4 Sentyabr 2015 13:42
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı var ki, təlimdən təlimə tapşırıqlar mürəkkəbləşdirilsin, çətinləşdirilsin və pilotlarımız maksimum dərəcə ağır əməliyyatları həyata keçirməyə hazır olsunlar. Cənab Ali Baş Komandanın əmri olarsa, Azərbaycan Hərbi Hava Qüvvələri düşmənin istənilən döyüş nöqtəsini hər an, elə bu dəqiqə məhv etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin idarə rəisi, polkovnik Elçin Axundov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” adı altında Azərbaycanda birgə keçirilən taktiki təlimləri barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, “TurAz Qartalı-2015” birgə taktiki təlimləri çərçivəsində Bakı, Kürdəmir və Yevlax aerodromlarından uçuşlar həyata keçirilir. Təlimlərə 200-dən çox şəxsi heyət, 60-dan artıq pilot cəlb olunub. Ümumilikdə təlimlərdə hər iki ölkənin hərbi hava qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri cəlb olunub.

Polkovnik E.Axundov bildirib ki, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir: “Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri yüksək səviyyədə davam edir. Bu, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən sayca 3-cü birgə təlimdir. Bu təlimlər böyük əhəmiyyət daşıyır. Məqsəd iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətini təmin etmək, təcrübə qazanmaqdır. Hazırda əsas məqsədimiz pilotların birgə fəaliyyətinin uzlaşdırılmasıdır. Çünki bizim təyyarələrimiz və istifadə etdiyimiz taktikalar fərqlidir. Biri keçmiş Sovet, digəri isə NATO taktikası ilə hərəkət edir. Sovet və NATO təyyarələrində elektronika, sürət və hündürlük ölçmə, naviqasiya sistemləri, hətta pilotların öyrədilməsi metodu da fərqlidir. Lakin təlimlər zamanı ortaq öyrətmə metodundan istifadə olunur. İlk təlimlərlə müqayisədə hər iki ölkənin pilotları çox şeylər öyrənib, təcrübə qazanıblar. Türkiyə piotları Azərbaycana, Azərbaycan piotları isə Türkiyəyə məxsus təyyarə və helikopterlərdə uçuşlar həyata keçirirlər. Pilotların qarşılıqlı anlaşmasında heç bir problem yoxdur, tapşırıqları dəqiq yerinə yetirirlər”.

Polkovnik E.Axundov bildirib ki, hələlik atışlar həyata keçirilmir. Ərazi ilə tanışlıq həyata keçirilir. Atışlar növbəti gələn həftə həyata keçiriləcək və təlimlərin axırınadək davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib. Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb və hava hədəfləri izlənməyə götürülüb. Təlimin əsas mərhələsində S-125 tipli zenit raket komplekslərinin döyüş və texniki heyətinin bacarığı və məharəti nəticəsində döyüş atışlı zərbələrlə hava məkanını pozan şərti düşmənin imitasiya hədəfləri dərhal məhv edilib.


Müəllif:

Oxşar xəbərlər