Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda qazıntılar zamanı yeni qəbirlər aşkar edilib.
"Report" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov nekropolda e.ə. XII-XI əsrlərə aid 5 torpaq qəbirin açıldığını bildirib.
Onun sözlərinə görə, qəbirlərdən üçü qədim dövrdə talan edilib, ikisi isə salamatdır. "Ölülər başı qərb, ayaqları isə şərq istiqamətə olmaqla, sağ və ya sol yanı üstə bükülü vəziyyətdə dəfn olunub. Skletlərin ətrafında 20-dək müxtəlif tip keramika nümunələri var. Saxsı qablardan birinin üzərində səkkizguşəli ulduzu xatırladan naxış diqqəti cəlb edir", - deyə o bildirib.
Qeyd edək ki , “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək e.ə. XII-XI əsrlərə aid 32 torpaq qəbir açılıb. Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun yüksək inkişafını göstərir.