30 May 2014 11:07
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasının növbəti iclası keçirilib. ADİU-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, iclasda 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub və şura üzvləri hazırlıq prosesini məqbul hesab ediblər.

ADİU-nun rektoru Ədalət Muradov imtahanların şəffaf keçirilməsi məqsədi ilə prorektorların universitetin aryı-ayrı korpuslarına təhkim olunması haqda göstəriş verib. Rektor yay sessiyasında şəffaflığın təmin edilməsi məqsədi ilə universitetdə yaradılan “Qaynar xətt”in səmərəliliyinin daha da artırılması üçün məlumat xarakterli bukletlərin hazırlandığını bildirib. İclasda həmçinin 2013/2014-cü tədris ilində ADİU-da keyfiyyətli idarəetmə sisteminin tətbiqi haqqında qərar qəbul edilib. Rektor keyfiyyətli idarəetmə sisteminin təşkili ilə bağlı orta müddətli inkişaf strategiyasının üzərində iş aparıldığını bildirib. Ə.Muradov sənəd layihəsinin sentyabr ayına qədər hazır olacağını əlavə edib.

Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib. Elmi Şura üzvləri “Sabah” qruplarının və “Sabah” mərkəzinin yaradılması haqqında, eyni zamanda hüquq şöbəsinin əsasnaməsini də qəbul ediblər. “Universitet əməkdaşlarına və təhsil alanlarına birdəfəlik maddi yardım verilməsi haqqında əsasnamə” təsdiqlənib. Layihənin məqsədi müəllim və tələbələrin sosial təminatının yaxşılaşdırılmasıdır. İclasda həmçinin “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin nizamnaməsi də qəbul edilib. Rektor universitet daxilində “Ağsaqqallar şurası”nın yaradılması təklifi ilə çıxış edib və şura üzvləri təklifi dəstəkləyiblər.

İclasda həmçinin Ə.Muradov fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib. Rektor auditoriyalarda mobil telefonlardan istifadənin qadağan olunacağını da bildirib.


Müəllif: