"Yarımçıq qalmış nəğmə" kitabı haqda təəssüratlar...
Kitabını oxuduqca ayrı-ayrı epizodlar yadıma düşür...
***
Orta məktəbdə məndən iki sinif yuxarıda oxuyurdun. Sizin sinfin futbol oynamağına bütün məktəb, hətta kənd camaatı da tamaşa edərdi. Mərkəz hücumçusu idin. Rəqibin isə sinif yoldaşın Yusif idi. Ağasəfin ötürdüyü topu sərrast zərbə ilə qapıdan keçirdin. Camaatın alqışlarından Yusifin də, sənin də üzün qıpqırmızı qızardı. Gözəl futbolçu ola biləcəyini düşündüm onda. Amma olmadın…
***
Kimya və biologiya üzrə məktəbin aparıcı şagirdlərindən idin. Aydın müəllim hər dəfə bizə səni tərif edəndə deyərdim: “Müəllim, bəs bizi niyə tərif etmirsiniz?” “Sizi də iki-üç il sonra nümunə göstərəcəyəm. Hələlik siz ona qibtə etməlisiniz. Amma həsəd, paxıllıq yox ha! Qibtə!” Düşünürdüm ki, gözəl həkim olacaqsan. Amma olmadın…
***
Mötəbər məclislərin birində atandan soruşdular: “Mirzə, özündən sonra oxuyanlardan kimi savadlı hesab edirsən?” Qəribə bir cavab eşitdik: “Heyf ki, Məmmədhüseyn davam eləmədi oxumağına!”Sənin Quran oxumağın onda bəlli oldu, ondan sonra isə ağır-ağır məclislərdə moizələrinə qulaq asdıqca “Çox savadlı bir molla olacaq” deyə düşündüm. Amma, molla da olmadın…
***
Yaxşı ki, ziyalı oldun. Əsil ziyalı! Sənə rəğbətimi illər uzunu “Mirzə” müraciətimlə sanki ətrafa nümayiş etdirirdim. Camaatın da sənə belə müraciət etməsi mənə ləzzət verirdi. Elmə, alimə qiymət qoyulanda İlahinin təqdiri bəyan olur. Nəhayət, özün də bu imza ilə bir kitab ərsəyə gətirdn. Sevindim! Oxudum və dəfələrlə göz yaşlarım qələminin itiliyinin sübutu oldu…
***
Onda, deyəsən, Günel 8-ci sinifdə oxuyurdu. Sinifdəki qızlar aradabir dərsə gəlir, gələndə də heç dərsin adını belə bilmirdilər. Hamısına ucdantutma “3” yazırdıq. Bir gün mənə dedin ki, müəllim, Güneldən dərsi tələb edin, oxusa, öyrənəcək. Doğrudan da, izah elədiyim mövzuya aid sadə misalları həll elədi. Özüm də məəttəl qaldım qızın yaddaşına. “5” yazdım. Bu qiyməti sonadək saxladım. Davam eləməsə də, o buna layiq idi!
***
Bədii nümunə olmadığı üçün kitab haqqında heç bir şey demirəm. O, hamımızı sarsıdan bir hadisənin gözəl təsviridir. Cümlələrdən sənin ruhun, deyim və düşüncə tərzin, erudisiyan, dəqiqliyin, səliqən, həssaslığın, diqqətin…ən əsası isə yaddaşın bəlli olur. O vaxt inanmazdım ki, sən adamları görür və yaddaşında həkk edirsən. Halın pis idi, Mirzə! Çox pis idi! Mən çox qorxurdum! Sənə görə qorxurdum! Səhhətin üçün nigaran idim! Bu ilahi sınağa tab gətirə biləcəyimdən nigaran idim! Əlimdən isə heç nə gəlmirdi. Səni evə gətirəndə maşında səndən arxada oturaraq hey çiyinlərini, boynunu ovuşdururdum… Sənə dediyim təskinlik sözləri özümə çox cılız görünürdü! Ümumiyyətlə, onda hər şey gözümdə miskin, mənasız forma almışdı. Bircə sən var idin, daha doğrusu, nəfəs verəndə sinəndən gələn qəhərli nalə var idi! O səsə heç nə ilə şərik olmaq, azaltmaq, çoxaltmaq, müdaxilə etmək mümkün deyildi! Hamı ağlasa da, bircə sən ağlamırdın. O səs nəsə tamam başqa bir ovqatdan, başqa bir aləmdən xəbər verirdi. Çox aciz idim! Sən isə, sən demə, çox güclü imişsən. Dözdün! Yeganə çıxış yolunu tapa bildin! Həmin vaxtdan indiyə qədər artıq hər görüşəndə “Mirzə, səhhətin necədir?” sualım da, görünür böyük psixi travma almağımın nəticəsidir. Sağ ol ki, dözdün, dayandın, durdun və şükr elədin!
***
Amma necə dözdün?! Bir il danışmadın! Ən vacib anlarda bircə kəlmə ilə fikrini bildirib dodaqlarını kip qapadın. Səni dilləndirmək üçün nə hoqqalar çıxarırdım?..
Dindən, fəlsəfədən, tarixdən doğru-yalan, nə gəldi danışırdım ki, bəlkə əvvəlki kimi qoşulasan söhbətə. Cəhdlərim əbəs gedirdi. Dərs dediyin sinfin qapısı önündə ləngiyərək içəridə nə elədiyinlə maraqlanırdım. Əvvəlki tək aramla dərs izah edirdin. Tənəffüslərdə isə…Aman Allah, o bir ildə nələr çəkdik?!.. Dönə-dönə təklikdə sənə yalvarırdım ki, heç olmasa bizə yazığın gəlsin, özünü təcrid eləmə ətrafdan, bizi də nəzərə al və s. Sən demə, hər şeyin bir məqamı var imiş. O məqamın ən şirin çağı indidir…
Kitabında səni sevənlər daim səninlə həmsöhbət olacaqlar. Həmin məsum, müdhiş, mənhus…nə bilim daha neçə gün yaşadıqlarımızın ən dəqiq təsviri ilə ürəyimizə bir su çiləmisən, Mirzə!
Amma, sonda iki ricam vardır. Birincisi odur ki, bədii nümunələr yazmaqda qələmini sınayasan. Düha, təxəyyül və savad belə yazılarda daha bariz üzə çıxır.
İkincisi isə odur ki, “sən” müraciətimi qəbahət hesab etmə. Bu qəlb yaxınlığını sübut etmək üçün işlətdiyim bir priyomdur. Yoxsa, siz mənim üçün həmişə ali, alim, nəcib, dəyərlisiniz! Son illər fəaliyyət sahəmi dəyişsəm də, dünya ədəbiyyatından irihəcmli kitablar ruscadan dilimizə çevirsəm də, bu yaxınlarda birlikdə elədiyimiz söhbətdə hamıya məlum oldu ki, siz tərcümə işinin də mahir bilicisisiniz.
Bizim, xüsusən də mənim sizə çox böyük ehtiyacımız var, MİRZƏ!..
Həbib Həbiboğlu