Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ad günüdür.
Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu münasibətlə sosial şəbəkədəki səhifəsində bunları yazıb:
"Mənim ona olan səmimi hisslərimi sözlə ifadə etmək olduqca çətindir: Böyük sevgi, hörmət və heyranlıq...Onun qızı olduğum üçün həmişə fəxr etmişəm. Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı daha da gözəl edir. O, qətiyyətli, qorxmazdır, yorulmur... Adətən bu sıra "cəsarətli" sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini aşılayıb. Mən hesab edirəm ki, Tanrı bu dünyaya onu öz missiyasını həyata keçirməyə - dünyada xeyirxahlığı saxlamağa göndərib.
Bizim hər birimiz öz anamızı sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi yaşından asılı olmayan övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və yaraşıqlı insanı olaraq qalır. Ad günün mübarək, ana!", - deyə Leyla Əliyeva yazıb.
Arzu Əliyeva isə Mehriban Əliyevanın fotosunu paylaşaraq üç ürək şəkli ilə sevgisini qeyd edib.
Qeyd edək ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O, yazıçı Mir Cəlal Paşayev və əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Mehriban Əliyeva Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO VƏ ISESCO-nun xoşməramlı səfiridir.
Rəqsanə Həsənova