28 Avqust 2015 17:59
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatda hamı şanslı doğulmur. Bəzi insanlar anadangəlmə, bəziləri sonradan bədbəxt hadisə, yaxud gözlənilməz qəza nəticəsində fiziki qüsurla yaşamalı olurlar. Onların bir çoxu ömrünü bədbinlik içində keçirir, düşünürlər ki, həyat bitib... Fiziki qüsurluların bəzisi depressiyaya düşür, fikir çəkir, acı yaşayır.

Halbuki həyatda həmişə və hər vəziyyətdə kam almaq, sevinc və fərəh içində yaşamaq mümkündür.
Lap elə bu qəhrəmanımız kimi. Fiziki qüsurlu olması onun həyat eşqini zərrə qədər zəiflətməyib. Gözlərinin həyat işığından məhrum olmasına baxmayaraq, toxuculuqla məşğuldur, əlinin zəhmətiylə çörəkpulu qazanır.

Onunla həmsöhbət olmaq, həyat hekayəsini dinləmək çoxdankı arzumdu. Telefonla danışdıq. Dedi, hər gün Sabunçu rayonundan Nərimanov parkına gəlir. Görüş vaxtın dəqiqləşdirdik və ünvana yollandım.
Mən parka daxil olanda skamyada əyləşib şərf toxuyurdu.

Daha o ümidlə yaşamır...

Elçin Abbasov 1982-ci ildə Lerik rayonunda anadan olub. Gözlərində problem uşaq çağında yaranıb: “Altı yaşacan zəif də olsa, görürdüm. Altı yaşımdan gözlərimin işığı sönməyə başladı, görmə qabiliyyətindən tam məhrum oldum. Valideynlərim məni Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna gətirdilər. Həkimlər müayinə edib bildirdilər ki, gözümün Moskvada, Ukraynada müalicəsi var. Ailəmin məni xaricə aparmağa imkanı yoxuydu. Onda heç olmasa, bir gözümün görməsi üçün əməliyyat eləməli oldular.

Əməliyyatdan sonra rayonda həyətdə oynayanda yıxıldım, əməliyyat olunmuş gözüm zədələndi, beləcə, həyat işığından birdəfəlik məhrum oldum. Çünki daha gözümün müalicəsi üçün şəhərə gəlməyə pulumuz yox idi.

İllər sonra, daha doğrusu, 2007-ci ildə yenidən Göz Xəstəlikləri İnstitutuna gəldim, ancaq daha geciydi. Həkimlər bildirdilər ki, görmə qabiliyyətimin bərpası qeyri-mümkündü. Bununla bütün ümidlərə son qoydum. Daha düşünmürdüm ki, nə vaxtsa, dünyanın harasındasa gözümün müalicəsi tapılar. Daha bir ümidin yoxa çıxmasına dözümüm qalmamışdı. Yaşadığım həyatla barışmalı oldum".

Müsahibim deyir ki, bu acıların heç biri içindəki həyat eşqinin söndürməyib, əksinə, dünyaya sevgi onun öz ayaqları üstə dayanmasına kömək edib: “Məncə, hər insanın məşğuliyyəti olmalıdır. Onda ömür daha rahat və qayğısız keçir. Xeyli vaxtdır toxuculuqla məşğulam. 11 yaşım olanda bacılarım toxumağa başladılar. Öz işlərini mənə danışırdılar, mən də həvəs göstərirdim. Xahiş etdim ki, bu sənəti mənə də öyrətsinlər. Sözümü yerə salmadılar.

Çox adam buna qadın peşəsi kimi baxır, amma bu, düzgün deyil. Əslində toxuculuq elə bir peşədir ki, görmə qabiliyyəti olmayan adama xeyli çətin gələ bilər. Mənsə elə bir çətinliklə üzləşmədim. Uzun illər bu işlə məşğul olduğum üçün hər şey mənə adiləşib. Mən iynəni belə, heç kəsin köməyi olmadan özüm saplaya bilirəm".

“Paltarsız adam kimi qaçıb gizlənirdim”

Elçin Abbasov deyir ki, uşaq olanda valideynləri onu cəmiyyətə çıxarmaq istəmirlərmiş: “Özüm də cəmiyyətdən kənar olmağa meyilliydim. Salam verən adamdan da utanırdım. Hətta evə qonaq gələndə, küçədən bir adam keçəndə ”paltarsız adam" kimi qaçıb gizlənməyə çalışırdım. Öz-özümə düşünürdüm ki, gözdən əliləm, yararsız adamam, axı mən kimə lazımam?

İntihar etmək də istəyim də olub. Götür-qoy eləyib qərara gəldim ki, bu, normal hal deyil. Mən ölsəm, doğmalarım gözüyaşlı qalacaq. Əgər mən iynəni saplaya bilirəmsə, niyə də yaşamayım? Dəfələrlə anamın məndən ötrü gözyaşı tökdüyünü hiss edirdim.

Bir dəfə soruşdum ki, ana, nə üçün mənə görə ağlayırsan? Camaat ölən əzizi üçün ağlayır. Əgər sən ağlayırsansa deməli, mən ölmüş kimiyəm. Dedim, kimsənin köməyi olmadan mən öz həyatımı yaşaya bilərəm. Anam mənimlə qürur hiss duydu və qayıtdı ki, bundan sonra sənin üçün yox, özüm üçün ağlayaram..."

Həmsöhbətim ötən il “Sağlamlıq” Gənclər üçün Reabilitasiya Mərkəzinə gedib və altı ay orda qalıb. Mərkəzdə xalçaçılıq kursuna yazılıb və bu sənəti büsbütün öyrənib: “Toxuma ilə yanaşı, muncuqlardan güllər düzəltməyi də öyrəndim. Orada bəzi fiziki qüsurlu uşaqların qəmginliyinə şahid olurdum və onlara deyirdim ki, görünüşcə sağlam olan insanın da qəlbində bir nisgil olur. Əlil olmaq gözə çarpan bir şeydir. Əslində, bütün insanlar həyatsevərliyi və zəhmətkeşliyi ilə seçilir.

Düzdür, gözdən əlilliyi heç kimə rəva görmürəm. Amma məni kimi fiziki qüsurlu insanlara səslənirəm ki, Allah gözümüzdən işığı alıbsa, qəlbimizdən işığı almasın. Yəni yaşamağa dəyər. Gözdən əlil yaşamaq çətin ola bilər, amma indi dərk edirəm ki, gözü açıq, qəlbi kor olmaq ən böyük şikəstlikdir. Allah heç kimə onu qismət eləməsin".

Marşrutun nömrəsini demirlər...

Elçin Abbasovun sözlərinə görə, toxuduqlarını mağazaya qoymur, özü satır: “Qışda əl işlərim çox tez satılır. Yayda da işlər pis getmir. Hər gün şərf, corab sata bilirəm. Gün olur 5 manat, gün də olur 20 manat qazancım olur. Mən bütün günümü bu parkda keçirirəm. İctimai yerdir, toxuduğum əşyaları sata bilirəm. Malları münasib qiymətə verirəm. Corabları 5 manata deyirəm, elə olur, endirim istəyirlər, 4 manata verirəm, gedir.

Elə adam da olur, şərf toxuyuram, 15 manat qiymət deyirəm, amma 20 manat verirlər. Bütün günü burada otursam, 3 cüt corab toxuya bilərəm. Toxumağıma öncə yaddaşım böyük kömək edir. Əlimdə ilmələrin tərs, yaxud düz olduğunu hissiyyatımla bilirəm. İlk başlayanda ilmələri sayıram. Sapları marketlərdən alıram. Rəngləri özüm deyirəm, satıcılar kömək edirlər".

Uzun zamandır Sabunçuda kirayə qalan həmsöhbətim deyir ki, istədiyi yerə marşrutla sərbəst gedib-gələ bilir: “Bəzən adamlardan marşrutu soruşuram, yardım etmirlər. Düzdür, heç kimin mənə kömək etmək borcu yoxdur. Amma insanların kiməsə yardım göstərdiyini eşitdikdə sevinirəm”.

“10 illik sevgimi qəlbimdə saxlayıram”

Elçin Abbasov sevdiyi qıza qovuşa bilməməsindən də danışdı: “Bir qızı 10 il sevdim. Onun fiziki qüsuru yox idi. Bir-birimizi sevirdik. Xoşbəxtliyimi onunla birgə təsəvvür edirdim. Elçi göndərdim, ailədə yalnız qardaşı görmə problemim olduğu üçün etiraz elədi. Qardaşı razılıq verməyəndə qız da pis oldu, amma onun sözündən çıxmadı. Sonra ailə qurdu, bildiyimə görə, xoşbəxtdir. Mən də 10 illik sevgimi qəlbimdə saxlayıram, onun xoşbəxt olmasına sevinirəm”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər