Eyyub Hüseynov: "Mexanizm elə qurulmalıdır ki, apteklər bağlanmasın"
Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə 1057 dərman vasitəsinin qiyməti tənzimlənib. Xatırladaq ki, Tarif Şurasının bu il iyulun 30-da keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq olunub.
Tarif Şurasının avqustun 25-də keçirilən növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib.
Böyük sosial əhəmiyyəti var
Şuranın Katibliyindən bildirilib ki, ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Nəticədə 46 faiz dərmanın qiyməti 2 dəfədən çox, 24 faiz dərmanın qiyməti 3 dəfədən çox ucuzlaşıb. Bütövlükdə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.
Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib.
Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərmanların qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və ilin sonunacan əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatacaq.
Elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri bu il sentyabrın 15-dən qüvvəyə minəcək.
İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənəd (bəyannamə) qəbulu elan olunub. Son müddət bu il sentyabrın 10-dəkdir.
Dərman vasitələrinin əvvəlki və Tarif Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəlinə nəzər saldıq. 1057 dərmanın adı olan siyahıda Yunanıstan istehsallı "Lazolvan"ın mövcud pərakəndə satış qiyməti minimum 2 manat 90 qəpiyə, maksimum 4 manat idisə, təsdiq edilən pərakəndə satış qiyməti ilə 2 manat 86 qəpiyə endirilib.
Rusiya istehsallı "Bronxorus" tabletinin qiyməti isə 80 qəpikdən 60 qəpiyə düşüb.
Azərbaycan bazarında Avropa dərmanları
Hazırda Azərbaycana dərman preparatları ən çox Avropa ölkələrindən idxal olunur ki, bu siyahıya Almaniya liderlik edir. Sıralamada sonrakı yerləri İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Türkiyə tutur.
5 il öncə Azərbaycanda Asiya ölkələrinin, xüsusən Hindistan istehsalı olan dərman preparatları üstünlük təşkil edirdisə, hazırda apteklərdə Hindistan dərmanları 3,5 faizə qədərdir. Klassik dərman idxalı üzrə Rusiya da ön sıradadır, ancaq Azərbaycanın dərman bazarında Rusiya məhsulları da ildən-ilə azalır.
Bu ilin fevralında Prezident İlham Əliyev "Dərman vasitələri haqqında" qanunda dəyişikliyi nəzərdə tutan sərəncam imzaladı. Prezident çıxışlarında bir neçə dəfə ölkədə dərman preparatlarının baha olmasından narazılığını ifadə etdi, xaricdən ən ucuz, ən aşağı keyfiyyətli dərmanların alınıb baha qiymətə ölkəmizdə satılmasını böyük ədalətsizlik adlandırdı.
Dərman biznesində 20 mindən çox ticarətçi çalışır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıların maraqlarını qoruyan bu tədbir cəmiyyət tərəfindən təqdir olunur: "Müxtəlif apteklərdə dərman qiymətlərinin fərqli və yüksək olmasından cəmiyyətdə haqlı olaraq çox böyük narazılıqlar vardı. Çox yaxşı haldır ki, əhalinin narazılığını nəzərə alıb cənab Prezident bu sahəyə diqqət ayırdı".
Qurum sədri dedi ki, dərman biznesi ilə məşğul olan bəzi sahibkarlar dəfələrlə toplantı keçirib və AİB təmsilçisi kimi o, özü də müzakirələrə qatılıb: "Hazırda dərman biznesi sahəsində 20 mindən çox əczaçı və peşəkar ticarətçi çalışır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində elə mexanizm hazırlanmalıdır ki, kiçik və orta sahibkarların fəaliyyəti məhdudlaşmasın. Sahibkarlar bu sahədə biznesin daha peşəkarcasına və məqsədəuyğun təşkili, şərtlərin həm sahibkarlara, həm də istehlakçılara əlverişli və münasib olması üçün müvafiq təkliflər hazırlayıb İqtisadiyyat və Sənaye Nazirliyinə göndəriblər.
Yüksək qiymətə alınmış dərmanların taleyinin bundan sonra necə olacağı həmin sahibkarları ciddi düşündürür. Bu dərmanları dəyərindən ucuz satsalar, bu sahəyə maraq azalacaq, sahibkarlar fəaliyyətlərini dayandırmalı olacaqlar. Bu da bazarda qıtlıq yarada, nəticədə yenə qiymətlərin bahalaşmasına gətirib çıxara bilər.
Yəni qiymət tənzimlənməsinin başlıca şərti bazarda bolluğun olmasındadır. Ona görə də əczaçılar bu sahədə peşəkar fəaliyyətin təkmilləşməsi üçün maddi dəstək istəyirlər".
Keyfiyyətli dərmanların əlçatanlığı
Eyyub Hüseynov dedi ki, hazırda yüksək qiymətə alınan və dərman depolarında toplanıb qalan preparatlarla bağlı müvafiq qərar verilməlidir. Onun fikrincə, həmin dərmanlar sonradan saxtalaşdırılaraq istehlakçılara satıla bilər: "Hökumət yüksək qiymətə alınmış və anbarlarda qalan dərmanlar barədə də müvafiq qərar verməlidir. Ən əsası, dərman biznesi ilə məşğul olanların keyfiyyətli dərman istehsalçısına əlyetənliyi təmin olunmalıdır ki, ölkəyə keyfiyyətli dərmanlar gətirilsin. Bir çox apteklərin bağlanmaması, orta və kiçik biznesli apteklərin fəaliyyətində problemlərin yaranmaması üçün də tədbirlərin görülməsinə, islahatların aparılmasına ehtiyac var. Bir sözlə, mexanizm elə qurulmalıdır ki, bu ucuzlaşmadan dərman biznesmenləri də faydalansın".
Sonda qeyd edək ki, bu ilin iyununda “Nazirlər Kabineti ”Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiqi haqqında qərar qəbul edib. Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Sevil HİLALQIZI