Bakıda nəqliyyat sıxlığını və tıxacları azaltmaq üçün yeni dərs ilindən etibarən orta məktəblərdə və universitetlərdə dərs vaxtının dəyişdirilməsi üçün Yol Hərəkəti Təhlükəsizlik Komissiyası və Təhsil Nazirliyi Nazirlər Kabinetinə təkliflər verib.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, təkliflərə görə, ali təhsil müəssisələrində dərs qrafiki saat 8-də və 10-da, orta təhsil müəssisələrində isə saat 8-də və 9-da başlanacaq.
Qeyd edək ki, söhbət şəhərin ən sıx ərazilərindəki təhsil müəssisələrindən gedir. Sülhəddin Gözəlov deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin, “İçərişəhər” metrosunun ətrafında bir neçə ali və orta təhsil müəssisəsi var ki, o məktəblərin iş qrafiklərində diferensasiyalaşma aparılıb.
Yolları şagirdlər yükləyir...
Eyni zamanda, nəqliyyat üzrə ekspert olan Sülhəddin Gözəlovun sözlərinə görə, bu təkliflərdə həm sərnişinlərin mənafeyi nəzərə alınır, həm də nəqliyyat vasitələrinin hərəkətini müəyyən qədər asanlaşdırmaq məqsədi güdülür.
Nazirlik rəsmisi deyib ki, orta məktəblərdə yuxarı siniflərlə ibtidai siniflərin fərqli saatlarda dərsə başlaması da təklif olunub: “Yuxarı siniflərin daha erkən, yəni saat 8-də, ibtidai siniflərin isə əksinə, 8-50 və ya 9-da dərsə gəlməsi məsləhət görülür. Vaxtın sürüşməsi, eyni zamanda, təhsil müəssisələrinə gələnlərin sayının azalmasına təsir edəcək ki, bu da yollarda hərəkətin sıxlığını azaldacaq”.
Nazirlər Kabinetinin müvafiq qərarından sonra yeni dərs rejiminin tətbiqi gözlənilir.
Qeyd edək ki, paytaxtın bəzi məktəblərində dərslər saat 08.00 və 08.30-da başlayır, regionlarda isə dərslərə 08.30, 09.00-dan start verilir. Bu ilin yanvarından Naxçıvan Muxtar Respublikasında məktəblərdə dərslərin başlanma vaxtı bütün məktəblərdə eyni zamana - saat 09:00-a dəyişdirildi.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın bildirdiyinə görə, təhsil ictimaiyyəti ilə sıx əlaqədə olan qeyri-hökumət təşkilatının təmsilçisi kimi valideynlər ona müraciət edib dərs vaxtının dəyişdirilməsi təklifindən narahatlıq ifadə ediblər.
Valideynlər bildiriblər ki, əhaliyə aid məsələ ilə bağlı qərar qəbulundan öncə ictimai müzakirəyə ehtiyac var: “Bu qayda heç olmasa bir təcrübə olaraq bir və ya bir neçə məktəbdə tətbiq olunaydı, ictimai rəy öyrəniləydi, sonra qərar verilərdi. Qəflətən belə bir dəyişiklik ehtimalı valideynlərdə çaşqınlıq yaradıb”.
Mərkəz sədri dedi ki, iş vaxtı 08.30-da və daha erkən başlayan valideynlər ibtidai sinifdə təhsil alan övladını saat 09.00-da məktəbə gətirməyə görə vaxt uyğunsuzluğundan narazıdır: “Valideynin işi səhər saat 8-də başlayırsa, o, ibtidai sinifdə oxuyan uşağını bir saat hara və kimə tapşırmalıdır? Bunun qarı-qışı var, bir saat öncə uşağı məktəbin həyətinə buraxacaq?
Digər tərəfdən, valideyn var bir uşağını I, birini V, birini də VII sinfə aparır və öz iş qrafikini övladlarının dərs vaxtına uyğunlaşdırıb. Müxtəlif vaxtda valideyn üç uşağı məktəbə gətirmək üçün iki dəfə gəlməlidir".
Tıxacı ictimai nəqliyyat yox, fərdi avtomobillər yaradır
İradə Yaqubova Təhsil Nazirliyinin valideynlərə ünvanlandığı tövsiyəyə də diqqət çəkdi: “Nazirlikdən tövsiyə olunur ki, valideynlər övladlarını məktəbə ictimai nəqliyyatda gətirsinlər. Yaxşı tövsiyədir. Çünki yolda tıxacı ilk növbədə ictimai nəqliyyat yox, fərdi avtomobillər yaradır. Valideyn uşağı məktəbə öz avtomobilində gətirəndə maşını məktəbin qarşısında saxlayır, uşağını sinfə qoyub, geri qayıdır. Bəzən elə vəziyyət yaranır ki, 2-3 cərgədə dayanmış avtomobil yolu bütünlükdə tutur, nəqliyyatın hərəkəti iflic vəziyyətə gəlir.
Amma valideyn vaxta qənaət etmək üçün ictimai nəqliyyatdan imtina etməli olur. Övladını məktəbə ictimai nəqliyyatda aparıb, sonra yenidən evə qayıdıb, öz avtomobili ilə iş getsə, nə qədər vaxt itkisi meydana çıxar. Odur ki, daha optimal çıxış yolu tapılmalıdır.
Yaxşı olardı, xüsusən şəhərin mərkəzindəki məktəblərin qarşısı xüsusi nəzarətdə saxlansın, məktəbin qarşısına avtomobil park olunmasın, bunun üçün qadağa nişanları, cərimələrin tətbiqi tıxac problemini səngidə bilər".
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, belə bir qərar paytaxt yollarının darlığı, problemli olması ilə əlaqədardır. Onun fikrincə, plansız tikililər yol infrastrukturunu bərbad hala salmasa, şəhərsalmanın tikinti normalarına düzgün riayət olunsa, yol infrastrukturu normallaşar və dərs vaxtının qrafikində dəyişiklərə ehtiyac qalmaz.
Eyni məktəbdə “müxtəlif vaxt” valideynə sərf etmir
Ekspert vaxt dəyişiyi ilə bağlı bəzi məsələlərə önəm verməyi məsləhət bilir: “Eyni məktəbdə müxtəlif vaxtların müəyyənləşməsi valideynlər üçün əlverişli deyil və bu əksinə problemləri dərinləşdirəcək. Uşağın biri 1-ci, digəri 5-ci sinifdə oxuyursa, dərslər eyni vaxtda başlamasa, valideyn məktəbə iki dəfə gəlməli olacaq.
Amma yaxşı olar dərsə başlama vaxtı eyni məktəbin sinifləri arasında fərqləndirilməsin, müxtəlif məktəblər arasında fərqlənsin. Məsələn, “İçərişəhər” metrosunun ətrafında 5 məktəb varsa, vaxt qrafiki bu məktəblərin ikisində 8-də, ikisində 08.30-da, digərində 09.00-da, yaxud ali məktəblərdə 09.30-da başlasa, hər məktəbə müvafiq vaxt müəyyənləşdirilsə, bu, daha əlverişli olar.
Bir məktəbdə müxtəlif vaxtının təyin olunması problemi həll etmək əvəzinə, bir az da artıracaq".
Birincilərin dərsə gec başlaması münasibdir
Psixoloq Təhminə Çələbi isə bildirir ki, vaxta adaptasiya prosesi insanlarda fərdi və yaş kateqoriyalarına görə fərqli olduğu üçün aşağı yaş qruplarında dərslərin bir saat gec başlaması məqsədəuyğundur.
Onun fikrincə, 6-7 yaşlı uşaqlar üçün beyinin açıq olan vaxtı 2, maksimum 3 saat olur ki, bu da yuxudan dərhal oyandırda baş vermir: “Birincilərin beyni 2-3 saat açıq olur ki, özünə müəyyən informasiya götürsün. Müəyyən müddətdən sonra uşağın beyni ona əylənmək, hərəkət etmək əmri verir. Amma çox təəssüf ki, bizdə uşaqlar aşağı siniflərdən başlayaraq dərsdən əlavə repetitor yanına cəlb olunur, hətta tənəffüslərdə də dərs proqramını çatdırmaq üçün bəzən onlara dərs keçilir. Bu zaman uşağın dərketmə qabiliyyətində problemlər yaranmağa başlayır.
Odur ki, azyaşlılarda dərs yüklənməsi olmamalıdır və onlara stabil qrafik müəyyənləşməlidir. Əks təqdirdə bu, uşaqlarda diqqətsizlik yaradır. Fikrimcə, azyaşlılar üçün dərslərin nisbətən gec başlaması daha münasibdir. Çünki yuxulu vəziyyətdə beyin aktiv olmur və qavrama gecikir. Uşaqlar ən azı yuxudan 1 saat sonra fəallaşmağa başlayırlar".
Psixoloqun sözlərinə görə, şagird, tələbə dərs rejiminə həmişə alışdığı vaxtda başlasa, beyni daha artıq informasiya qəbul edər: “Yay, qış vaxtına keçid zamanı, yaxud vaxtla bağlı bu cür xüsusi qərarların tətbiq olunduğu müddətdə vaxta adaptasiya prosesi bəzi insanlarda gec getdiyindən onlarda stress, əsəb, qıcıq, aqressivlik yaradır”.
Təhminə Çələbi valideynlərə övladlarını dərslər başlamamışdan öncə vaxta adaptasiya etməyi məsləhət görür: “Xüsusən birinci siniflər üçün bu, vacibdir. Uşaq var 3 ay məktəbə ağlaya-ağlaya gedib-gəlir, onda ciddi psixoloji sarsıntı yaranır, mühitə, vaxta gec uyğunlaşır, uşaq da var 1-2 saata. Odur ki, valideynlər öz övladlarının fərdi xüsusiyyətlərini dəqiq öyrənməlidirlər”.
Sevil Hilalqızı