib. Nəticədə "Azərpoçt" MMC-nin tabeli poçt filiallarında fiziki və hüquqi şəxslərə bank hesablarının açılması və aparılması xidmətinin göstərilməsinə başlanılıb.

Ötən ilin nəticələrinə əsasən, "Azərpoçt"un məhz bank-maliyyə xidmətlərinin göstərilməsindən əldə edilən gəliri 2 dəfə artaraq 1 milyon manatdan çox olub.

Poçtların kredit verməsini sadə dildə belə izah etmək olar - ucqarlarda yaşayan vətəndaşın heç bir banka getmədən, elə kəndində ehtiyacı üçün aşağı faizli kredit almaq imkanı olacaq. Vətəndaş poçtdakı aidiyyəti şəxslə məsləhətləşmədən sonra ödəyə biləcəyi məbləğdə kredit götürəcək. Götürdüyü kredit üzrə ödənişləri də elə öz kəndində verəcək. Yəni daha hansısa iri şəhərlərə üz tutaraq ilk dəfə gördüyü bank işçilərinə müraciət etməyə, min çətinliklə aldığı kreditə görə aylıq ödəniş üçün hər dəfə şəhərə getməyə ehtiyac qalmayacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, "Azərpoçt"un kredit verilməsinə başlaması ilə Azərbaycanın regionlarında kredit dərəcələri aşağı düşəcək: "Məsələ bundadır ki, Azərbaycanın regionlarında kreditlər Bakıya baxanda iki dəfə bahadır. Bu, regionlarda bəzi bankların inhisarçı mövqedə olması ilə bağlıdır. Elə rayon var ki, cəmi 2 bankın şöbəsi var və onlar istədikləri faizi tələb edə bilirlər. Əhali də alternativ olmadığına görə razılaşmağa məcbur olur".

Həqiqətən də kənd yerlərində əhalinin hamısının banklardan kredit almağa imkanı olmadığı barədə tez-tez məlumatlar yazılır. Lazımi şərtləri yerinə yetirə bilmədiyindən kənddə əhali sələmçilərə üz tutmalı olur. Onlar isə krediti aylıq 10 faizlə (illik 120 faizlə) verirlər. Yəni kənd əhalisi əslində krediti şəhərlilərə baxanda 5-6 dəfə yüksək faizlə alır. Sələmə 1000 manat götürmüş adam bir il ərzində 2200 manat ödəyir.

Ancaq poçtların kredit verəcəyi təqdirdə sələmçilərə də müraciətlər azalacaq.

Vüqar Bayramov hesab edir ki, əyalətlərdə bank filiallarının sayı məhdud olsa da, poçt şöbələri ölkənin ən ucqar kəndində belə var, ona görə də bölgələrdə yaşayanlar da öz kəndini tərk etmədən kredit alıb-verə biləcək. Bu da bölgələrdə aktivliyi artıracaq: "Azərpoçt"un kredit verməyə başlaması əyalətlərdə problemli kreditlərin səviyyəsini aşağı salacaq. Poçt işçiləri kənd yerində hər kəsi çox yaxşı tanıyır, kimin hansı qazanca malik olduğunu da yaxşı bilir. Ona görə də imkanı olmayan adamlara kredit verməyəcəklər. Bu isə problemli kreditlərin səviyyəsini aşağı salacaq".

Yerli ekspertlərin əksəriyyəti mikrokreditləşdirmə sahəsində "Azərpoçt"un banklara müqayisədə bir çox üstünlüklərə malik olduğunu deyirlər. Bunun da əsas səbəbi kommersiya banklarından fərqli olaraq şəbəkələşmiş poçt sisteminin olmasıdır".

Məlumdur ki, ölkədə yalnız bir neçə bankın geniş şəbəkələşməsi var, qalan banklar isə bundan məhrumdur. "Azərpoçt"da isə vəziyyət fərqlidir. Bu gün hər 5 yaşayış məntəqəsinin ən azı 2-də poçt şöbəsi var və ekspertlər hesab edir ki, bundan istifadə etmək ideyası təqdirəlayiqdir.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bankların ümumilikdə ölkə üzrə cəmi 700 filialı olduğu halda, "Azərpoçt"un filial sayı 1600-ü keçir.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər