Azərbaycanda səfərdə olan İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullah Şeyx Hüseyn Nuri Həmədani sentyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müşayiəti ilə Gəncəyə gəlib.
AZƏRTAC xəbər verir ki, Gəncə ilə ilk tanışlığa dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsindən başlayan İranın din xadimi şairin məzarını ziyarət edib, ruhuna dualar oxuyub. Hüseyn Nuri Həmədaniyə məlumat verilib ki, şairin 870 illiyi ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində məqbərənin sahəsi genişləndirilərək burada yenidənqurma işləri aparılıb. Habelə Nizami muzeyi inşa edilərək, dünya şöhrətli şairin dövrünü əks etdirən guşələr yaradılıb.
İranın din xadimi və onu müşayiət edən nümayəndə heyətinin üzvləri məqbərə önündə xatirə şəkli çəkdirdikdən sonra XVII əsr Şah Abbas cümə məscidinə gəliblər. Məscidlə yaxından tanış olan qonağa burada Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan təmir-bərpa işləri barədə ətraflı məlumat verilib. Hüseyn Nuri Həmədani məsciddə axşam namazı qılıb.
Sentyabrın 3-də iranlı din xadimi İmamzadə dini-memarlıq kompleksinə gedəcək, yenidən qurulan kompleksdə görülən işlərlə tanış olacaq və burada beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin məzarını ziyarət edəcək.