“Pasientlərimizin arasında cəmiyyətdə tanınmış, məşhur insanlar da var. Biz onların adlarını heç zaman açıqlamırıq və bu məsələ anonim saxlanılır. Onların arasında hər təbəqədən insanlar var. Pasientlərin arasında elələri də var ki, onların çox ciddi psixoloji problemləri olur. Pasientlərimizin arasında elə məşhurlar var ki, psixoloji yox, onların hətta psixatrik müalicəyə ehtiyacları var. Onların arasında incəsənət adamları da, şou-biznes əhli də, siyasətçilər də var”. Bu barədə Trend-ə açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov deyib.
Psixoloqun sözlərinə görə, belə hallar çox olur: “Lakin mənim üçün onların kimliyinin heç bir fərqi yoxdur. Əsas odur ki, insandır və ona lazım olan dəstəyi göstəririk. Hətta bəzən televiziyada bəzi verilişlərdə qonaq olduğum zaman və ya ekranlardan izləyəndə simptonlarına əsasən görmüşəm ki, bəzi çox məşhur insanların müəyyən psixi problemləri var. Bu hal adətən özünü konkret situasiyada göstərir. Görürsən ki, uğurlar əldə etmiş məşhur adamdır, amma xarakterində elə qüsurlar var ki, müəyyən vaxtdan sonra onda nevroz və ya psixoz yarada bilər”.
Ekspertin sözlərinə görə, psixi xəstəliklərin kökündə müxtəlif faktorlar, o cümlədən, genetik faktorlar durur: "Bu faktor şizofreniya, aliqofreniya kimi xəstəliklərdə özünü daha qabarıq şəkildə göstərir. Yəni bu xəstəliklər özünü bir neçə nəsil sonra da biruzə verə bilir. Şizofreniya və digər psixi xəstəliklərin kökündə təkcə genetik faktor durmur. Onlar cəmiyyətdə qazanılmış da ola bilər. Məsələn, ailə mühiti, eləcə də ümumilikdə ətraf mühitlə bağlı məqamlar zaman-zaman şizofreniyaya gətirib çıxara bilər".
Ekspert qeyd edib ki, psixi xəstəliklərin kökündə nevroloji problemlər də dura bilər: “Belə xəstələr vaxtında müalicə almadıqda psixatrik problemlərlə üzləşirlər. Hazırda uşaqların əksəriyyəti nevroloji problemlərlə doğulur. Bu gün dünyada, o cümlədən, Azərbaycanda autizm, asberger sindromu və digər psixiatik xəstəliklər geniş yayılıb. Autizm xəstəliyi əsasən ana bətnində biokimyəvi proseslərin pozulması nəticəsində yaranır. Hamiləlik dönəmindəki gərginliklər, ailədaxili münaqişələr doğulan uşağın psixologiyasına mənfi təsir göstərir. Zamanında müdaxilə edildikdə həmin insanlar sağalır və normal şəkildə cəmiyyətə adaptasiya olunurlar. Əslində, psixi sağlamlıq dedikdə bunların kompleks həlli nəzərdə tutulur”.
E.Rüstəmovun fikrincə, psixoloji pozuntular bəzən problemsizlikdən də yaranır: “Rahat həyat yaşayan insanlar var ki, onlar psixoloji cəhətdən narahatdırlar. Məsələn, Skandinaviya ölkələri sosial baxımdan ən yüksək dərəcədə təmin olunmuş ölkələrdir. Amma bununla belə ən çox intihar halları da məhz bu ölkələrdə qeydə alınır. Yəni səbəb təkcə sosial problemlər deyil. Problemsizlik, həddən artıq rahat həyat tərzi bəzən laqeydlik, insanların bir-birinə biganə olmasına gətirib çıxarır. Bu da bəzilərinə mənfi təsir edir. İlkin mərhələdə bu, özünü depressiya formasında göstərir. Sonra insan özünə qapanır və nəhayət, intihar edir. Yəni psixi pozuntuları birbaşa sosial problemlərlə bağlamaq doğru deyil. Burada pis vərdişlər də rol oynaya bilər. Məsələn, alkoqolizm və ya narkomaniya. Şəxs sayıqlayır, qarabasmaları olur. Zaman keçdikcə bu psixiatrik problemə çevrilə bilir”.
Psixoloq hesab edir ki, ümumlikdə götürdükdə hazırda Azərbaycan cəmiyyətini sağlam hesab etmək olar: “Sadəcə, biz uzun müddət başqa ictimai-siyasi sistemdə yaşamışıq, sonra tam başqa sistemə keçmişik. Ona görə də insanların bu proseslərə öyrəşməsi üçün müəyyən vaxt lazımdır. Bu, məsələ insan faktoru ilə bağlıdır. Bizdə insanlar psixi sağlamlıqlarının qayğısına qalırlar. Bu da bizi sevindirir. Qeyd edim ki, son zamanlar psixoloq adından çəkinmə halları azalıb və onlara müraciətlərin sayı çoxalıb. Psixoloq və psixiatra müraciətləri fərqləndirmək lazımdır. Bizə müraciət edənlərin əksəriyyəti sağlam insanlardır. Sadəcə, müəyyən problemlərin həlli, gərginliyin aradan qaldırılması üçün psixoloqa müraciət edirlər. İnsanlar bu sahədə nə qədər çox diqqətli olsalar, bu, cəmiyyətin sağlamlaşmasına gətirib çıxarar. Hər bir fərd öz qeydinə qalmalıdır. Belə olanda sağlam cəmiyyətdən danışmaq olar”.